Yaponiya və Azərbaycanın sahibkarları əməkdaşlığı müzakirə ediblər

Bakıda səfərdə olan yaponiyalı qadın sahibkarlar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri ilə görüşüblər. Görüşdə birgə əməkdaşlıq perspektivləri, qarşılıqlı ticarət və təcrübə mübadiləsi, Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlığa töhfə verilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. AQSİA-dan Azərtac-a bildirilib ki, Yaponiyanın “Organic Halal VKSARA” kosmetik brendinin sahibi, iş xanımı Yumiko Nakano səfərin məqsədindən söz açıb. O deyib ki, Yaponiyada istehsal edilən ətriyyat məhsullarını Azərbaycan bazarında tanıtmaq məqsədilə Bakıya təşrif buyurublar: “Təkcə Azərbaycanda deyil, ölkənizin vasitəsilə məhsullarımızı türk və islam dövlətlərinə də idxal etmək niyyətindəyik. Bakıda mərkəzi ofis yaratmaq və regional satışlarımızı məhz buradan idarə etmək niyyətimiz var”. Azərbaycan və Yaponiya arasında iqtisadi və ticari münasibətlərin inkişafının vacibliyindən bəhs edən AQSİA sədri bu xüsusda yapon iş xanımlarının ölkəmizə səfərini yüksək qiymətləndirib: “Bakı səfərinizin nəticələrinə nəzər yetirdikdə görürük ki, kifayət qədər məhsuldar görüşlər keçirilib. Bu, bir daha əminliklə söyləməyə əsas verir ki, sizin səfərinizlə Azərbaycan və Yaponiyanın xanım sahibkarları arasında uğurlu əməkdaşlığın təməli qoyulub. Əminəm ki, qarşılıqlı və faydalı işbirliyinə nail olacağıq”.xeber100.com  

Aprel 7, 2022 10:14

Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində Milli Federasiyaların “Rocket League” üzrə Avropa Çempionatında iştirakla bağlı qeydiyyatı başa çatıb.Məlumat üçün bildiririk ki, “TEKNOFEST Azərbaycan” Festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.RİNN-dən Azərtac-a bildirilib ki, Azərbaycan da daxil olmaqla Avropanın 25 ölkəsindən kiber atletlər “Rocket League” və “Tekken” yarışları üzrə paytaxtımızda bir araya gələcəklər.Sözügedən çempionat zamanı Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 27 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdə olacaq.“Tekken” yarışması üzrə Azərbaycan, Bosniya və Herseqovina, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Litva, Lüksemburq, Makedoniya, Malta, Monako, Monteneqro, Niderland, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 25 kiber atlet mübarizəyə qoşulacaq.“Rocket League” üzrə isə Azərbaycan, Gürcüstan, İsrail, Macarıstan, Lüksemburq, Monako, Monteneqro, Niderland, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək.xeber100.com  

Aprel 6, 2022 3:13