“Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” layihəsinin icrası

Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 91-107 km hissəsi 4 zolağa genişləndirilməsi ilə bağlı tikinti işləri üzrə satınalmalarla bağlı “Azəravtoyol” ASC tender elan edib. “APA-Economics”in məlumatına görə, Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” layihəsinin icrası məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit əldə edərək həmin vəsaitin bir hissəsini “Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 13+290-15+140 kilometr hissəsinin 4 zolağa genişləndirilməsi üçün tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə sərf etmək niyyətindədir. Müqavilə Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək. “Azəravtoyol” Bakı-Şamaxı avtomobil yolunun Şamaxı şəhərinə kimi olan 16 kilometrlik hissəsinin genişləndirilməsi və təkmilləşdirilməsini həyata keçirəcək podratçı firmanın seçilməsi məqsədi ilə tikinti şirkətləri arasında ilkin seçim etmək niyyətindədir. Yol geometrik xüsusiyyətlərin təkmilləşdirilməsi və təhlükə risklərinin azaldılması məqsədilə bəzi yerlərdə yol oxunda dəyişikliklər istisna olmaqla mövcud yol oxu üzrə genişləndiriləcək. Yolun mövcud hərəkət hissəsi qaşındıqdan və təmir olunduqdan sonra mümkün qədər genişləndirilən 4 zolaqlı, iki hərəkət hissəli yolun bir hərəkət hissəsi kimi istifadə olunacaq.  Bu hissədə yolu 4 zolaqlı yola uyğunlaşdırmaq üçün mövcud iki körpüyə paralel olan körpülər tikiləcək. Bu yol əsasən yamac sürüşməsi problemi olan ərazilərdən keçir. Yolun genişləndirilməsi üçün tikintinin müddəti və əlavə olaraq qüsurların aradan qaldırılması müddəti hər biri 24 ay nəzərdə tutulub. Tenderin ilkin mərhələsinə təklif vermək üçün sənədin ingilis dilində toplusu təqdim olunduqdan sonra, 150 manat və ya 100 ABŞ dolları məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ olan iddiaçılar tərəfindən əldə oluna bilər. xeber100.com    

Aprel 16, 2016 12:09

“Nar” telekommunikasiya avadanlığını təqdim etdi…

Aprelin 14-də Azərbaycan Texniki Universitetində "Nar" tərəfindən telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyanın açılış mərasimi keçirilib. "Azerfon" MMC və Texniki Universitet arasında imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində "Nar" müvafiq telekommunikasiya avadanlığını təmənnasız şəkildə universitetin istifadəsinə təqdim etdi. Yenilənmiş laboratoriyada tələbələrə GSM haqqında nəzəri biliklərlə yanaşı GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti veriləcəkdir. Bundan əlavə, imzalanmış müqaviləyə əsasən, "Nar" mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini təmin edəcəkdir. "Nar" tərəfindən təmin edilən telekommunikasiya avadanlığı "Kommutasiya sistemləri və poçt rabitəsi" kafedrasının laboratoriyasında quraşdırıldı. Mobil operator avadanlığa tələb olunan hər cür texniki dəstək xidmətlərini də öz üzərinə götürdü. Tədris mərkəzində mobil rabitə sahəsinə dair təlim dərsləri "LTE - mobil rabitənin yeni nəsli", "IMS və NGN texnologiyası", "İnternetə naqilsiz daxilolma texnologiyaları", "Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması" və "Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti" mövzularını əhatə edəcək.xeber100.com      

Aprel 14, 2016 4:43

“Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsi elan olundu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93- cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında keçirilən “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ - Təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü mühüm işlər, eləcə də yaratdığı möhkəm təməl əsasında özəl sektorun hazırkı inkişaf səviyyəsi əks etdirilməlidir; - Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər tək və ya müştərək halda iştirak edə bilərlər; - Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (və ya süjet) təqdim edə bilər; - Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjeti isə 3 dəqiqədən az olmamalıdır; - Məqalə, televiziya və radio süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİVdə çap olunmalı və ya yayımlanmalıdır; - Materialın sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır; - Material qəzetdə və ya jurnalda dərc edilərsə onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməli, televiziya və radio süjeti isə DVD-də olmaqla KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 2 may 2016-cı il tarixinədək İqtisadiyyat Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç.,84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq), materialın elektron versiyası isə həmin tarixədək [email protected]” poçt ünvanına göndərilməlidir. - Müsabiqəyə təqdim olunmuş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2016-cı il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir. Materiallar aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir: - mövzunun əhatə olunması, jurnalist araşdırması; - materialın oxucu üçün informasiyalılıq səviyyəsi; - dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; - jurnalist obyektivliyi; Qaliblər mükafatlandırılacaqdır. Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin məsul əlaqələndiricisindən almaq olar (tel: 493-88-67, daxili: 20-45 Vüsalə Quliyeva).xeber100.com

