İKT sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

“Huawei” şirkəti Bakı Limanı ilə əməkdaşlığa dəvət olunub.İqtisadiyyat naziri Şahin Mustafayevin iyulun 7-də Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə keçirdiyi görüşdə İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edilib.Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edilib ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülüb. Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası üzrə keçirilən Yüksək Səviyyəli Beynəlxalq Forum çərçivəsində Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, İKT sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə əməkdaşlıq edilə bilər. “Huawei” şirkətinin Naxçıvanda fiziki cəhətdən qüsurlu insanlara “elektron təhsil” sistemi hədiyyə etməsini yüksək qiymətləndirib, Bakı Ələt Ticarət Limanında görülmüş işlər barədə məlumat verərək, şirkəti burada yaradılmış əlverişli vergi və gömrük rejimindən yararlanmaqla əməkdaşlığa dəvət edib.“Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən Hou Tao İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan şirkətin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, “Huawei” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.xeber100.com

İyul 7, 2017 1:55

“Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlim təşkil edilib

"PAŞA Həyat" sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində "Sığorta və sığorta mədəniyyəti" mövzusunda növbəti – 100-cü təlimini təşkil edib.Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a bildiriblər ki, müxtəlif universitetlərdən 40-a yaxın tələbənin iştirak etdiyi təlimdə təlimçi Pərviz Quliyev tərəfindən tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar verib. Təlim zamanı tələbələrə həyat sığortası ilə bağlı müvafiq suallar verilib. Düzgün cavab verən tələbələr "PAŞA Həyat"ın xüsusi hədiyyələri ilə mükafatlandırılıb.Təlimin sonunda şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev "Sığorta və sığorta mədəniyyəti" mövzusunda keçirilən təlimin ölkənin sığorta bazarında ən uzunmüddətli təlim layihəsi kimi qeyd edib: "Sözügedən təlimə 2013-cü ilin iyul ayından start verilib. Artıq 4 ildir ki bu təlim davam edir. İndiyədək 2500-ə yaxın tələbə bizim təlimlərdən yararlanıb. Danılmazdır ki, "Sığorta və sığorta mədəniyyəti" mövzusunda keçirilən təlim Azərbaycan sığorta bazarında ən uzunmüddətli təlim layihəsidir. Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin, sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda, cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır".xeber100.com  

İyul 7, 2017 1:47

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

“Bakı Metropoliteni” QSC iyul ayının 10-dan qatarların yay qrafiki ilə hərəkət edəcək.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a açıqlamasında deyib.O bildirib ki, qatarlar arasında interval pik saatlarda 2,5 dəqiqə, qalan vaxtlarda, əsasən, 3 dəqiqə olacaq. Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.N.Paşayevin sözlərinə görə, yay qrafikinə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Pik saatlarda “Həzi Aslanov” metro stansiyasından “28 May” metro stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək.“Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, “28 May” metro stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” metro stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar pik saatlarda 5 dəqiqə, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir. Qeyd edək ki, pik saatlarda hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq”, - deyə N.Paşayev vurğulayıb.xeber100.com

İyul 7, 2017 12:31