7-ci Qlobal Forumu üçün xüsusi aviareyslər açılacaq

Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslər açıla bilər. Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfəri zamanı müzakirə edilib.Ə.Qarayev "Qatar Airways" şirkətinin sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub.Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə Qətərin Milli Teatr Binasında keçirilən görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin, nazir Əbülfəs Qarayev Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat vermiş və həmkarını tədbirdə iştirak etməyə dəvət etmişdir. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Azərbaycan kino günlərinin təşkili, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən, opera nümunələri, musiqi sahəsi, əl işləri sərgiləri, muğam musiqisi ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.  

Aprel 6, 2016 1:14

Nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib

  "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” ASC tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır. ASC-dən apa-ya verilən məlumata görə, bu səbəbdən sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib. Belə ki, mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan nəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilirlər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan nəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Nəqliyyat vasitələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirirlər. Tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq. Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşası işləri aparılır. Buna görə, Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur. Qeyd edək ki, "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində daha bir bu cür keçidin inşası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.  

Aprel 5, 2016 1:26