Bəzi supermarketlərdə diskont kartlar qüvvədədir.
Yaxın zamanlarda Azərbaycan vətəndaşları ərzağı kreditə alacaqlar.
Bu barədə echo.az-a Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib: “Əsasən kənd yerlərində və paytaxtın bir neçə kiçik mağazasında satıcılar tanış vətəndaşlara ərzaqları borc verirlər, onlar isə aldıqları ərzaqların pulunu tədricən ödəyirlər.
Hesab edirəm ki, böhran şəraitində iri hipermarketlər də ərzaqları kreditə verə bilərlər, ən yaxşısı isə bu, faizsiz və ya maksimum 5% kreditlə olardı”, - E.Hüseynov bəyan edib.
Onun sözlərinə görə, ərzağı kreditə almaq üçün kartların nominalı 50 AZN-dən çox olmamalı, bir ay müddətində ödənməlidir, bu əsasən iri hipermarketlərə aid olmalıdır.
Dayanıqlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev öz növbəsində echo.az-a bildirib ki, Azərbaycan üçün ərzaqların borca verilməsi yenilik deyil, bu ənənəvi şəkildə həyata keçirilir.
“İndiyə qədər bizdə kənd yerlərində, ərzaq mağazalarında “nisyə” mal götürürlər.
Amma bir qayda olaraq bunu yalnız etibar etdikləri adamlara verirlər. Bəzi supermarketlərdə diskont kartlar qüvvədədir, bu alıcılara ərzaqları müəyyən imtiyazlar ilə almaq imkanı yaradır. Rusiyanın ərzaqları kreditə vermə təcrübəsinin necə işlədiyinə baxmaq və sonradan iri hipermarketlərimiz bu təcrübəni tətbiq edə bilərlər.
Bu gün bəzi mağazalar faizsiz borc verirlər. Mən bir sıra mağazalar tanıyıram ki, yoxsul təqaüdçülərə ərzaqları pulsuz çatdırırlar. Sadəcə bütün bunlar gizli edilir, geniş ictimaiyyət üçün yox”, - o qeyd edib.
Bununla yanaşı Rusiyada Primorskaya ticarət şəbəkəsi öz alıcılarına ərzaqları kreditə almağı təklif edir. Krediti mikromaliyyə təşkilatı təqdim edir, Reuters məlumat yayıb.
Üç, beş və on min rubl (60, 90, 199 manat) dəyərində hədiyyə kartlarını keçən ilin dekabrında Yeni il bayramları ərəfəsində verməyə başlasalar da, onlardan geniş ictimaiyyət indi xəbər tutub.
Ticarət şəbəkəsində mal əldə etmək üçün istehlakçı kreditini bir aydan üç aya kimi götürmək olar, faiz dərəcəsi kredit müddətindən asılıdır və 3, ya 5 faiz arasında dəyişir. Aksiya martın 30-da başa çatacaq.
Şəbəkənin marketinq şöbəsinin rəisi qeyd edib ki, bu təklif əsasən imtahanı qeyd etmək istəyən tələbələr üçün sərfəli ola bilər.
Əsasən spirtli içkilərin və delikateslərin götürüldüyü qeyd edilib, satışların pik həddi Yeni il ərəfəsinə olub. Buna bənzər ərzaq alışı sistemi “Aşan” ticarət şəbəkəsində də istifadə edilir. Bu şəbəkədə müştərilərə ani istifadə imkanı ilə istehlakçı kreditini qeydiyyatdan keçirmək imkanı verilir.