“Ödəniş kartlarının emissiyası və istifadə qaydaları”…

Mərkəzi Banka yeni səlahiyyət verilib. Apa-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı, ötürülməsi, klirinqi emitent, yerli kart təşkilatı və ya beynəlxalq kart təşkilatları (“VISA INC.”, “MasterCard Incorporated”, “UnionPay International”, “American Express Company”, “DISCOVER FINANCIAL SERVICES”, “JCB Co., Ltd.”) tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən, bundan sonra kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Mərkəzi Bankı tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik Mərkəzi Bank tərəfindən Kart Ödənişləri üzrə Milli Şəbəkənin yaradılması ilə bağlıdır. Kart Ödənişləri üzrə Milli Şəbəkə çərçivəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılıb və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək. Bu, ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.xeber100.com

İyul 22, 2016 3:51

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması

Dövlət Statistika Komitəsinin nümayəndələri "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində iyulun 17-dən 23-dək Niderland Statistika Bürosunun təlimlərinə qatılıblar. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlimlərdə Dövlət Statistika Komitəsinin sosial statistika şöbəsinin müdiri Elçin Hacı, əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və komitənin iki əməkdaşı iştirak edirlər. Əsas məqsəd Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi (ESSPROS) metodologiyası ilə tanışlıq və bu sistemin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsidir. Niderlandlı mütəxəssislər tərəfindən Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi metodologiyasının mahiyyəti, sistemin əsasları və Milli Hesablarla əlaqəsi izah ediləcək. Həmçinin ESSPROS-un modulları, əsasən də pensiya modulu haqqında ətraflı fikir mübadiləsi aparılmaqla üstünlükləri haqqında məlumat veriləcək. Sistemin qurulması üçün zəruri məlumatların toplanması üsulları və məlumat mənbələri haqqında müzakirələr də aparılacaq. Bundan əlavə səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Görüşlərdə Dövlət Statistika Komitəsinin nümayəndələrinin Azərbaycanda əlillik statistikasının strukturu, əldə olunan məlumatlar, onların mənbələri, məlumatların toplanması üsulları haqqında təqdimatları dinləniləcək. Bu sahə üzrə mövcud vəziyyət, məlumatlara olan zərurət, qarşıya çıxan problemlər və onların həlli üsulları da müzakirə ediləcək.xeber100.com

İyul 22, 2016 12:01