Əməkdaşlıq imkanları müzakirə olunub

Mayın 19-da Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində Fransa nümayəndə heyətinin tərkibində iştirak edən bu ölkənin regional kənd təsərrüfatı müşaviri Nikola Perrən ilə görüşüb.Nazirlikdən Azərtac-a bildiriblər ki, görüşdə Fransa ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.Nazir müavini Azərbaycan ilə Fransa arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.Kənd Təsərrüfatı Nazirliyinin Fransanın heyvandarlıq sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdıran İlham Quliyev bildirib ki, Avropadan Azərbaycana “Aqrolizinq” ASC-nin xətti ilə yüksək məhsuldar heyvan cinsləri gətirilir. Bu məqsədlə fransız şirkətləri də Azərbaycanda keçirilən tenderlərdə iştirak edə bilərlər. Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzində törədici heyvanların toxumlarının cins mənsubiyyətini müəyyən edən laboratoriyanın qurulması nəzərdə tutulur. Laboratoriyanın müasir avadanlıqlarla təchizatında Fransa şirkətlərinin də iştirakı məqsədəuyğundur.Nazir müavini toxumçuluq sahəsində də Fransa ilə əməkdaşlığı vacib hesab edib və nazirliyin kənd təsərrüfatı sahəsində Fransa ilə hərtərəfli əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.xeber100.com  

May 20, 2017 8:13

Nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakının yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.Azərtac xəbər verir ki, bu sözləri mayın 20-də keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.Qeyd olunub ki, həmin gün Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq. Həmin ərazilərdən istifadə edən sürücülər Aeroport istiqamətinə getmək üçün Balaxanı yolundan, yaxud da Zığ yolundan istifadə etməklə aeroport yoluna çıxa bilərlər.Tamaşaçılar bağlanış mərasimini izləmək üçün Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər.M.Ağayev nəzərə çatdırıb ki, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə tamaşaçılar (saat 17-00-dən 20.00-dək) 3 ekspress xətti üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra da tamaşaçılar ekspress xətt üzrə 3 istiqamətə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq.Eyni zamanda bağlanış mərasimi zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması ödənişsiz olacaq. “Taksilərin isə Olimpiya Stadionuna yaxınlaşmasına icazə verilməyəcək və həmin ərazidə tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün də parklanmaya icazə verilmir. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan istifadə etməlidirlər”.xeber100.com

May 20, 2017 7:50

Trans-Anadolu qaz boru kəməri şirkəti müqavilə imzalayıb

Beynəlxalq İnsan Resursları İnkişaf Korporasiyası (IHRDC) Trans-Anadolu qaz boru kəməri (TANAP) şirkəti müqavilə imzalayıb.Azərtac IHRDC-yə istinadla xəbər verir ki, on aylıq müqavilə çərçivəsində qurum TANAP üzrə çalışan işçilərə təlimlər keçəcək. Bu təlimlər TANAP-ın insan kapitalı inkişaf proqramı və kadrların idarə olunması strategiyasının əsas komponentini təşkil edəcək. IHRDC TANAP-ın əməliyyat tələblərinə uyğun üstün çıxış yollarını da müəyyənləşdirəcək.Qeyd edək ki, TANAP boru kəməri ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 80 faizi görülüb. Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, 1 ədəd ana xətt və 1 ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi həyata keçirilir. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər isə 48 düym diametrində yerüstü boru kəməri, iki ədəd ölçmə stansiyası və 36 düym diametrindəki qoşa boru xəttindən ibarət olan Dardanel boğazından keçən sualtı hissədir. Faza-1 üzrə işlərin 45 faizi tamamlanıb. Bununla da, TANAP layihəsi çərçivəsində Faza-0 və Faza-1 üzrə bütün işlərin 70 faizi icra edilib.xeber100.com

May 20, 2017 7:46