“Farnborough Airshow–2016” çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə razılaşmalar əldə edilib

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow-2016" beynəlxalq aerokosmik salonunda iştirak edib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və sair kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb. "Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükü məsələsi müzakirə olunub. Eyni zamanda, görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib. Həmin gün "Ukrayna aviatikinti şirkəti" Korporasiyasının şura rəhbəri Mixail Qvozdev və "Antonov" dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda “Аn-178” nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib. Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti C.Əsgərov və "İlyuşin Finans Ko." şirkətinin baş direktoru Aleksandr Rubtsov arasında “МC-21” təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni “МС-21” orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalamışlar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub. Görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan “Аn-124-100” (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb. C.Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni “Silk Way Holding”in prezidenti Zaur Axundov və "İlyuşin Finans Ko." şirkətinin baş direktoru Aleksandr Rubtsov imzalayıblar. "Аn-124-100” təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk", - deyə C.Əsgərov bildirib.xeber100.com

İyul 13, 2016 10:20

Azərbaycan-BMT Tərəfdaşlıq Çərçivə sənədinin imzalanması mərasimi baş tutub

Bu gün Bakıda Azərbaycan-BMT Tərəfdaşlıq Çərçivə sənədinin imzalanması mərasimi baş tutub. "Apa-Economics" xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıb. Tərəfdaşlıq Çərçivə sənədi "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində nəzərdə tutulan milli məqsədlərə müvafiq olaraq 2016-2020-ci il müddətinə imzalanıb. Sənədin əsasını 2030-cu il üçün davamlı inkişaf gündəliyi təşkil edəcək və bununla da davamlı inkişaf məqsədləri təsbit olunacaq. Ş. Mustafayev qeyd edib ki, sənəd hazırlanarkən milli və beynəlxalq tərəfdaşlar, elm və ictimaiyyət nümayəndələri ilə sıx əməkdaşlıq qurularaq strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələr keçirilib. "Çərçivə sənədi aşağıdakı iqtisadiyyatın şaxələndirilməsi, layiqli əməyi özündə ehtiva edən dayanıqlı iqtisadi inkişafın təşviqi, institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər, ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması kimi strateji fəaliyyət sahələrini əhatə edir. Konsepsiyada müasir çağırışlara cavab olaraq qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadi səmərəliliyin və rəqabətqabiliyyətliliyinin artırılması vəzifələri məqsəd kimi qoyulub", - deyə nazir qeyd edib. M. İshaqzainin sözlərinə görə, imzalanan sənəd təxminən 2 il ərzində Azərbaycan hökuməti və BMT sistemində təmsil olunan qurumlar arasında aparılan sıx məsləhətləşmələr və müzakirələrin nəticəsidir: "Tərəfdaşlıq sənədinin əsas məqsədi milli inkişaf gündəliyinə dəstək verməkdən ibarətdir. Bu sənəd Azərbaycan üçün çox taleyüklü zamanda imzalanır. Çünki hal-hazırda Azərbaycan hökuməti iqtisadi islahatlar və şaxələndirmə üçün müvafiq yol xəritəsi hazırlayır. BMT Azərbaycanın yanındadır və bu proseslərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq".xeber100.com

İyul 12, 2016 10:34