İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Trend Nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib. Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib. Səmimi təbrikə görə minnətdarlığını ifadə edən Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib. Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.xeber100.com

Aprel 24, 2016 1:56

Kapital Bank daha bir yenilik təqdim edir

Artıq bankın müştəriləri PayPass təmassız texnologiyanı dəstəkləyən, MasterCard beynəlxalq ödəniş sisteminə aid kartları əldə edə bilərlər. Bankdan Trend-ə verilən məlumata görə, MasterCard Standard və MasterCard Platinum əsasında olan kartlar vasitəsilə müştərilər 20 manata qədər olan ödənişlərini, kartı POS terminala yaxınlaşdırıb bir toxunuşla edə bilərlər. Qeyd edək ki, bunun üçün PİN kod tələb olunmur və ödənişlər dərhal həyata keçir. Əgər ödəniş 20 manatdan yuxarıdırsa, bu zaman PİN kod tələb olunur və adi qaydada nağdsız ödəniş edilir. MasterCard əsasında olan təmassız kartlar dünyanın əksər ölkələrində geniş istifadə olunur və müştərilərin vaxt itkisini aradan qaldırır. Üzərində xüsusi fərqlənmə nişanı olan təmassız kartları Kapital Bank filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Müştərilərin rahatlığına və xidmət keyfiyyətinin artırılmasına böyük önəm verən Kapital Bank bu istiqamətdə bir sıra yeniliklər tətbiq edir. Yeni və rahat filialların açılması, həmçinin müştərilərə minimal vaxt ərzində, fasiləsiz xidmət göstərilməsi bunun bariz nümunəsidir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com  

Aprel 22, 2016 12:23

AZAL və AZALJET reyslərində mühüm yeniliklər

Mayın 9-dan etibarən AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. AZALJET sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə təklif olunacaq. Əgər uçuş səhər yerinə yetirilirsə, o zaman sərnişinlərə səhər yeməyi təklif olunacaq. Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq. Həmçinin mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır. QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib: "AZALJET aviareyslərində pulsuz qidalanma və aviaşirkətin bütün reyslərində əl yükünün icazə verilən çəkisinin artırılması barədə qərar sərnişinlər üçün daha da rahatlıq imkanı yaratmaq, həmçinin bu seqmentdə daşımalarımızın rəqabət qabiliyyətinin artırılması məqsədilə qəbul edilib. Bir qayda olaraq, digər aşağı büdcəli aviadaşıyıcılar təyyarə göyərtəsində yeməyi yalnız əlavə ödəniş müqabilində verirlər. Biz sərnişinlərimizə uçuş zamanı maksimum rahat şərait yaratmaq istəyirik və bu istiqamətdəki işi davam etdirəcəyik". Hazırda AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir. AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir. Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur. AZALJET tariflərinin qaydaları yalnız yuxarıda qeyd olunduğu kimi, çəkisi 10 kq-dək artırılan əl yükünün daşınmasına icazə verir. Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq. Həmçinin qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi altında yerinə yetiriləcək və buraya tam çeşidli bort qidalanması və baqajın pulsuz daşınması daxil olacaq. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.xeber100.com  

Aprel 22, 2016 12:19

Neft ehtiyatlarına dair həftəlik hesabat açıqlanıb

Dünya bazarında “Brent” markalı neftin qiyməti 39 dollar/barel səviyyəsindən aşağı düşərsə, azalma 35-36 dollar/barelə qədər davam edəcək. Neft qiymətləri Doha sammitinin nəticələrini özündə əks etdirməyə imkan tapmamasının səbəbi sammitlə eyni gündə Küveytdə neft-qaz sektoru işçilərinin tətil elan etməsi olub. Nəticədə, Küveytin neft hasilatı bir gündə 60,8% azalaraq 1,12 mln. barel/günə düşüb. Qeyd edək ki, buna qədər Küveytdə neft hasilatı 2,81 mln. barel/gün olub. Bu gün yayılan məlumatlara əsasən, tətil artıq başa çatıb və hasilatın bərpa olunduğu bildirilir. Bu xəbər “Brent” markalı neftin qiymətinin səhər saatlarında 2,1% azalaraq 43 dollar/barel səviyyəsinə enməsinə səbəb olub. Doha sammitindən sonra Rusiya və Səudiyyə Ərəbistanı rəsmilərindən neft bazarına mənfi təsir edəcək açıqlamalar neft bazarında təklifin artması ilə bağlı ehtimallar yaradıb. Belə ki, sammitdən sonra S.Ərəbistanı hasilatı 1 mln. barel/gün artıracağını və yaxın 6-9 ay ərzində daha 1 mln. barel/gün artıra biləcəyini bildirib. Qeyd edək ki, hazırda S.Ərəbistanının neft hasilatı 10,5 mln. barel/gün təşkil edir. Moskvada keçirilən Milli Neft-Qaz Forumunda çıxış edən Rusiyanın energetika nazirinin müavini Kiril Molodtsov isə hasilatın 100 min barel artırılaraq 10,81 mln. barel/günə kimi yüksələcəyini bildirib. Nazir müavini gündəlik neft ixracının isə 4,3% artaraq 5,11 mln.barel/günə çatmasını mümkün sayır. Dünən həmçinin Amerika Neft İnstitutu (API) tərəfindən neft ehtiyatlarına dair həftəlik hesabat açıqlanıb. Hesabata görə, ABŞ-da xam neft ehtiyatları investorların 1,6 mln. barel proqnozuna qarşı 3,1 mln. barel artıb.xeber100.com  

Aprel 20, 2016 3:42

Şərab məhsulu istehsal etmək üçün yeni tələb müəyyənləşdirilib

Nazirlər Kabineti  “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə”də dəyişiklik edib. Apa-nın məlumatına görə, bu Əsasnamə istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir. Əsasnaməyə əsasən yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. İndiyə qədər ərizə ilə birlikdə məhsula dair annotasiya, məhsula ad verilməsi barədə əsaslandırma məktubu, məhsulun hazırlanma texnologiyasına dair təlimat, məhsulun tərkibi barədə reseptura məlumatları, məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı, məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar, məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri və ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd də ərizəyə əlavə edilməlidir. Qeyd edək ki, xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi(KTN) tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının KTN tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətində verilir.xeber100.com  

Aprel 20, 2016 11:36