Elmi-praktik konfrans keçirilib

Mayın 7-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan turizmi: Bu gün və sabah” mövzusunda gənc tədqiqatçıların ənənəvi respublika elmi-praktik konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda ATMU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, mayın ilk günlərindən başlayaraq, ATMU-da müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə idman yarışları, “açıq dərs”lər, elmi-praktik konfranslar keçirilir. Silsilə tədbirlər çərçivəsində keçirilən növbəti konfransda ölkəmizin müxtəlif universitetlərinin bakalavriat və magistratura pilləsində təhsil alan gənc tədqiqatçıları da iştirak edirlər. Rektor vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun dinamik inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib. Ölkəmiz qlobal məkanda gedən proseslərin istiqamətverici subyekti kimi tanınıb. C.Cəfərov, həmçinin müstəqilliyin ilk illərində Azərbaycan turizminin vəziyyəti, ulu öndər Heydər Əliyevin turizmin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətdən danışıb, konfransın işinə uğurlar arzulayıb. Universitetin turizm kafedrasının müdiri, dosent Bahadur Bilalov konfransın gedişatı barədə məlumat verib. Bildirilib ki, konfrans işini “Azərbaycan turizminin inkişaf xüsusiyyətləri”, “Regionların turizm ehtiyatları”, “Turizm menecmenti və marketinqi” bölmələri üzrə davam etdirəcək, ümumilikdə, gənc tədqiqatçıların 50-dən çox məruzəsi dinləniləcək. Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda ATMU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad, Qafqaz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Naxçıvan Dövlət və Azərbaycan Texniki universitetlərindən olan gənc tədqiqatçıların “Azərbaycanda daxili turizmin inkişaf istiqamətləri”, “Azərbaycanın tarixi abidələri və onların turizmdə istifadəsi problemləri”, “Azərbaycanın Xəzər sahili zonalarında turizmin inkişaf istiqamətləri və müasir problemləri”, “Mehmanxana təsərrüfatında animasiya xidmətlərinin rolu”, “Bakı-Astara turizm marşrutu boyu Masallı-Lənkəran zonasının turizm imkanları”, “Şahbuz rayonunun Ağbulaq Turizm Mərkəzi və gənclərin asudə vaxtının təşkili”, “Azərbaycan regionlarında turizm ehtiyatları və turizmin inkişaf xüsusiyyətləri”, “Turizmin sosial-mədəni inkişafda rolu”, “Şəki şəhər mədəniyyətinin turizmdə mövqeyi”, “Turizm marketinqindən istifadə imkanları” və digər mövzularda məruzələri dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.xeber100.com

May 7, 2016 3:04

Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb

Azərbaycan prezidentinin paytaxt və iri şəhərlərin şəhərsalma kadastrının hazırlanması ilə bağlı müvafiq göstərişinə uyğun olaraq Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Apa-Economics”ə verilən məlumata görə, Şirvan şəhərinin şəhərsalma kadastrını komitənin keçirdiyi tenderin qalibi olmuş Litvanın “Hnit Baltic” şirkəti və onun ölkəmizdəki tərəfdaşı “İntegris” MMC aparıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov layihə barədə ətraflı məlumat verib, gələcəkdə şəhərsalma kadastrı məlumatlarından istifadə perspektivlərindən bəhs edib. Bunun ölkəmizdə şəhərsalma kadastrının yaradılması sahəsində ilk belə layihə olduğunu diqqətə çatdıran D.Dövlətxanov Şirvan şəhərinin pilot layihə ərazisi kimi təsadüfi seçilmədiyini qeyd edib. Şirvan Azərbaycanın əhali sayına görə 5-ci şəhəridir. Bura ölkəmizin mühüm iqtisadi mərkəzlərindən sayılır. Ona görə də pilot layihə ərazisi kimi ilk məhz bu şəhər seçilib. Şirvanın şəhərsalma kadastrının hazırlanması üzrə işlər bir neçə il çəkib. Bu pilot layihə əsasında növbəti belə tədbirlər üçün də lazımi təcrübə toplanıb. Qeyd edək ki, növbəti illərdə  Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin də elektron şəhərsalma kadastrının hazırlanması nəzərdə tutulur. Layihə rəhbəri Raivaras Klypsas də şəhərsalma kadastrının müasir tələblərə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, layihənin icrasında kartoqrafiya, coğrafiya kadastr, coğrafi informasiya sistemləri və informasiya texnologiyaları sahəsində 80-dən artıq yüksək ixtisaslı işçi heyəti iştirak edib. Burada əsas diqqət Avropa modellərinə yönəlib. Şəhərsalma kadastrı güclü informasiya sistemlərinə tam inteqrasiya edilərək tam avtomatlaşdırılıb. “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov isə bildirib ki? layihənin hazırlanmasında 3 əsas prinsip qarşıya qoyulub: coğrafi informasiya sistemi əsasında Şirvan şəhərinin baş planının hazırlanması, şəhər ərazisinin zonalaşdırma sxeminin tərtibi və şəhərin baş planı əsasında müəyyən edilmiş 50 hektar ərazinin müfəssəl planının hazırlanması.xeber100.com  

May 6, 2016 3:47

Gömrük rəsmiləşdirilməsi elektron qaydada aparılacaq

Bu gündən etibarən gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçirilir. Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitə sahibkarların nəzərinə çatdırır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi bu gündən etibarən elektron bəyanetmə sistemi vasitəsilə həyata keçirilir. Xüsusilə diqqətə çatdırılır ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır. Elektron bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilərək gömrük orqanları tərəfindən qəbul edilməsi təsdiq olunduqdan sonra hüquqi əhəmiyyətə malik sənəd sayılır və həmin bəyannamələrdə hər hansı bir məlumatın dəyişdirilməsi yolverilməzdir. Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunaraq, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək.  

May 4, 2016 12:15