Meyvə-tərəvəz məhsulları ciddi yoxlanılır

Azərbaycanda ümumilikdə 9388 kiloqramdan çox meyvə-tərəvəz məhsulu satışdan çıxarılaraq məhv edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətininin mətbuat katibi Rövşən Ziyanın lent.az-a verdiyi məlumata görə, fevral ayında Bakı şəhərində, eyni zamanda respublikanın bütün bölgələrindəki kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış yerlərində aparılan fitosanitar monitorinqlər nəticəsində məhv edilən məhsullar arasında alma (2377 kq), armud (58 kq), heyva (32 kq), nar (79 kq), üzüm (101 kq), sitrus (571 kq), xirnik-xurma (89 kq), kartof (3518 kq), kələm (217 kq), kök (157 kq), soğan (698 kq) və pomidor (114 kq) üstünlük təşkil edib. Bundan başqa, monitorinqlər zamanı istifadəyə yararsız 346 kiloqramdan çox banan meyvəsi satışdan çıxarılaraq məhv edilib. Araşdırma nəticəsində məlum olub ki, məhsulların saxlanılması və qablaşdırılması zamanı müvafiq qaydalara əməl olunmadığı üçün məhsullar qısa müddət ərzində istifadəyə yararsız vəziyyətə düşür və xəstəliklərə yoluxur. Xidmətdən bildirilib ki, hazırda istehlak bazarlarında bütün meyvə və tərəvəz məhsulları ciddi yoxlanılır, məhsullardan götürülmüş nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinə və Respublika Toksikologiya Keyfiyyətə Nəzarət Mərkəzinə təqdim edilir və müvafiq analizlər aparılır. Əgər analizlər zamanı məhsulun istehlak üçün yararsız olduğu aşkar edilərsə, dərhal satışdan çıxarılaraq məhv edilir.

Fevral 15, 2016 5:31

Kreditlə ərzaq…

  Bəzi supermarketlərdə diskont kartlar qüvvədədir. Yaxın zamanlarda Azərbaycan vətəndaşları ərzağı kreditə alacaqlar. Bu barədə echo.az-a Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib: “Əsasən kənd yerlərində və paytaxtın bir neçə kiçik mağazasında satıcılar tanış vətəndaşlara ərzaqları borc verirlər, onlar isə aldıqları ərzaqların pulunu tədricən ödəyirlər. Hesab edirəm ki, böhran şəraitində iri hipermarketlər də ərzaqları kreditə verə bilərlər, ən yaxşısı isə bu, faizsiz və ya maksimum 5% kreditlə olardı”, - E.Hüseynov bəyan edib. Onun sözlərinə görə, ərzağı kreditə almaq üçün kartların nominalı 50 AZN-dən çox olmamalı, bir ay müddətində ödənməlidir, bu əsasən iri hipermarketlərə aid olmalıdır. Dayanıqlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev öz növbəsində echo.az-a bildirib ki, Azərbaycan üçün ərzaqların borca verilməsi yenilik deyil, bu ənənəvi şəkildə həyata keçirilir. “İndiyə qədər bizdə kənd yerlərində, ərzaq mağazalarında “nisyə” mal götürürlər. Amma bir qayda olaraq bunu yalnız etibar etdikləri adamlara verirlər. Bəzi supermarketlərdə diskont kartlar qüvvədədir, bu alıcılara ərzaqları müəyyən imtiyazlar ilə almaq imkanı yaradır. Rusiyanın ərzaqları kreditə vermə təcrübəsinin necə işlədiyinə baxmaq və sonradan iri hipermarketlərimiz bu təcrübəni tətbiq edə bilərlər. Bu gün bəzi mağazalar faizsiz borc verirlər. Mən bir sıra mağazalar tanıyıram ki, yoxsul təqaüdçülərə ərzaqları pulsuz çatdırırlar. Sadəcə bütün bunlar gizli edilir, geniş ictimaiyyət üçün yox”, - o qeyd edib. Bununla yanaşı Rusiyada Primorskaya ticarət şəbəkəsi öz alıcılarına ərzaqları kreditə almağı təklif edir. Krediti mikromaliyyə təşkilatı təqdim edir, Reuters məlumat yayıb. Üç, beş və on min rubl (60, 90, 199 manat) dəyərində hədiyyə kartlarını keçən ilin dekabrında Yeni il bayramları ərəfəsində verməyə başlasalar da, onlardan geniş ictimaiyyət indi xəbər tutub. Ticarət şəbəkəsində mal əldə etmək üçün istehlakçı kreditini bir aydan üç aya kimi götürmək olar, faiz dərəcəsi kredit müddətindən asılıdır və 3, ya 5 faiz arasında dəyişir. Aksiya martın 30-da başa çatacaq. Şəbəkənin marketinq şöbəsinin rəisi qeyd  edib ki, bu təklif əsasən imtahanı qeyd etmək istəyən  tələbələr üçün sərfəli ola bilər. Əsasən spirtli içkilərin və delikateslərin götürüldüyü qeyd edilib, satışların pik həddi Yeni il ərəfəsinə olub. Buna bənzər ərzaq alışı sistemi “Aşan” ticarət şəbəkəsində də istifadə edilir. Bu şəbəkədə müştərilərə ani istifadə imkanı ilə istehlakçı kreditini qeydiyyatdan keçirmək imkanı verilir.    

