“Film heç bitməsin” kino festivalı keçiriləcək

2024-cü il mayın 3-dən 12-dək İstanbul Nişantaşı Universitetinin təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Beynəlxalq kino festivalına tammetrajlı, qısametrajlı və sənədli filmlər qəbul edilir. Festivalın əsas mövzusu “Bu, realdırmı?” (Is This The Real?) olaraq müəyyən edilib. Festivala Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktik konfranslar və seminarlar da təşkil olunacaq. Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır. İstanbul Nişantaşı Universiteti “Film heç bitməsin” festivalı çərçivəsində fəxri qonaq ölkə olaraq Azərbaycanı seçib. Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Bildirilib ki, İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi müsabiqə çərçivəsində müəyyən edilmiş kateqoriyalar üzrə filmləri seçməklə yanaşı, həm də tamaşaçıların diqqətini Azərbaycan kino sənətinin qiymətli nümunələrinə yönəltməkdir. “Film heç bitməsin” festivalının direktoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müdiri Burcu Kurtişdir. Festivalın beynəlxalq əlaqələr üzrə koordinatoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müəllimləri Ziyad Quliyev və Tuna Yıldırımdır. Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə ən yaxşı filmlər seçiləcək, seminarlar və ustad dərsləri təşkil ediləcək. Eyni zamanda, festivalın koordinatorluğunda yazıçı, aparıcı və aktrisa Yeliz Bozkurt və yazıçı, aparıcı, pedaqoq Funda Karayel fəaliyyət göstərməkdədir. “Film heç bitməsin” festivalında iştirak etmək istəyənlər tammetrajlı, qısametrajlı (animasiya, ədəbi və eksperimental) və sənədli film kateqoriyasında yarışmaq üçün filmlərini göndərə bilərlər. Festivalın şərtləri və filmləri göndərmək üçün ətraflı məlumatla ADMİU-nun saytındakı link vasitəsilə tanış olmaq mümkündür.xeber100.com

Avqust 24, 2023 11:39

Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür

Avqustun 23-də Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür. Bu münasibətlə tanınmış Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları İkinci Fəxri xiyabana gələrək Şahmar Ələkbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Şahmar Ələkbərov böyük aktyor, rejissor olmaqla yanaşı, həm də xoşbəxt insan idi. Onun sənəti bizim qəlbimizdə, kinomuzda, incəsənətimizin tarixində əbədi yaşayacaq. Aktyorun ömür yolundan və yaradıcılığından danışan tanınmış rejissor Cəmil Quliyev deyib: "Bu gün Şahmar Ələkbərovun əziz xatirəsini hörmətlə anırıq. O, böyük sənətkar, çox işıqlı insan idi. Hətta bu tədbirdə də biz onun işığını hiss edirik. Azərbaycan kinosunun salnaməsinin yaranmasında, Azərbaycan kinosunun ötən əsrin 70-80-ci illərdəki inkişafında Şahmar müəllimin müstəsna xidmətləri olub. Onun yaratdığı surətlər, çəkdiyi filmlər, xüsusilə "Qəzəlxan" filmi daim tamaşaçıların qəlbində yaşayır və yaşayacaq. O, həmçinin gözəl dublyaj ustası idi, onun səsləndirdiyi filmlər bu gün də qorunub saxlanılır”. Xalq artisti Həmidə Ömərova Şahmar Ələkbərovla bağlı ürək sözlərini belə ifadə edib: “Biz tez-tez qastrollara gedirdik. Şahmar müəllim çox təmkinli, az danışan insan idi. Səfərlər zamanı oxuduğu mahnılar zövqümüzü oxşayırdı. Çox gülərüz siması var idi. Xəstə olanda belə pozitivliyini saxlayırdı. “Qəzəlxan” filmini çəkən zaman da ruhdan düşmürdü. Kiminsə kefi olmayanda da çalışırdı ki, onun könlünü açsın. Şahmar müəllim bizim ürəyimizdə böyük iz qoydu”.xeber100.com

