Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclar tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə keçirilir. Komitədən Azərtac-a bildirilib ki, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac sentyabrın 27-də keçirilib. Əvvəlki hərraclarda olduğu kimi, bu dəfə də dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında keçirilən hərracları da canlı şəkildə izləyə biliblər. Növbəti hərracda, ümumilikdə, 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30 faizlik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz, Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aiddir. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.xeber100.com  

Sentyabr 27, 2016 1:36

“Silk Way West Airlines” şirkətinin məlumatına görə…

“Silk Way West Airlines” şirkəti Bakı və ABŞ-ın ən böyük nəqliyyat qovşağı – Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa yük hava əlaqəsi açıb. “Silk Way West Airlines” şirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan O'Hare Beynəlxalq Hava Limanına ilk reys sentyabrın 18-də yerinə yetirilib. Cari ilin oktyabr ayından başlayaraq “Silk Way West Airlines” şirkətinin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri “Boeing 747-8F Freighter” təyyarəsi ilə yerinə yetiriləcək. Beləliklə, aviaşirkət Amerika Birləşmiş Ştatlarının yük daşımaları bazarında iştirakını daha da genişləndirəcək. Qeyd edək ki, 2016-cı il aprelin 6-da Azərbaycan və ABŞ hökumətləri iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən "Open Skies" hava nəqliyyatı haqqında Saziş imzalayıb. “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.xeber100.com    

Sentyabr 23, 2016 1:56