Martın 21-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün Pakistana səfəri çərçivəsində bu ölkənin müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Zubeyda Cəlal ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Elnur Məmmədov bu ilin iyununda Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini bildirib. Azərbaycan ilə Pakistanın səmimi münasibətlərindən bəhs edən nazir müavini əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə aparılan işlər, xüsusilə, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, birgə işçi qruplarının iclasları və birbaşa uçuşların əhəmiyyəti diqqətə çatdırılıb.Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Zubeyda Cəlal 2021-ci ildə keçirilmiş Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası ilə bağlı Azərbaycana səfər etdiyini xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan – Pakistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.Həmin gün Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.Görüş zamanı Azərbaycan – İndoneziya münasibətlərindən söz açan Elnur Məmmədov 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib. O, ikitərəfli münasibətlərin bütün sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.xebver100.com