Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri davam edir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, oktyabrın 3-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işlərini davam etdirir.Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa edilir. İki geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. Sözügedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Hazırda yolboyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir.Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılır, əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 kilometr hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa, hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 kilometrlik yolun da tikinti işlərinə başlanılıb.Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.xeber100.com

Noyabr 30, 2020 8:39

“Buta Airways” aviaşirkəti Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq.“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.Xatırladaq ki, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kiloqramdan çox olmayan və ölçüləri 3 ölçünün cəmi üzrə 158 santimetrdən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kiloqramdan çox olmayan və ölçüləri 3 ölçünün cəmi üzrə 158 santimetrdən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kiloqramdan çox olmayan və ölçüləri 3 ölçünün cəmi üzrə 118 santimetrdən çox olmayan əlavə baqajın daşınması daxildir.Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürə bilərsiniz. “Duty Free” mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır.Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər artıq “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.xeber100.com

Noyabr 26, 2020 1:36

“OPEC+” Nazirlərinin növbəti iclası dekabrın 17-də keçiriləcək

OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) Müştərək Texniki Komissiyasının (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclaslarının vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bu barədə qərar JMMC-nin noyabrın 17-də keçirilən 24-cü iclasında qəbul edilib. Belə ki, JTC-nin növbəti iclası dekabrın 16-da, JMMC-nin toplantısı isə gələn ayın 17-də keçiriləcək.Qeyd edək ki, Müştərək Texniki Komissiya JMMC-yə neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verir.Xatırladaq ki, Azərbaycan oktyabrda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib. Oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib.“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.xeber100.com

Noyabr 18, 2020 2:58

Şuşada “Azercell”in ilk 4G şəbəkəsi fəaliyyət göstərir

Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı. Artıq Şuşada “Azercell”in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq “Azercell”in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. “Azercell”in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları simsiz rabitə (LTE) texnologiyasına aiddir.Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. “Azercell”in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.xeber100.com    

Noyabr 12, 2020 2:58

“Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq forum keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (“SaSaD”) dəstəyi ilə noyabrın 10-da “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq onlayn forum keçiriləcək.KOBİA-dan Azərtac-a bildirilib ki, tədbirin təşkilində məqsəd Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunmasının və qabaqcıl texnologiyaların tətbiqi ilə yeni məhsulların yaradılmasının təşviqi, müdafiə sənayesinin modernləşdirilməsi üçün innovativ həllər, KOB klasterlərin yaradılması, müvafiq istiqamətlərdə Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarının müzakirə olunmasıdır.Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur.Qeyd edək ki, SAHA İstanbul Türkiyənin birinci, Avropanın isə ikinci ən böyük sənaye birliyidir və sıralarında müvafiq sahədə fəaliyyət göstərən 600-ə yaxın üzvü birləşdirir. 1990-cı ildə yaradılmış “SaSaD”ın isə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 200-dək üzvü var.xeber100.com

Noyabr 6, 2020 12:44