“Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

İyunun 1-də Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə “Startap Azərbaycan 2016”nın yekun təqdimatı və “Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, 2012-ci ildən fəaliyyət göstərən layihənin məqsədi milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, startap günlərinin və investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bu il müsabiqəyə 45 startap layihəsi müraciət etsə də, qaydalara uyğun olan 20 layihə müsabiqəyə buraxılıb. İkimərhələli qiymətləndirmə keçirilib. Qaliblər 10 yarımfinalçı startap arasından seçilib. Bu il həyata keçirilən Startap Azərbaycan tədbirləri çərçivəsində Gəncə Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevirdə tələbə-gənclərlə görüşlər keçirilib, informasiya texnologiyalarının İnkişafına Dəstək Fondu ilə birgə ölkənin startap ekosistem iştirakçılarının birgə toplantısı təşkil olunub, müsabiqəyə qatılan startap komandaları üçün təlimlər təşkil olunub və mentorlarla görüşlər keçirilib. Sonra “Startap Azərbaycan – 2016” layihəsinin yekunları və müsabiqənin nəticələri ilə bağlı təqdimatlar olub. Startap Azərbaycan müsabiqəsinin finalçılarına mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

İyun 1, 2016 3:08

Yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşaası nəzərdə tutulub

Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. ASC  xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü piyada keçidləri inşa olunacaq. Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq. Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. İlkin olaraq 7 bu cür yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür. Bu aşağıdakı ərazilərdir: Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 27 və 27,8-ci km-i ( Ceyranbatan qəsəbəsi ); Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i ( Sulutəpə qəsəbəsi ); Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i; Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi; Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi. Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı ( orta dayaqlı ), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq. “Xırdalan qəbirstanlığı” yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı ( orta dayaqsız ), metal konstruksiyalı və üstü açıq olacaq. Fiziki qüsurli insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaqlar. “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı ( orta dayaqlı ) və üstü bağlı olacaq. Burda isə fiziki qüsurli insanların hərəkəti üçün xüsusi platformalar ( elevator ) quraşdırılacaq. Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşaası nəzərdə tutulub.

İyun 1, 2016 12:02

2016-cı il üçün planlaşdırılmış sosial layihələr reallaşdırılır

Azərbaycanın iqtisadi siyasətinin təməlində yalnız nefti satıb ondan əldə olunan gəlirlərdən bəhrələnmək praktikası dayanmır. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib. Ə.Həsənovun sözlərinə görə, Azərbaycan ilk neft pulları daxil olan təxminən 2003-cü ildən başlayaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və Azərbaycan əhalisinin bütün potensialından ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində istifadə olunur: "2008-ci ildən dünyada yaşanan maliyyə böhranı, neft qiymətlərinin kəskin şəkildə 3 dəfə aşağı düşməsi Azərbaycanı təxminən 2014-cü ildə yaxaladı. Amma buna qədər hakimiyyət lazımi tədbirləri görmüşdü. Əvvəla neftdən gələn pullar Azərbaycanda səmərəli şəkildə iqtisadiyyata yatırılmışdı. Baxın, Azərbaycanda bu gün nə qədər sənaye parkları yaradılıb. Zaman var idi ki, Azərbaycan bütün qida məhsullarını xarici ölkələrdən idxal edirdi. İndi özümüz istehsal edirik, Azərbaycan bu müddətdə kənd təsərrüfatına ciddi yatırımlar qoyub". Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisinin sözlərinə görə, ölkədə qeyri-neft sektorunun və özəl sahibkarlığın inkişafına ciddi stimul verilib: "Bu gün Azərbaycanın ümumi daxili məhsulunun 80 faizə yaxını özəl sektorun hüsabına formalaşır. Azərbaycanda qeyri-neft sekrotunun payı artıq 50%-dan yuxarı qaldırılıb, hazırda neftdən asılılıq 50 faizdən aşağıdır. Azərbaycan neftin qiymətinin birdən-birə aşağı düşməsindən kifayət qədər hazırlıqlı vəziyyətdə çıxa bildi". Sosial layihələrlə bağlı Ə.Həsənov qeyd edib ki, ölkə başçısının yürütdüyü sosial siyasət çərçivəsində 2016-cı il üçün nəzərdə tutulan bütün layihələr icra olunur. Bəzi icrası dayandırılan layihələrin isə gələcəkdə yenidən realizəsi bərpa olunacaq.xeber100.com

May 30, 2016 12:01

“Şaxələndirilən iqtisadiyyatda ticarət və investisiya imkanları”…

Azərbaycanda 40-dan çox İsveçrə kapitallı şirkət fəaliyyət göstərir. Son 10 ildə İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 550 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikirlər İsveçrənin Vintertur şəhərində "Şaxələndirilən iqtisadiyyatda ticarət və investisiya imkanları" mövzusunda keçirilən İsveçrə-Azərbaycan biznes forumunda səsləndirilib. Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Biznes-forumda Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib. Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, son zamanlar ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verib. Nazir müavini Azərbaycan-İsveçrə əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda 40-dan çox İsveçrə kapitallı şirkət fəaliyyət göstərir. Son 10 ildə İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 550 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Niyazi Səfərov isveçrəli iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İsveçrənin bir sıra sənaye, xüsusilə əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətləri ilə görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd edək ki, İsveçrə-Azərbaycan biznes forumunun keçirilməsi barədə bu ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında razılıq əldə edilib.xeber100.com

May 28, 2016 3:19