Sahibkarlar üçün maarifləndirmə tədbirləri təşkil ediləcək

İqtisadiyyat Nazirliyi Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələrinin idarəedici təşkilatı və orada fəaliyyət göstərən sahibkarlar üçün təlimlər və digər maarifləndirmə tədbirləri təşkil edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sentyabr ayında başlayacaq təlimlər nazirliyin müvafiq şöbələrinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçiriləcək. Təlimlərdə sənaye parklarının və məhəllələrinin idarəedici təşkilatları və sahibkarlar özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, investisiya təşviqi mexanizminin tətbiqi qaydaları, lisenziyalaşdırma sahəsində həyata keçirilmiş islahatlar, sahibkarlara elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə olunması və digər mövzularda məlumatlandırılacaq. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və məhəllələri xüsusi rol oynayır. Artıq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir, Neftçala Sənaye Məhəlləsində istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Mingəçevir Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sənaye parklarının və məhəllələrinin rezidentlərinin sayı da gündən-günə artır.xeber100.com

Avqust 26, 2016 12:30

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən…

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telekommunikasiya sahəsində apardığı islahatların nəticəsi olaraq, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) cari il sentyabrın 1-dən etibarən internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlayır. Nazirlikdən Azərtac-a bildirilib ki, bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq. Belə ki, əvvəllər istifadəçilər göstərilən xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranırdı. Bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınırdılar. Nəticədə abunəçiyə göstərilən xidmət dayandırılırdı. İndi isə, “öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq. Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təqdim etdiyi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları üzrə onlayn və ödəmə terminalları vasitəsilə ödəniş etmək mümkündür.xeber100.com

Avqust 25, 2016 11:27

Azərbaycan Banklar Assosiasiyasının məlumatına əsasən…

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" Ekspert Qrupu "PayPal" sisteminin pərakəndə satışla məşğul olan şəxslər üçün yeni imkanlar açacaq funksiyasının Azərbaycanda işə salınmasına yönəlik danışıqlara başlayıb. Azərtac ABA-ya istinadla xəbər verir ki, Ekspert Qrupu "Receive Enabled" adlanan funksiyanın Azərbaycanda aktivləşdirilməsi üçün görülməli olan işlərlə bağlı "PayPal" şirkətinin regional rəhbərliyi ilə müzakirə aparıb. "PayPal"ın xarici ölkələrdə fəaliyyət metodları müzakirə edilib və Azərbaycanda bu xidmətin aktivləşdirilməsi üçün görülməli işlər barədə ilkin məlumat əldə edilib. Qeyd edək ki, beynəlxalq alış-veriş saytlarında (ebay, Alibaba, Amazon və s.) ödənişlərin həyata keçirilməsi zamanı təhlükəsizliyinə görə üstünlük verilən sistemlərdən biri "PayPal"dır. Amma bu sistem Azərbaycanda "bir istiqamətli" işləyir. Yəni, sözügedən alış-veriş şəbəkələrində biz yalnız məhsulun aldığımız zaman ödəniş etmək üçün "PayPal"dan istifadə edə bilirik. Başqa sözlə, yerli satıcılar bu alış-veriş saytlarında "PayPal" üzərindən ödəniş qəbul edə bilmirlər. Məsələn, Azərbaycandakı satıcı hər hansı malı internet vasitəsilə satır və xaricdəki müştəri malın dəyərini təhlükəsizlik məqsədilə "PayPal" üzərindən ödəyir. Bu zaman ödəniş satıcının "PayPal" hesabına düşsə də, onu yerli bankdakı hesaba keçirmək və istifadə etmək mümkün olmur.xeber100.com

Avqust 22, 2016 11:22