Fevral 15, 2016 2:36

Bank of Baku- 22

Azərbaycanın "İnnovativ Bankı" adını layiqincə qoruyub saxlayan Bank of Baku 14 fevral 2016-cı il tarixində fəaliyyətinin 22-ci ildönümünü qeyd etdi. "Sizə Yaxın Bankçılıq" şüarını əsas tutan Bank fəaliyyət göstərdiyi bütün bu illər ərzində sektorunun ən yenilikçi müştəri xidmətlərini göstərən əsas üzvlərindən biri olmaqla, müştərilərini daim bazara təqdim etdiyi İLKlərlə sevindirib. Müştərilərin maliyyə xidmətlərinə daha rahat çıxışını təmin edən bu İLKlər arasında aşağıdakıları xüsusilə xatırlatmağa dəyər: Bolkart - ölkənin ilk hissə-hissə ödənişli kredit kartı Ödəniş terminallarından istifadə - istənilən vaxt kreditin ödənilməsi, kart balansın dərhal artırılması, plastik kart sifarişi və digər ödənişlərin həyata  keçirilməsi, Kredit ödənişlərinin onlayn olaraq həyata keçirilməsi İVR sistemli Məlumat Mərkəzi - 145 Kobrend kartlardan istifadə (İdeal, MyBrands) Elektron Arayış xidməti - Elektron Hökumət portalı ilə əməkdaşlıqda iş yerindən arayışının bankdan ayrlmadan elektron olaraq əldə edilməsi SMS Kredit Filiallarda Wi-Fi layihəsi çərçivəsində müştərilərə özəl təkliflər Qeyd olunan ximdətlərin böyük əksəriyyətinə görə Bank dəfələrlə Mərkəzi Bank tərəfindən yüksək qiymətləndirilmiş, həmçinin müxtəlif nominasiyalar üzrə bir çox müsabiqə və xalq sorğularının qalibi seçilmişdir. Bank of Baku sektorunun yenilikçi və aparıcı qüvvəsi olmaqla yanaşı, yüzlərlə bank mütəxəssisinin inkişaf yolunun başlanğıc nöqtəsi olub. Belə ki, Müasir Azərbaycanın Bank sektorunun Akademiyası kimi qəbul olunan Bank of Baku işində yüksək peşəkarlıq, komanda ruhu nümayiş etdirən ixtisaslı kadrların yetişməsində əvəzsiz iş mühiti rolunu oynayıb. Təsadüfi deyil ki, hal-hazırda ölkənin bir çox aparıcı banklarında və maliyyə müəssisələrində yüksək vəzifələrdə çalışan şəxslər arasında məhz Bank of Baku-da karyerasını qurmuş şəxslər üstünlük təşkil edir. Bütün bu illər ərzində Bank yerli və beynəlxalq səviyyədə müxtəlif şirkətlər və maliyyə qurumları ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda uğurla davam etdirməkdədir. Hal-hazırda Bank 700.000 nəfərdən çox fiziki və hüquqi şəxslərə Baş ofis, Əməliyyat mərkəzi və 20 filial vasitəsilə geniş çeşiddə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Fevral 15, 2016 2:08