Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi mədəni proqram hazırlanıb. Proqram daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.Azərtac xəbər verir ki, Heydər Əliyev Sarayında mayın 13-ü və 14-də Türkiyənin tanınmış rəqs ansamblı “Anadolu atəşi”nin, 20-də Dövlət Rəqs Ansamblı, 21-də isə Xalq Artisti Alim Qasımov, Əməkdar Artist Fərqanə Qasımova və onların davamçılarının iştirakı ilə muğam konserti keçiriləcək. Həmçinin Beynəlxalq Muğam Mərkəzində mayın 15-də Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Muğam axşamı”, 17-də Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun konserti, 20-də isə caz ifaçısı Elçin Şirinovun rəhbərliyi ilə “Etno-caz” konserti olacaq.Konsertlərlə yanaşı, Oyunlar ilə əlaqədar teatrlar da xüsusi repertuar hazırlayıb. Mayın 14-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası, Pantomima Teatrında Səbinə Hacıyevanın “Dejavü” tamaşası nümayiş olunacaq. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşası isə mayın 19-da Marionet Teatrında, 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təqdim ediləcək. Bütün teatrlarda sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.xeber100.com