Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunur

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti mayın 9-dan bərpa olunur. Metropolitenin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı Metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək. Qeyd olunanları rəhbər tutaraq metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır: 1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək. 3. Metropolitenin stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. 4. Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq. 5. Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq. 6. Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq. 7. Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.xeber100.com

May 8, 2020 1:38

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

“Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.Birlikdən Azərtac-a bildirilib ki, müraciətdə deyilir: “Qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyi haqqında yalan məlumatlar yayılıb. “YouTube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “Instagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib. Buna görə də ölkə üzrə fəaliyyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və sair ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb. Bildirmək istərdik ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”.xeber100.com

Aprel 29, 2020 12:38