Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına əsasən…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 6-da keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Əmlaklar barədə elanlar və ətraflı məlumatlar komitənin özəlləşdirmə portalında (privatization.az) və rəsmi internet səhifəsində yerləşdirilib. Komitədən Azərtac-a bildirilib ki, hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilməli və əmlakın satış qiymətinin 10 faizi məbləğində beh elektron və bank vasitəsilə ödənilməlidir. Elektron sifariş hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Hərraca çıxarılan 50 kiçik dövlət müəssisəsi və obyektlərindən 14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi, Pirallahı rayonları, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri, habelə, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad və digər rayonlarda yerləşir. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə hamısı Bakıda yerləşir.xeber100.com

Noyabr 7, 2016 2:07

İqtisadiyyat Nazirliyinin müraciəti…

İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə ixracatçıların vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı müəyyən edilib. 2017-ci il fevralın 26-dan martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “GULFOOD” ərzaq sərgisində maksimum 30 şirkət, martın 19-dan 21-dək Almaniyanın Düsseldorf şəhərində keçirilən “PROWEIN” şərab sərgisində 15 şirkət, sentyabrın 11-dən 14-dək Moskva şəhərində keçiriləcək “WORLDFOOD” ərzaq sərgisində 50 şirkət, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” ərzaq sərgisində 30 şirkət, noyabrın 10-dan 12-dək Honqkonqda “HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgisində 20 şirkət iştirak edəcək.xeber100.com

Noyabr 5, 2016 4:38