Azərbaycan xalçalarına həsr edilən videosüjet yayımlanıb

“Euronews” telekanalında Azərbaycan xalçalarına həsr edilən videosüjet yayımlanıb.Azərtac xəbər verir ki, “Azərbaycan. Xalçanın qəlbi” adlı süjetdə ölkəmizdə xalçaçılığın qədim və zəngin tarixindən, bu tətbiqi sənət növünün özəlliklərindən danışılır.Həmçinin süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı, muzeyin orijinal üslubda - xalça formasında olduğu vurğulanır. Bu muzeydə 5 minə yaxın eksponat yer alır. Zallarda isə xalçaların təbii rənglərinə xələl gəlməsin deyə, lazımi hərarət və işıq səviyyəsi həmişə qorunur. Hər bir xalçanın ayrı tarixi var və onu toxuyanın xasiyyəti, əhvalı, ovqatı həmin xalçada əks olunur.Muzeyin tərtibatının çox maraqlı olduğunu deyən müəllif bildirir ki, ziyarətçi sanki tədricən bu sənətin sirlərinin açıldığı, onu yaradan xalqın və daha əvvəlki nəsillərin mənəvi dünyasını özündə birləşdirən başqa bir aləmə düşür. Bu sənəti qadınlar bir nəsildən başqa nəslə ötürüblər. Azərbaycan həmişə xalçaları ilə fəxr edib. Azərbaycan xalçalarının əksini 1915-1916-cı illərdə yaşayıb-yaratmış bir çox avropalı rəssamların işində görmək olar.Əlavə edilir ki, 2010-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.xeber100.com

Oktyabr 19, 2017 3:01

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində

Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Xalça Muzeyində “Uçan xalça” və “Müasir incəsənət xalçalarda” adlı iki sərgi açılıb.Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək vurğulayıb ki, sərgi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi Azərbaycan və Avstriya arasında müasir incəsənət sahəsində əlaqələr yaratmaq, xalqların mədəniyyətlərarası dialoqunu və təcrübə mübadiləsini möhkəmləndirməkdir. Avstriya tərəfindən layihənin art-məsləhətçisi - rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır.Muzeyin direktoru qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi – Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Avstriyanın paytaxtı Vyanaya, Vyana Tətbiqi Sənət Universitetinin üç tələbəsi – Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl isə Bakıya dəvət olunublar. Xalçaçı-rəssamlar ölkələrin mədəniyyəti ilə tanış olmaqla yanaşı, “Ənənələr və innovasiyalar” simpoziumu mövzusuna əsasən sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub.Sərgi çərçivəsində tekstil dekoru üzrə ustad dərslər də keçiriləcək.xeber100.com  

Oktyabr 18, 2017 12:29

“İtaewon Global Village Festival”ı keçirilib

Koreya Respublikasının paytaxtı Seulun Yonqsan rayonunda “İtaewon Global Village Festival”ı keçirilib. Azərbaycan festivalda ölkəmizin Koreya Respublikasındakı səfirliyi və Bakının Qaradağ Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə təmsil olunub.Səfirlikdən Azərtac-a bildiriblər ki, 150 mindən çox insanın iştirak etdiyi festivalda Azərbaycana dair milli guşədə ölkəmizin tarixini, mədəniyyətini əks etdirən materiallar, o cümlədən xalçalar, milli geyimlər, musiqi alətləri, müxtəlif suvenirlər, Azərbaycana dair fotoşəkillər nümayiş etdirilib. Festivalın açılış mərasimində təşkil olunmuş konsert proqramında Azərbaycan rəqsləri və milli musiqisi təqdim olunub.Qeyd edək ki, Azərbaycanın sözügedən festivalda təmsil olunması Bakının Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələri çərçivəsində baş tutub.Festivalla paralel olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Qaradağ ilə Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələrin qurulması məqsədilə Koreya Respublikasında səfərdə olub.Yonqsan Rayonu İcra Hakimiyyətində keçirilmiş görüşdə rayon icra hakimiyyətinin rəhbəri Sonq Çanq-hyonq, Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov çıxış edərək ölkələrimiz arasında mehriban dostluq əlaqələrinin mövcud olduğunu qeyd ediblər. Natiqlər gələcəkdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar.Sonra Qaradağ və Yonqsan rayonları arasında dostluq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb.Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair videoçarx nümayiş etdirilib.xeber100.com

Oktyabr 17, 2017 12:51

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Oktyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında “Nə hərb, nə sülh” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, sərgi Azərbaycan rəssamlarının Qarabağ mövzusuna baxışını əks etdirir. Nə hərb, nə də sülh vəziyyətində yaşayan insanların mövcudluq faktı üzərində işləyən rəssamlar, bu həyatın müxtəlif tərəflərini göstərməklə, problemə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Atəşkəsin pozulmasını gündəlik həyatlarının ayrılmaz hissəsi hesab edən yerli sakinlər, öz həyatları bahasına yurdlarında yaşayırlar.Belə ki, fotoqraf Sitarə İbrahimova "Donmuş münaqişə", "Qarabağda itkin düşənlər", "Kənar" və "Veteran" adlı silsilə fotolarında müharibənin izləri ilə həyatlarını davam edən və hələ də müharibə şəraitində yaşayan insanları əks etdirir.Elturan Məmmədov "Top-20" adlı səs instalyasiyası hazırda Qarabağ bölgəsində yaşayan insanların reallıqdan qaçış kimi qiymətləndirərək, o zonada ən çox dinlənilən 20 musiqi trekini təqdim edir. Rəssamın digər “Bayraq” adlı əsəri bayrağın vətəndaşların ümumi ruh yüksəkliyini və xüsusən də, bu əhvalın Aprel döyüşləri dövründə daha da gücləndiyindən danışır.Elnur Babayevin "Qaçqınlar" silsiləsi 90-cı illərdə Qarabağdan qaçqın düşmüş insanların Sabirabadda məskunlaşmasından bəhs edir. Sənədli fotolarda təkcə tarixi hadisələrə istinad deyil, həm də yaşayış şəraiti və infrastrukturun, eləcə də ölkənin o zamankı vəziyyətini göstərir.İlkin Hüseynov "Müharibənin dumanı" adlanan fotosilsiləsi ilə cəbhə bölgələrində yaşayan insanların portretlərini təqdim edir.Erkin Ələkbərlinin "Xarı bülbül" əsəri Qarabağın simvolu sayılan gül vasitəsilə çatdırılan, sökülmüş şəhər, qırılmış həyatlar və sınmış arzuların alleqorik təcəssümüdür.Zamir Süleymanovun "Günah kimdədir?" instalyasiyası Qarabağ münaqişəsinin kimin günahkar olmasından və ümumiyyətlə Azərbaycanın regionda tutduğu geosiyasi mövqeyindən söhbət açır.xeber100.com

Oktyabr 10, 2017 12:46