“Kapital Bank”ın reytinqi təsdiq edilib

"Moody's Investor Service" Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq "Kapital Bank"ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.Bankdan Azərtac-a bildiriblər ki, bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1", yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə "Ba3" səviyyəsində təsdiqlənərək dəyişilməz olaraq saxlanılıb. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2 (cr)", qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime (cr)" səviyyəsində təsdiq edilib. Hesabatda, həmçinin qeyd olunur ki, "Kapital Bank"ın gəlirliliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir."Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində "Kapital Bank" mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və bu il yanvarın 1-dək bankın kapital yetərliliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə "Kapital Bank"ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir", - deyə hesabatda qeyd olunur.Qeyd edək ki, "Kapital Bank" 2016-cı ildə maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafına nail olub. Bankın aktivləri il ərzində 53,3 faiz artaraq 3,1 milyard manat, müştərilərə verilən kreditlər 9,1 faiz artaraq 1,3 milyard manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30 faiz artaraq 593,6 milyon manat olub. Bankın xalis mənfəəti 52,4 milyon manat, nizamnamə kapitalı 185,8 milyon manat, məcmu kapitalı 282,1 milyon manat təşkil edib.xeber100.com  

İyul 26, 2017 2:37

OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası keçiriləcək

Bu gün OPEC ölkələrinin, habelə bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin (OPEC+) Sankt-Peterburqda iclası başlanır. İclasda Saziş iştirakçılarının üzərinə götürdükləri öhdəliklər, habelə “qara qızıl” bazarında vəziyyət müzakirə ediləcək.Sazişin icrasını, həmçinin nazirlər komitəsi ölkələrinin ekspertlərindən ibarət texniki komitə izləyir. Komitə hər ay toplaşır. Texniki komitənin budəfəki görüşü iyulun 22-də Sankt-Peterburqda keçirilib və səkkiz saat davam edib. OPEC+ ekspertlərinin iclası Liviya və Nigeriyada nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Bu ölkələr, Sazişin şərtlərinə görə, neft hasilatının azaldılması öhdəliyindən azad ediliblər və son vaxtlar istehsal həcmini fəal artırırlar, nəticədə “Brent” markalı neftin bir barrelinin qiyməti iyul ayında 45 dollardan aşağı olub.“Nigeriya və Liviya əməkdaşlığa çox həvəsli idi. Onlar bizə bütün rəqəmləri, neft istehsalında öz planlarını, rastlaşdıqları bütün çətinlikləri təqdim etmişdilər. Onların cəhd etdiyi məqsədli göstəricilər bütün bu çətinliklərə uyğun gəlir... OPEC təşkilatın üzv ölkələri ilə həmrəydir. Biz bu iki ölkənin bütün çətinliklərin öhdəsindən gələrək bazara qayıdacağını səbirsizliklə gözləyirik. Çünki onların hasil etdiyi hər barrel lazım olacaq”, - deyə OPEC-in baş katibi Mohammed Barkindo jurnalistlərə müsahibəsində bildirib.OPEC ölkələri 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ölkəmiz üçün bu göstərici sutkada 35 min barreldir. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.Sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya Federasiyası daxildir.Sazişin icrasını, həmçinin Yüksək Səviyyəli Komitəyə daxil olan ölkələrin ekspertləri izləyirlər. Ayda bir dəfə toplaşan bu komitənin iclaslarında OPEC-in baş katibi Mohammed Barkindo da iştirak edir.xeber100.com

İyul 24, 2017 2:44