“Azərbaycanfilm” kinostudiyasının məlumatı

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.Azərtac xəbər verir ki, bu barədə aprelin 25-də Nizami Kino Mərkəzində keçirilmiş mətbuat konfransında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Y.Şeyxov və “Azərbaycanfilm” kinostudiyasının direktoru M.Hətəmov məlumat verib.Bildirib ki, mətbuat konfransının məqsədi KİV vasitəsilə ictimaiyyəti, o cümlədən kino sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan gəncləri məlumatlandırmaqdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyası həmin gənclərə müraciət edir.Qeyd edilib ki, daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə  Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.Vurğulanıb ki, abituriyentlərdən lazım olan sənədləri - özləri haqqında məlumat, bioqrafik oçerk, həyat hadisəsi yazmaqları və bunları fotoşəkil daxil etməklə qovluqda Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur.xeber100.com

Aprel 25, 2017 12:49

Mədəniyyət və Turizm Nazirliyi xüsusi proqram hazırlayıb

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi mədəni proqram hazırlanıb. Proqram daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.Azərtac xəbər verir ki, Heydər Əliyev Sarayında mayın 13-ü və 14-də Türkiyənin tanınmış rəqs ansamblı “Anadolu atəşi”nin, 20-də Dövlət Rəqs Ansamblı, 21-də isə Xalq Artisti Alim Qasımov, Əməkdar Artist Fərqanə Qasımova və onların davamçılarının iştirakı ilə muğam konserti keçiriləcək. Həmçinin Beynəlxalq Muğam Mərkəzində mayın 15-də Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Muğam axşamı”, 17-də Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun konserti, 20-də isə caz ifaçısı Elçin Şirinovun rəhbərliyi ilə “Etno-caz” konserti olacaq.Konsertlərlə yanaşı, Oyunlar ilə əlaqədar teatrlar da xüsusi repertuar hazırlayıb. Mayın 14-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası, Pantomima Teatrında Səbinə Hacıyevanın “Dejavü” tamaşası nümayiş olunacaq. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşası isə mayın 19-da Marionet Teatrında, 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təqdim ediləcək. Bütün teatrlarda sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.xeber100.com  

Aprel 23, 2017 3:18