“Azərçay”ın qablaşdırılan məhsulu təqdim olunub

Aprelin 12-də “Kiyev Ekspo Plaza” Sərgi Mərkəzində qida sənayesi və qablaşdırma sahəsində əsas hadisənin – İFFİP 2016 forumunun rəsmi açılış mərasimi keçirilib. Bu beynəlxalq baxış istehlak bazarının aparıcı sahələrini birləşdirir və “Prod Ekspo”, “Pak Ekspo”, “ProdTexMaş”, “Çörəkbişirmə və qənnadı sənayesi” sərgilərində əks olunan son yenilikləri və innovasiyaları təqdim edir. “Azərçay-Ukrayna” pavilyonu İFFİP 2016 sərgisinə gələnlərdə coşqun maraq doğurub. Bu pavilyonda “Azərçay”ın gözəl qablaşdırılan məhsulu təqdim olunub. Elə buradaca çoxsaylı seyrçilər armudu stəkanlarda Azərbaycanın müxtəlif qatqılı qara və yaşıl çaylarının dadına baxa, habelə “Çay – sevimli içkim!” fotomüsabiqəsində iştirak edə biliblər. AZƏRTAC-a müsahibəsində “Azərçay-Kiyev Treyd” nümayəndəliyinin rəhbəri Rafael Musayev bildirib: “Məhsulumuz Ukrayna paytaxtının şəbəkə supermarketlərində uğurla satılır. Hazırda təkcə Kiyevdə deyil, ölkənin digər regionlarında da ticarət tərəfdaşlarımızın sayının genişləndirlməsi üzərində çalışırıq”. Kiyevdə mini çörəkxananın və öz məhsullarının (paxlava, şəkərbura) satışı üzrə salon-mağazanın sahibəsi olan Günay Hüseynova vurğulayıb ki, kiyevlilər və Ukrayna paytaxtının qonaqları Azərbaycan şirniyyatlarını məhz bizim çayla dadmağı xoşlayırlar. Buna görə də onun salon-mağazasının piştaxtalarında paxlava və şəkərbura Azərbaycan çayı ilə yanaşı qoyulur. Ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, ukraynalılar və xarici qonaqlar “Azərçay-Ukrayna” pavilyonuna baş çəkiblər. Sərgi aprelin 14-də bitəcək.xeber100.com  

Aprel 13, 2016 11:52

Beynəlxalq turizm sərgisi

Çinin paytaxtı Pekində Xaricə səyahətlər və turizm sərgisi COTTM-2016 işə başlayıb. Dünyanın 70 ölkəsinin iştirak etdiyi sərgidə Azərbaycan da təmsil olunur. Bu il 12-ci dəfə təşkil olunan xaricə səyahətlər və turizm sərgisinə ümumilikdə 400-dək turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri cəlb olunub. Sərginin məqsədi xaricə səfər edən çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 4 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il 120 milyondan çox çinli xaricə turist kimi səfər edib. Çinin xarici turist potensialını nəzərə alan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin sərgidə növbəti dəfə təmsil olunmasına qərar verib. Nazirliklə yanaşı, bir neçə turizm şirkəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli pavilyonda ölkəmizin turizm imkanlarının təbliğini təşkil edib. Sərgidə Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və Çin dillərində reklam-çap məhsulları nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, Çinin turist bazarı Azərbaycan üçün cəlbedicidir. Bu cür sərgilərdə iştirak etməklə daha çox Çin turistlərini Azərbaycana cəlb etməyi düşünürük. Azərbaycan hökumətinin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsi də bu ölkədən olan turistlərin Azərbaycana səfər imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Bura turistlər üçün həm elektron viza, həm də cari il fevralın 1-dən tətbiqinə başlanılan Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında turist vizalarının rəsmiləşdirilməsi daxildir.xeber100.com  

Aprel 13, 2016 11:32

7-ci Qlobal Forumu üçün xüsusi aviareyslər açılacaq

Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslər açıla bilər. Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfəri zamanı müzakirə edilib.Ə.Qarayev "Qatar Airways" şirkətinin sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub.Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə Qətərin Milli Teatr Binasında keçirilən görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin, nazir Əbülfəs Qarayev Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat vermiş və həmkarını tədbirdə iştirak etməyə dəvət etmişdir. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Azərbaycan kino günlərinin təşkili, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən, opera nümunələri, musiqi sahəsi, əl işləri sərgiləri, muğam musiqisi ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.  

Aprel 6, 2016 1:14