Aprel 14, 2016 3:05

Yeni kampaniyaya start verildi…

Daima  yeni kampaniya və güzəştlərlə öz müştərilərini sevindirən “Nurgün Motors”  yeni servis kampaniyasına start verdi! Belə ki, kampaniya müddətində bütün Nissan, Infiniti, Ford, Renault və Dongfeng  servis xidmətindən istifadə edərkən avtomobil sahibləri öncədən vaxt təyin edib servisə gəlsələr 5% endirim imkanı əldə edəcəklər! Həmçinin, “Nurgün Motors”dan Nissan Sunny, Juke, Micra və Altima modellərinin bütün servis dövri təmir paketlərinə 10%, Ford Focus və Transit modelləri üçün bütün servis xərclərinə 15% endirim kampaniyaları da mövcuddur, əgər müştəri öncədən vaxt təyin edib gələrsə, iki endirimidən birgə faydalana biləcək.  Yuxarıda qeyd olunmuş avtomobillərin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors” servis mərkəzləri avtomobillərin diaqnostikasının aparılması üçün rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə təchiz olunub və bununla yanaşı, bu avadanlıqlar ən son yenilikləri dəstəkləmək və istehsalçının proqram təminatı üçün onlayn vəhdətdə çalışır. Nəzərinizə çatdıraq ki, rəsmi servis mərkəzləri hər bir model üçün individual hazırlanmış xüsusi açar dəstləri ilə də təmin edilir. Bu alətlərin vasitəsilə və orijinal hissələrdən istifadə etməklə avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri yüksək təhlükəzlik şərtləri altında icra olunur.          

Aprel 13, 2016 11:18

“Azərçay”ın qablaşdırılan məhsulu təqdim olunub

Aprelin 12-də “Kiyev Ekspo Plaza” Sərgi Mərkəzində qida sənayesi və qablaşdırma sahəsində əsas hadisənin – İFFİP 2016 forumunun rəsmi açılış mərasimi keçirilib. Bu beynəlxalq baxış istehlak bazarının aparıcı sahələrini birləşdirir və “Prod Ekspo”, “Pak Ekspo”, “ProdTexMaş”, “Çörəkbişirmə və qənnadı sənayesi” sərgilərində əks olunan son yenilikləri və innovasiyaları təqdim edir. “Azərçay-Ukrayna” pavilyonu İFFİP 2016 sərgisinə gələnlərdə coşqun maraq doğurub. Bu pavilyonda “Azərçay”ın gözəl qablaşdırılan məhsulu təqdim olunub. Elə buradaca çoxsaylı seyrçilər armudu stəkanlarda Azərbaycanın müxtəlif qatqılı qara və yaşıl çaylarının dadına baxa, habelə “Çay – sevimli içkim!” fotomüsabiqəsində iştirak edə biliblər. AZƏRTAC-a müsahibəsində “Azərçay-Kiyev Treyd” nümayəndəliyinin rəhbəri Rafael Musayev bildirib: “Məhsulumuz Ukrayna paytaxtının şəbəkə supermarketlərində uğurla satılır. Hazırda təkcə Kiyevdə deyil, ölkənin digər regionlarında da ticarət tərəfdaşlarımızın sayının genişləndirlməsi üzərində çalışırıq”. Kiyevdə mini çörəkxananın və öz məhsullarının (paxlava, şəkərbura) satışı üzrə salon-mağazanın sahibəsi olan Günay Hüseynova vurğulayıb ki, kiyevlilər və Ukrayna paytaxtının qonaqları Azərbaycan şirniyyatlarını məhz bizim çayla dadmağı xoşlayırlar. Buna görə də onun salon-mağazasının piştaxtalarında paxlava və şəkərbura Azərbaycan çayı ilə yanaşı qoyulur. Ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, ukraynalılar və xarici qonaqlar “Azərçay-Ukrayna” pavilyonuna baş çəkiblər. Sərgi aprelin 14-də bitəcək.xeber100.com  

Aprel 13, 2016 11:52

Beynəlxalq turizm sərgisi

Çinin paytaxtı Pekində Xaricə səyahətlər və turizm sərgisi COTTM-2016 işə başlayıb. Dünyanın 70 ölkəsinin iştirak etdiyi sərgidə Azərbaycan da təmsil olunur. Bu il 12-ci dəfə təşkil olunan xaricə səyahətlər və turizm sərgisinə ümumilikdə 400-dək turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri cəlb olunub. Sərginin məqsədi xaricə səfər edən çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 4 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il 120 milyondan çox çinli xaricə turist kimi səfər edib. Çinin xarici turist potensialını nəzərə alan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin sərgidə növbəti dəfə təmsil olunmasına qərar verib. Nazirliklə yanaşı, bir neçə turizm şirkəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli pavilyonda ölkəmizin turizm imkanlarının təbliğini təşkil edib. Sərgidə Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və Çin dillərində reklam-çap məhsulları nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, Çinin turist bazarı Azərbaycan üçün cəlbedicidir. Bu cür sərgilərdə iştirak etməklə daha çox Çin turistlərini Azərbaycana cəlb etməyi düşünürük. Azərbaycan hökumətinin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsi də bu ölkədən olan turistlərin Azərbaycana səfər imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Bura turistlər üçün həm elektron viza, həm də cari il fevralın 1-dən tətbiqinə başlanılan Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında turist vizalarının rəsmiləşdirilməsi daxildir.xeber100.com  

Aprel 13, 2016 11:32