Müşahidə Şurasının yaradılması ilə bağlı Sərəncam

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək.Azərbaycan İnvestisiya Holdinqi QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbulu kimi səlahiyyətləri icra edəcək.QSC-nin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətləri olacaq.Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini 6 ay müddətində təsdiq etməlidir.xeber100.com

Fevral 11, 2021 6:27

Vətən müharibəsi ilə bağlı xatirə pul nişanlarının dizaynı üzrə müsabiqə elan edilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və qalibiyyətlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən savaşı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) xatirə pul nişanlarının dizaynının yaradılması ilə bağlı müsabiqə elan edir.AMB-dən Azərtac-a bildirilib ki, müsabiqə aşağıdakı mövzuları əhatə edir: 1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi; 2. “Şuşa - Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi; 3. “Azərbaycanın memarlıq incisi- Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi; 4. “Ulu öndər Heydər Əliyev - “Bir millət, iki dövlət” qardaşlıq salnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi; 5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri: - “Cəbrayıl rayonu” - “Füzuli rayonu” - “Zəngilan rayonu” - “Qubadlı rayonu” - “Ağdam rayonu” - “Kəlbəcər rayonu” - “Laçın rayonu” - “Xocavənd rayonu” - “Suqovuşan kəndi” Müsabiqədə iştirak etmək üçün iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti və xatirə pul nişanlarının eskizləri fevralın 22-si saat 18:00-dək Mərkəzi Banka təqdim olunmalıdır. Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq. Qalib gəlmiş eskiz əsasında xatirə pul nişanlarının dizaynı hazırlanacaq.Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunub.xeber100.com

Yanvar 29, 2021 6:59

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə 3 dəfəyədək artırılır

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə 3 dəfəyədək artırılır.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyədək artırır.Reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək: - Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20 - Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10 Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq. Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə “WhatsApp” messenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etmək xahiş olunur: - Bakı-Naxçıvan reysləri üçün: “WhatsApp”: +994 55 204 65 54; - Naxçıvan-Bakı reysləri üçün: “WhatsApp”: +994 60 487 30 11. Aviabiletləri, həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür. Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 santimetr ölçüdə portativ kompüter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kiloqramdır, ölçüləri üç ölçünün cəmində 158 santimetrdən çox olmamalıdır.xeber100.com

Yanvar 26, 2021 1:20