Beynəlxalq Sığorta Forumu keçiriləcək

İyunun 23-24-də Bakıda VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) keçiriləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək forumda dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsinin iştirakı gözlənilir. Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək forumda Azərbaycanın və regionun sığorta bazarı üçün aktual mövzular – "Nəzarət mexanizmləri: Meqa requlyator və ya klassik requlyator", "Azərbaycan sığorta bazarının yeni reallıqları – nəzarət orqanının baxışları və proqnozları", "Regionda makroiqtisadi tendensiyalar və onların sığorta bazarına təsiri", "Hazırki mühitdə sığorta bazarının inkişafı üzrə prioritet istiqamətlər və yeni nəzarət üsulları", "Hazırki reallıqda Azərbaycan və regionun sığorta bazarının inkişafı üçün yeni həllər", "Sığorta tənzimlənməsində və nəzarətində yeni yanaşmalar" kimi mövzular müzakirə olunacaq. Tədbirdə təkrarsığorta mövzusu da diqqət mərkəzində olacaq, "Təkrarsığortaya yeni baxış", "Regionda böhran şəraitində təkrarsığorta həlləri", "Təkrarsığorta bazarının qlobal tendensiyaları" və digər mövzular üzrə müzakirələr aparılacaq. İştirakçılar kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfat sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələləri də nəzərdən keçirəcəklər. Forumda, həmçinin avtomobil sığortası, bu sahədə zərərlərin qiymətləndirilməsi üzrə tariflər və sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olacaq. "AIIF-2016"da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası, bank sığortası, bu sahədə banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə müzakirələr, təqdimatlar və çıxışlar nəzərdə tutulur.xeber100.com

İyun 12, 2016 5:34

“Risklərin vahid mərkəzdən idarə edilməsi”…

Büdcə daxilolmalarının artırılması, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, Vergilər Nazirliyinin bütün struktur vahidləri və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər olunması məqsədilə bir sıra effektiv tədbirlər həyata keçirilir. Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, vergi ödəyicilərinin risk meyarları üzrə qiymətləndirilməsi və vahid mərkəzdən idarə edilməsi məqsədilə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində “Risklərin vahid mərkəzdən idarə edilməsi” alətinin tətbiqinə başlanılıb. “Risklərin idarə edilməsi” aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunmasını, mövcud risklərin daha dəqiq qiymətləndirilməsini və vergi potensialının düzgün dəyərləndirilməsini təmin edir. Həmin alət istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidənyayınma halının dəqiqliklə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımından düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir. Bununla da, vergidən yayınan hər bir vergi ödəyicinin vergi nəzarəti tədbirlərindən kənarda qalması hallarının aradan qaldırılması, habelə heç bir risk meyarına əsaslanmayan vergi nəzarəti tədbirlərinin keçirilməsinin qarşısı alınmış olacaq. “Risklərin idarə edilməsi” aləti vasitəsi ilə aşkar edilmiş risk üzrə, ilk növbədə, onun dürüstlüyü qiymətləndirilməklə, mövcud potensial vergitutma baxımından dəyərləndirilir. Bundan sonra, aşkar edilmiş vergidənyayınma halının növünə uyğun olaraq 3 növ (kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri) vergi nəzarəti tədbirindən biri seçilir və onun icrası avtomatik olaraq həmin alət vasitəsi ilə qeydiyyat prinsipi nəzərə alınmaqla müvafiq vergi orqanına həvalə edilir. Bu alət vasitəsilə aşkarlanmış elə risklər mövcud ola bilər ki, vergidənyayınma halının vergi ödəyicisinin ilkin sənədləri əsasında yoxlanılması zərurəti yaransın. Bu halda səyyar vergi yoxlamasının təyin edilməsi məqsədə müvafiq hesab olunur. Eyni zamanda, həmin alət vasitəsilə hər hansı bir vergi ödəyicisinin dövriyyəsinin biznes ölçüsü və yerləşdiyi məkan nəzərə alınmaqla analoji fəaliyyətlə məşğul olan ödəyici ilə müqayisədə kəskin fərqləndiyi aşkar edilərsə, həmin tip vergidənyayınma halları ilə əlaqədar xronometraj metodu ilə müşahidələr aparıla bilər. Vergi nəzarəti tədbirlərinin təyin edilməsi “Risklərin idarə edilməsi” aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcək. Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə nəticəsində vergidənyayınma ehtimalı olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaq. “Risklərin idarə edilməsi” aləti vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün səmərəli mexanizm olaraq, təyin ediləcək vergi yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə edilməsinə, vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar olunmasına imkan verəcək.xeber100.com

İyun 12, 2016 5:27

“Şimal-Cənub” dəhlizi çərçivəsində görülən işlər müzakirə edilib

Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İran yol və şəhərsalma nazirinin  müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Apa-ya verdiyi məlumata görə, görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 20 aprel 2016-cı ildə Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonrakı vəziyyət, Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin tikintisi eyni zamanda İran tərəfdə görülən işlər   müzakirə olunub. C. Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəmcma uyğun olaraq işlər davam etdirilir. İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin  müavini və İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Ə. Nurzadın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini söyləyib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.xeber100.com

İyun 10, 2016 4:09

“Akkreditasiyanın müasir iqtisadiyyatda rolu”…

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 9 iyun - Dünya Akkreditasiya gününə həsr olunmuş “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu” mövzusunda tədbirdə bu sahənin aktuallığı müzakirə olunub. Azərtac  xəbər verir ki, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd edib. Sabiq Abdullayev ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturunun daha da təkmilləşdiyini deyib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti yarandığı müddətdən etibarən xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən onlarla orqan, inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub. Nəzərə çatdırılıb ki, qısa müddət ərzində akkreditasiya sahəsində əldə edilən uğurlardan biri də 2012-ci ildə komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya edilib. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamətində işlər aparılır. Tədbirdə iştirak edən natiqlər son illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu barədə məlumat veriblər. Bildirilib ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirildiyini vurğulayan məruzəçilər gələcəkdə də istehlakçıların hüquqlarının etibarlı qorunması istiqamətində islahatlar aparılacağını vurğulayıblar.xeber100.com

İyun 9, 2016 12:41