Böyük Vətən müharibəsi-71

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 9 May - Böyük Vətən müharibəsində qələbənin 71-ci ildönümünə həsr olunmuş yeni aksiyaya başlayır. AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə  verilən məlumata görə, aksiya çərçivəsində Sovet İttifaqı qəhrəmanları və SSRİ Şöhrət Ordeninin 3 dərəcəsi ilə təltif olunan şəxslər, I, II və III qrup Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, Böyük Vətən müharibəsində yaralanan, kontuziya alan və həlak olan hərbi qulluqçuların dul arvadları AZAL-ın marşrut şəbəkəsinin istənilən istiqamətinə pulsuz aviabilet əldə edə biləcəklər. Aksiya çərçivəsində pulsuz aviabilet həmçinin onları müşayiət edən bir sərnişin üçün də nəzərdə tutulub. Aksiya çərçivəsində aviabiletlərin rəsmiləşdirilməsinə 11 aprel tarixindən başlanılacaq. Gediş tarixi mayın 3-dən 12-dəkdir. Geri dönüş tarixi isə sərnişinlərin istəyindən asılıdır. "İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidməti vardır. Biz bu qələbəni bizə hədiyyə edənlərə böyük hörmətlə yanaşırıq. Azərbaycanın milli aviadaşıyıcısı üçün veteranlara uçuşlar yerinə yetirdiyimiz istənilən şəhərdə olmaq imkanı yaratmaq böyük şərəfdir", - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib. Veteranlar aviabiletləri AZAL-ın kassalarında, həmçinin aviaşirkətinin xarici dövlətlərdəki nümayəndəliklərində rəsmiləşdirə bilərlər. Bu aksiya çərçivəsində aviabilet əldə etmək üçün Böyük Vətən müharibəsi veteranları kateqoriyasına mənsub olduğunu təsdiqləyən sənəd təqdim olunmalıdır.      

Mart 31, 2016 10:51

Dəmir yolları ilə bağlı statistika açıqlanıb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal altında qalan dəmir yolları ilə bağlı statistika açıqlanıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240,4 km sahəsi işğal altına düşüb. Bura Horadiz-Ordubad sahəsi üzrə 144 km (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km sahə daxildir.  İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 60 min dollar məbləğində ziyan dəyib. 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb, təqribən 14 mln. dollar həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı 4 mln. 860 min dollar məbləğindədir. Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM), cari təmir  sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılıb. Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı 10 mln. 250 min dollar təşkil edir. Bura istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinlər, qaldırıcı qurğular, ağır maşın-mexanizmləri, inzibati binalar, yoldəyişdirici qurğular, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar daxildir. Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı 12 mln. 350 min dollar məbləğindədir. Rabitə  və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi  miqdarı 3 mln. 600 min dollar  təşkil edir. Bura 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli  avtomatik bloklama  sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi daxildir. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən təşkilatlarında keçirilən anım tədbirlərində 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunur, faciəni yaradan səbəblər, soyqırımı nəticəsində vurulan maddi və mənəvi ziyan bir daha xatırlanır.    

Mart 31, 2016 10:47

9000-dən çox yeni iş yeri açılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Martın 29-da bu istiqamətdə növbəti tədbir – Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunu b , sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. 70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 307 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, logistik mərkəzlərin, ət emalı, metal konstruksiya, neft-kimya sənayesi avadanlıqları, mebel və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkara 3,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılmış zeytunçuluq təsərrüfatına və ildə 4 min ton tərəvəz məhsulları istehsal edə biləcək müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə Bakı şəhərinin qəsəbələrində 109,8 ha ərazidə illik istehsal gücü 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat dövlətin güzəştli kreditləri verilib.  

Mart 29, 2016 3:00

Biləcik kəndinə təbii qaz verilib

Bu gün Şəkinin İkinci Biləcik kəndinə ilk dəfə olaraq təbii qaz verilib. "Report"un xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri, "Azəriqaz " İstehsalat Birliyi, rayon İcra Hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 280 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin sayına uyğun olaraq 300 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Toplantıda çıxış edən R.Abdullayev Novruz bayramı və əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışıb. Dövlət Neft Şirkətinin prezidenti bildirib ki, bu, dövlət başçısı İlham Əliyevin qarşıya məqsəd qoyduğu sosial layihədir. "Mavi yanacaqla intensiv şəkildə kəndlərin təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir", - deyə R.Abdullayev qeyd edib. Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, evlərdən birində mavi yanacağın təzyiqi yoxlanılıb.

