AZAL və AZALJET reyslərində mühüm yeniliklər

Mayın 9-dan etibarən AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. AZALJET sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə təklif olunacaq. Əgər uçuş səhər yerinə yetirilirsə, o zaman sərnişinlərə səhər yeməyi təklif olunacaq. Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq. Həmçinin mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır. QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib: "AZALJET aviareyslərində pulsuz qidalanma və aviaşirkətin bütün reyslərində əl yükünün icazə verilən çəkisinin artırılması barədə qərar sərnişinlər üçün daha da rahatlıq imkanı yaratmaq, həmçinin bu seqmentdə daşımalarımızın rəqabət qabiliyyətinin artırılması məqsədilə qəbul edilib. Bir qayda olaraq, digər aşağı büdcəli aviadaşıyıcılar təyyarə göyərtəsində yeməyi yalnız əlavə ödəniş müqabilində verirlər. Biz sərnişinlərimizə uçuş zamanı maksimum rahat şərait yaratmaq istəyirik və bu istiqamətdəki işi davam etdirəcəyik". Hazırda AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir. AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir. Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur. AZALJET tariflərinin qaydaları yalnız yuxarıda qeyd olunduğu kimi, çəkisi 10 kq-dək artırılan əl yükünün daşınmasına icazə verir. Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq. Həmçinin qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi altında yerinə yetiriləcək və buraya tam çeşidli bort qidalanması və baqajın pulsuz daşınması daxil olacaq. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.xeber100.com  

Aprel 22, 2016 12:19

Neft ehtiyatlarına dair həftəlik hesabat açıqlanıb

Dünya bazarında “Brent” markalı neftin qiyməti 39 dollar/barel səviyyəsindən aşağı düşərsə, azalma 35-36 dollar/barelə qədər davam edəcək. Neft qiymətləri Doha sammitinin nəticələrini özündə əks etdirməyə imkan tapmamasının səbəbi sammitlə eyni gündə Küveytdə neft-qaz sektoru işçilərinin tətil elan etməsi olub. Nəticədə, Küveytin neft hasilatı bir gündə 60,8% azalaraq 1,12 mln. barel/günə düşüb. Qeyd edək ki, buna qədər Küveytdə neft hasilatı 2,81 mln. barel/gün olub. Bu gün yayılan məlumatlara əsasən, tətil artıq başa çatıb və hasilatın bərpa olunduğu bildirilir. Bu xəbər “Brent” markalı neftin qiymətinin səhər saatlarında 2,1% azalaraq 43 dollar/barel səviyyəsinə enməsinə səbəb olub. Doha sammitindən sonra Rusiya və Səudiyyə Ərəbistanı rəsmilərindən neft bazarına mənfi təsir edəcək açıqlamalar neft bazarında təklifin artması ilə bağlı ehtimallar yaradıb. Belə ki, sammitdən sonra S.Ərəbistanı hasilatı 1 mln. barel/gün artıracağını və yaxın 6-9 ay ərzində daha 1 mln. barel/gün artıra biləcəyini bildirib. Qeyd edək ki, hazırda S.Ərəbistanının neft hasilatı 10,5 mln. barel/gün təşkil edir. Moskvada keçirilən Milli Neft-Qaz Forumunda çıxış edən Rusiyanın energetika nazirinin müavini Kiril Molodtsov isə hasilatın 100 min barel artırılaraq 10,81 mln. barel/günə kimi yüksələcəyini bildirib. Nazir müavini gündəlik neft ixracının isə 4,3% artaraq 5,11 mln.barel/günə çatmasını mümkün sayır. Dünən həmçinin Amerika Neft İnstitutu (API) tərəfindən neft ehtiyatlarına dair həftəlik hesabat açıqlanıb. Hesabata görə, ABŞ-da xam neft ehtiyatları investorların 1,6 mln. barel proqnozuna qarşı 3,1 mln. barel artıb.xeber100.com  

Aprel 20, 2016 3:42

Şərab məhsulu istehsal etmək üçün yeni tələb müəyyənləşdirilib

Nazirlər Kabineti  “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə”də dəyişiklik edib. Apa-nın məlumatına görə, bu Əsasnamə istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir. Əsasnaməyə əsasən yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. İndiyə qədər ərizə ilə birlikdə məhsula dair annotasiya, məhsula ad verilməsi barədə əsaslandırma məktubu, məhsulun hazırlanma texnologiyasına dair təlimat, məhsulun tərkibi barədə reseptura məlumatları, məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı, məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar, məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri və ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd də ərizəyə əlavə edilməlidir. Qeyd edək ki, xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi(KTN) tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının KTN tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətində verilir.xeber100.com  

Aprel 20, 2016 11:36

Prezident yeni metro stansiyalarının açılışında iştirak edib

Ölkə başçısı İlham Əliyev Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib. Apa-nın məlumatına görə, dövlət başçısı “Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə yaxından tanış olub. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib. Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək. Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir. Sonra preziden qatarla “Avtovağzal” stansiyasından “Memar Əcəmi” stansiyasına gəlib. Dövlət başçısına məlumat verilib ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir.xeber100.com  

Aprel 19, 2016 11:53