Avqust 23, 2023 2:49

“Xəzər mövsümləri” beynəlxalq klassik sənət festivalının açılışı olub

Həştərxan Kremlinin Kilsə meydanında “Xəzər mövsümləri” beynəlxalq klassik sənət festivalının açılışı olub. Yaxın iki həftə ərzində dünya səhnəsinin ulduzları həştərxanlıları və şəhərin qonaqlarını Xəzəryanı ölkələrin mədəniyyəti ilə tanış edəcəklər. Tədbir Rusiya “Kultura” milli layihəsi çərçivəsində həyata keçirilir. Rusiya KİV-ləri xəbər verir ki, festivalı çıxışları ilə Xəzəryanı dövlətlərin simfonik orkestri açıb. Orkestrin heyətinə Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İrandan olan 60-dan çox musiqiçi daxildir. Baş dirijor Mixail Qolikovun rəhbərliyi altında kollektiv rusiyalı və xarici müəlliflərin əsərlərini səsləndirib. Orkestrin musiqisinin müşayiəti ilə tanınmış opera müğənniləri – Böyük teatrın solisti, Rusiyanın Əməkdar artisti İldar Abdrazakov, Rusiya və beynəlxalq müsabiqələrin laureatı, Mariya teatrının opera truppasının solisti Olqa Pudova, Azərbaycanın Xalq artisti Elçin Əzizov, iranlı bəstəkar və musiqiçi Mehdi Hüseyni, Qazaxıstanın Əməkdar xadimi, “Astana opera” teatrının solisti Nurlan Bekmuhambetov, eləcə də Türkmənistanın Əməkdar artisti Leyli Okdirova çıxış ediblər. Konsert multimedia şousu ilə müşayiət olunub. Festival çərçivəsində avqustun 24-də Həştərxan filarmoniyasında Xəzəryanı ölkələri bəstəkarlarının birinci forumu keçiriləcək, avqustun 25-dən 28-dək Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan günləri, avqustun 29-da isə nüfuzlu beynəlxalq müsabiqələrin gənc qalibləri Opera və Balet Teatrında Rusiyanın Xalq artisti, pianoçu Denis Masuyevlə eyni səhnəni bölüşəcəklər. Vilayət Mədəniyyət Nazirliyində qeyd ediblər ki, hər iştirakçı ölkəyə həsr olunan konsertlərdən əlavə festival çərçivəsində sentyabrın 2-si və 3-də Həştərxan Kremlində ilk milli rus operası - M.İ.Qlinkanın “İvan Susanin” operası təqdim olunacaq. Quruluş üçün xüsusi olaraq, 200-dən artıq kostyum tikilib. Əsas partiyaları Həştərxan Opera və Balet Teatrının solistləri, eləcə də ölkənin aparıcı teatrlarından dəvət olunmuş ifaçılar səsləndirəcək. Yeri gəlmişkən, operaya onlayn-yayımda da baxmaq mümkün olacaq. Proqrama sentyabrın 6-da Böyük teatrın prima balerinası, Rusiyanın Xalq artisti Svetlana Zaxarovanın iştirakı ilə konsert yekun vuracaq.xeber100.com

Avqust 23, 2023 2:47

Heydər Əliyev Sarayında Tomas Andersin konserti olacaq

Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək. Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.xeber100.com

Avqust 10, 2023 10:56

Xalq artisti Rasim Balayevin 75 yaşı tamam olur

Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli aktyor Rasim Balayevin 75 yaşı tamam olur. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli sənətkar ardıcıl olaraq Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan. Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”. Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə çox səriştəlidir. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir. Onun kino mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər və bu yöndə qazandığı uğurlar onu deməyə əsas verir ki, o, 75 illik ömrünün əsas hissəsini sənətə həsr edib. Rasim Balayevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ali dövlət orden və mükafatları ilə təltif olunub. Rasim Balayev 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf”, 2023-cü il avqustun 7-də isə “İstiqlal” ordenləri ilə təltif edilib. Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.xeber100.com

Avqust 8, 2023 1:36