“Silk Way West Airlines” şirkətinin məlumatına görə…

“Silk Way West Airlines” şirkəti Bakı və ABŞ-ın ən böyük nəqliyyat qovşağı – Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa yük hava əlaqəsi açıb. “Silk Way West Airlines” şirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan O'Hare Beynəlxalq Hava Limanına ilk reys sentyabrın 18-də yerinə yetirilib. Cari ilin oktyabr ayından başlayaraq “Silk Way West Airlines” şirkətinin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri “Boeing 747-8F Freighter” təyyarəsi ilə yerinə yetiriləcək. Beləliklə, aviaşirkət Amerika Birləşmiş Ştatlarının yük daşımaları bazarında iştirakını daha da genişləndirəcək. Qeyd edək ki, 2016-cı il aprelin 6-da Azərbaycan və ABŞ hökumətləri iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən "Open Skies" hava nəqliyyatı haqqında Saziş imzalayıb. “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.xeber100.com    

Sentyabr 23, 2016 1:56

Dövlət Neft Fondunun təşkilatçılığı ilə…

Sentyabrın 20-21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilir. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparıcı suveren və pensiya fondlarının, eləcə də investisiya idarəetmə şirkətlərinin təmsilçiləri Bakıda toplanaraq maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə edirlər.Tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak edir. İştirakçılar arasında dövlət maliyyə qurumları – “CDC International Capital” (Fransa), Dubay İnvestisiya Korporasiyası (Birləşmiş Ərəb Əmirlikləri), Dövlət İnvestisiya Fondu (Səudiyyə Ərəbistanı), Hindistan Milli İnvestisiya və İnfrastruktur Fondu, Hollandiya Pensiya Fondu (APG), İpək Yolu Fondu (Çin), İthmar Kapital (əvvəlki Mərakeş Turizm İnkişaf Fondu), Koreya İdxal-İxrac Bankı, Koreya İnvestisiya Korporasiyası, Qətər İnvestisiya Qurumu, Qazaxıstan Milli Bankının Milli İnvestisiya Korporasiyası, Nigeriya Suveren İnvestisiya Fondu, Rusiya Birbaşa İnvestisiya Fondu, Rusiya-Çin İnvestisiya Fondu, “Samruk-Kazyna” (Qazaxıstan), beynəlxalq maliyyə qurumları – Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, dünyanın qabaqcıl özəl maliyyə qurumları – “Carlyle Group” (ABŞ), “Citigroup” (ABŞ), Keppel Korporasiyası (Sinqapur), Neuberger Berman (ABŞ) və “Partners Group”un (ABŞ) nümayəndələri var.xeber100.com

Sentyabr 21, 2016 11:18

Hesablama Palatasının növbəti iclası…

Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. Palatadan Azərtac-a bildiriblər ki, kollegiya iclasında həyata keçirilmiş dövlət büdcəsindən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin yerli xərclərindən Qaradağ Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. Hesablama Palatasının kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi, eyni zamanda, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şəki kəndindəki nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib. İclasda digər audit tədbirləri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. Kollegiya bir neçə nəzarət tədbirləri ilə proqramlara da dəyişiklik edib.xeber100.com

Sentyabr 20, 2016 11:55