Mart 26, 2016 10:52

Dollardan imtina…

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Moskva İqtisadi Forumu işə başlayıb. AzərTac xəbər verir ki, bu il tədbirə dünyanın 16 ölkəsindən 3800 iştirakçı toplaşıb. Forumu giriş sözü ilə Rusiya Elmlər Akademiyası (REA) müxbir üzvü, REA-nın İqtisadiyyat İnstitutunun elmi rəhbəri Ruslan Qrinberq açıb. O, tədbirə toplaşanları salamlayaraq bütün postsovet məkanı və sosialist düşərgəsi ölkələrinin iqtisadiyyatları qarşısında duran məsələləri sadalayıb. Forumun ilk plenar iclasında 2007-2011-ci illərdə Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı-direktoru olmuş Dominik Stross-Kan çıxış edib. D.S.Kan deyib: “Qərb güman edirdi ki, Rusiyaya ixrac edilən bazar mexanizmləri qısa vaxtda səmərə verəcək. Lakin zaman göstərdi ki, hər bir ölkə öz inkişaf yoluna malikdir. İqtisadi institutlar da, iqtisadi mexanizmlər də hər bir ölkədə müxtəlif cür işləyir. Bu baxımdan hər bir ölkə öz strategiyasını formalaşdırmalı və iqtisadiyyatını şaxələndirməlidir”. Rusiya Federasiyası Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev BVF-nin keçmiş rəhbəri ilə həmrəy olduğunu bildirib. D.Savelyev deyib: “Həm Rusiya, həm də Azərbaycan üçün iqtisadiyyatın xammal səciyyəsindən uzaqlaşmaq çox vacibdir. Bu, onların iqtisadi təhlükəsizliklərini möhkəmləndirəcək və neftin qiymət konyukturasından asılılıqlarını zəiflədəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında qarşılıqlı ticarətdə milli valyutalardan istifadə 25-26 faiz təşkil edir və bu göstərici daim artır. İstisna deyil ki, yaxın illərdə Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda bütünlüklə dollardan imtina edəcək. Bu, hər iki ölkəyə çoxsaylı maliyyə risklərindən yayınmaq imkanı verəcək”. Sonra forumda sosial məsələlər müzakirə olunub. “Rossiyskiy ekonomiçeskiy jurnal”ın redaksiya şurasının üzvü Yuri Boldırev çıxış edərək deyib: “Neftin hazırkı radikal qiymət enişi fəlakət, yoxsa bizə verilən fürsət, xəbərdarlıq zəngidir? Məncə, bu, şansdır. Həyat bizi xəbərdar edir: dayanın, çevrilin. Əlbəttə, biz cəmiyyət və dövlət quruculuğunun yaradıcı modelinə sarı çevrilməliyik. Buna uyğun olaraq iqtisadiyyata məqsəd deyil, maddi ümumi məqsədlər naminə xidmət mexanizmi, maddi uğur mexanizmi kimi yanaşmalıyıq”. Forumda iştirak edən Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin direktoru Nataliya Krasovskaya bu mövqeyi dəstəkləyib. O qeyd edib: “Rusiya və Azərbaycan sosialyönümlü dövlətlərdir. Başlıca vəzifə insanların rifahıdır. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bunu qeyd ediblər. Bu gün də mürəkkəb iqtisadi situasiyada sosial sabitliyin dəstəklənməsi ölkələrimizin prioritet vəzifəsidir və bu, uğurla həyata keçirilir”.

Mart 26, 2016 9:50

Bank sektorunda problemlər

Dünən Azərbaycan Dövlət Neft Fondunun hərraca çıxardığı 200 milyon dollar məbləğində vəsaitdən 177 milyon 450 min 13 banka satılıb. Xatırladaq ki, Neft Fondunun son 2 ayda təşkil etdiyi digər auksionlarda da bu rəqəm kifayət qədər yüksək olub. Maraqlıdır ki, Mərkəzi Bankın həftə ərzində təşkil etdiyi hərraclarda isə bu aktivlik müşahidə olunmur. Belə ki, Mərkəzi Bank hər hərracda 200 milyon dollar satışa çıxarsa da, 5 fevralda 7 bank tərəfindən 18,370 milyon dollar, 10 fevralda cəmi 1 bank tərəfindən 10 milyon dollar, 15 fevralda 10 bank tərəfindən 32,1 milyon dollar, 19 fevralda isə 11 bank tərəfindən 23,850 milyon dollar alınıb. Görəsən, banklar niyə AMB-nin keçirdiyi hərraclarda passiv, ADNF-nin auksionlarında isə aktiv iştirak edir? “Qafqazinfo” məsələ ilə bağlı ekspert Natiq Cəfərlidən münasibət öyrənib. Ekspert bildirib ki, Neft Fondunun hərraclarda Mərkəzi Banka nisbətən daha yüksək rəqəmlə dollar satmasının əsas səbəbi çox cüzi də olsa, qiymət fərqinin olmasıdır: “Mərkəzi Bank, demək olar ki, gündəlik auksionlar keçirir. Neft Fondu isə ayda 1, ya da 2 dəfə. Fondun keçirdiyi hərraclarda Mərkəzi Bankın öz faiz dərəcəsi nəzərə alınmır. Yəni, çox cüzi də olsa, ucuz olur. Düzdür, fərq həddindən artıq azdır, ancaq söhbət milyonlardan gedirsə, bu rəqəm kifayət qədər gözə görünür. Bu səbəbdən də banklar Neft Fondunun hərracında iştirak etməyə maraqlı olur. Satışa çıxarılan dolların böyük əksəriyyətini- 178 milyon dollar vəsaiti 13 bank alıb. Bir gün üçün bu rəqəm heç də az deyil. İndiki məzənnə ilə götürsək, 300 milyon manatdan çox məbləğ edir. Çox güman ki, bu, az sayda bankların iştirak etməsinin nəticəsidir. Əvvəllər bu cür alışlarda 20-25 bank iştirak edirdi. Bu bankların da xarici kreditorlar qarşısında dollarla olan borcları var. Bir çox bankın manat vəsaitində çatışmazlıqlar yaranıb, Hətta manat dövriyyəsi xeyli dərəcədə zəifləyib. Mərkəzi Bankın kreditləşmə siyasəti sərt, bankların əllərindəki vəsait isə azdır. Bu səbəbdən banklar hərraca çıxarılan məbləğdən az bir hissəsini ala bilirlər”. Ekspert onu da qeyd edib ki, Mərkəzi Bankın hazırki siyasəti manat siyasətini sərtləşdirməkdir. Bu siyasət özü də ciddi problemlər yaradıb. Ticarət dövriyyəsinin zəifləməsi, iqtisadi aktivliyin azalması- bütün bunlar həm bank sektorunda, həm də pərakəndə satışda ciddi problemlər yaradıb.xəbər100

Fevral 23, 2016 5:15