TANAP-la Türkiyəyə 2,2 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib

Yanvar-may aylarında TANAP boru kəməri ilə Türkiyəyə 2,2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.Bu barədə Azərtac-a Energetika Nazirliyindən bildirilib.Qeyd edək ki, 2018-ci il iyunun 30-dan indiyədək TANAP-la 10 milyard kubmetrdən çox qaz nəql edilib.Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili ötən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 5,8 milyard kubmetr olub. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.“Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumunu 2011-ci il dekabrın 24-də imzalayıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.xeber100.com    

İyun 25, 2021 3:02

İyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 17-19°, gündüz 22-27° isti olacağı gözlənilir.xeber100.com

İyun 15, 2021 3:57