Mahnı Teatrında poeziyası axşamı keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində ispan musiqisi və poeziyası axşamı keçirilib. Azərtac xəbər verir ki, layihənin rəhbəri Nigar Həsənzadə tədbirin əhəmiyyətindən danışıb. O, ispan ədiblərinin və musiqi xadimlərinin əsərlərinin Azərbaycan oxucuları üçün də maraqlı olduğunu söyləyib. Bu imkanı yaratdığı üçün İspaniyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib. Tədbirdə İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Diez Azərbaycan ilə İspaniya arasında mədəni əlaqələrin hazırkı vəziyyəti, perspektivləri, əməkdaşlıq məsələləri barədə danışıb. İki ölkə arasında mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan diplomat belə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Azərbaycan Dillər Universitetinin ispan dili müəllimi Fransisko Kapilya layihənin təşkilatçılarına minnətdarlığını bildirib. İspan ədəbiyyatının və musiqisinin təbliğində layihənin əvəzsiz töhfə olduğunu söyləyib. Sonda Azərbaycan Dillər Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında ən yaxşı ispan müəlliflərinin əsərlərindən seçilmiş nümunələr təqdim edilib.Tamaşaçılar Migel de Servantesin, Xorxe Manrikenin, Qustavo Adolfo Bekerin, Federiko Qarsiya Lorkonun əsərlərini, həzin ispan musiqisini və çılğın ispan rəqslərini alqışlarla qarşılayıblar.xeber100.com

Oktyabr 15, 2016 7:06

Rəssamlar İttifaqının təşkilatçılığı ilə sərgi açılıb

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Xatirələrim” adlı sərgi açılıb. Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutub. Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Deyib ki, Asiman təxəllüsü ilə tablolarını ərsəyə gətirən rəssam fırçanın dili və müxtəlif rəng çalarları ilə Abşeron təbiətini, qədim Bakının gəzməli-görməli yerlərini sənətsevərlərə müfəssəl çatdıra bilib. Fırça ustası əsərlərində ciddi axtarışlardan sonra ərsəyə gətirdiyi bədii görkəm cəlbediciliyi ilə hər kəsi düşünməyə vadar edir. Təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlara diqqət yetirəndə inanırsan ki, əsl rəssamlıq doğrudan da başqalarının görə bilmədiklərini kəşf etməkdən və yaxud da, adi gözlə yaxşı görünənləri çox fərqli rakursdan bədiiləşdirə bilməkdən başlayır. Vurğulanıb ki, rəssamın müxtəlif janrda yaratdığı sənət əsərləri əsasən vətənpərvərlik mövzusuna həsr olunub. Rəssam İntiqam Ağayev sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi bir həftə davam edəcək.xeber100.com

Oktyabr 15, 2016 7:02

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə…

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş sərgi keçirilib. İdarədən Azərtac-a bildirilib ki, sərgidə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin əl işləri yer alıb. Tədbirdə Lətif Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib və videomateriallar nümayiş etdirilib. Bildirilib ki, Lətif Kərimov Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirib və elmi əsasını qoyub. O, Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbini (Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz) müəyyən edib və bu məktəblərin səciyyəvi xüsusiyyətlərini göstərib. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin zənginləşməsinə öz töhfəsini verib. Lətif Kərimov tədqiq etdiyi xalçaları 1961-ci ildə kitab halında çap etdirib. “Azərbaycan xalçası” adlanan bu kitabla o, milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları, 1300-dən artıq elementin açmasını, əyani təcrübələri bir yerə toplayıb. Kitab xarici tədqiqatçılar üçün mühüm mənbə rolunu oynamaqla yanaşı, dünyada Azərbaycan xalçasının “Şərq”, “İran”, “Qafqaz” adı altında təqdimatının səhv yanaşma olduğunu sübut edib. Xalçaçı rəssam Eldar Mikayılzadə və rəssam Arif Hüseynov Lətif Kərimovla bağlı xatirələrini bölüşüblər.xeber100.com

Oktyabr 15, 2016 6:53

Xalça Muzeyində mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Xalça Muzeyində Şekspirə həsr olunmuş xalça müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərtac xəbər verir ki, müsabiqə “British Council Azerbaijan” ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi tərəfindən böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyi şərəfinə elan edilib. Xalça Muzeyinin direktoru Şirin Məlikova “British Council Azerbaijan”ın başçısı Elizabet Uayta təşəkkür edərək bildirib ki, bu, Şekspirə həsr olunmuş birinci xalça müsabiqəsidir. O, iştirakçılara yaradıcılıq potensiallarını üzə çıxarmaq üçün böyük imkanlar yaradıb. Müsabiqənin “British Council Azerbaijan”ın başçısı Elizabet Uaytın şəxsi təşəbbüsü ilə təşkil edildiyini bildirən Böyük Britaniyanın Azərbaycandakı səfir Kerol Meri Krofts deyib: “Şekspirin yaradıcılığı indi də aktual və aydındır. Vətəndən uzaqda - Azərbaycanda onun adının hörmətlə anılması, yaradıcılığının yüksək qiymətləndirilməsi bunu bir daha təsdiq edir. Şekspirin sonet və pyesləri dünya dillərinin az qala hamısına, o cümlədən Azərbaycan dilinə tərcümə olunub və şəksiz maraq doğurur. Müsabiqənin nəticələrinə görə, Şeskpirə və onun yaradıcılığına həsr olunmuş ən maraqlı dizayn müəyyən ediləcək. Bu müsabiqə Azərbaycanın xalçaçılıqda ifadə olunmuş zəngin mədəni irsi ilə dünya şöhrətli Şekspirin ölməz yaradıcılığını birləşdirib. Azərbaycan yeganə ölkədir ki, Şekspirin yaradıcılığı xalçalarda əks olunub, onların kreativliyi və dizaynı məni məftun etdi”.xeber100.com

Oktyabr 14, 2016 3:48