Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Noyabrın 3-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib. Azərtac xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə əsasən “Tütün və tütün məmulatı haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirə olunacağını deyib. Bildirilib ki, “Tütün və tütün məmulatı haqqında” Qanunda edilən dəyişikliyə əsasən, sənədə 20.1.5-ci maddə əlavə edilir. Yeni maddədə bildirilir ki, tütün və tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi qadağandır. Qanunun 20.2-ci maddəsi isə yeni redaksiyada verilir. Həmin maddədə deyilir: “Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır”. Qanun layihəsinə əsasən, sənədə, həmçinin “Tütün və tütün məmulatlarının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər” məzmununda 20.3-cü maddə əlavə edilir. “Çayçılıq haqqında” Qanunda edilən dəyişikliyə görə isə sənədin 17.3-cü maddəsindəki “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz olunur. Müzakirələr zamanı deputatlar qanunlarda edilən dəyişikliklərin əhəmiyyətini qeyd ediblər. Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Noyabr 3, 2016 11:35

Tələbə Təqaüd Proqramı çərçivəsində…

“Azercell” tələbələri Təqaüd Proqramında iştirak etməyə dəvət edir. “Azercell Telekom” MMC-nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd Proqramı çərçivəsində ölkəmizin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər. “Azercel”dən Azərtac-a bildirilib ki, şirkətin əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Tələbə Təqaüd Proqramı haqqında məlumatlandırıblar. Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Tələbə Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər. Proqramın əsas məqsədi yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.xeber100.com

Noyabr 2, 2016 2:03

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib

Noyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib. Azərtac xəbər verir ki, budəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla bir səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, eləcə də bir nəqliyyat vasitəsi özəlləşdirilib. Bu hərrac da, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib. Bildirilib ki, hərraca çıxarılmış və özəlləşdirilmiş hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlaklardır. Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan “Pirallahı Çörək” Səhmdar Cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir. Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.Növbəti belə hərrac noyabrın 8-də keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılacaq.xeber100.com

Noyabr 1, 2016 11:47

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatı…

Noyabrın 1-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, oktyabrın 31-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbuletmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Noyabrın 1-dən etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları poçt şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Nazirlikdən Azərtac-a bildilib ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq. Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari il dekabrın 1-dən keçiləcək və analoq yayım dayandırılacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”inə zəng etmək olar.xeber100.com

Noyabr 1, 2016 11:42

“Moody’s”in eskpertlərinin fikrincə…

“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə artırıb. Bankdan Azərtac-a verilən məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib. Bu reytinq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Azərbaycan hökumətinin banka dəstəyindən sonra “ABB-Moskva”nın getdikcə güclənən mövqeyi ilə bağlı “Moody's”in rəyini əks etdirir. Bu ilin ikinci rübündə “ABB-Moskva”nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70 faiz genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, sentyabrın 1-nə “Bazel III” normativləri üzrə “ABB-Moskva”nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4 faiz və müvafiq olaraq 8,3 faiz artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir. “Moody's”in eskpertləri ümid edir ki, Azərbaycan Beynəlxalq Bankının kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq “ABB Moskva”nın reytinqi daha da yüksələ bilər.xeber100.com

Noyabr 1, 2016 11:38