Ülviyyə Əliyeva: “İnsanı formalaşdıran təcrübədir”

Ülviyyə Əliyeva 17 yaşında Hüseynağa Atakişiyevin rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Gənclər Teatrında çalışmağa başlayıb. Rejissor hələ sənətdə yeni addım atmağı öyrənən həvəskar aktrisanın istedadını görüncə onu sənətə doğru istiqamətləndirir, hətta aktrisada olan səsi də ilk dəfə Hüseynağa Atakişiyev kəşf edib. Ümumiyyətlə aktrisanın yaradıcı fəaliyyətində onu sənətkarlar istiqamətləndirib ki, onların hər biri Azərbaycan incəsənətində özünəməxsus yerə sahibdir.Xeber100.com aktrisa ilə olan geniş müsahibəni sizlərə təqdim edir. -Fərqli peşələrə olan meyl və sonda incəsənəti seçmək, bu bir təsadüf idi, yoxsa elə özünü axtarıb incəsənətdə tapmaq? Yəqin ki, bu həyatda təsadüfi deyilən heç bir şey yoxdur. Sadəcə dediyiniz kimi insan özünü axtararaq nəhayət tapır ki, nəticədə də özünü sevdiyi peşəyə həsr edir. Mən rus dilində təhsil almışam, yaxşı oxumuşam, xüsusilə rus, azərbaycan dili, ədəbiyyat və ingilis dilini. Hətta ingilis dili üzrə xüsusilə seçilirdim. Ancaq tale elə gətirdi ki, incəsənətə gəldim, teatrı seçdim. Baxmayaraq ki, Rus Dram Teatrının repertuarını əzbər bilirdim, bu teatrın fəaliyyətini yaxından izləyirdim, az qala bütün tamaşalarında iştirak edirdim, ancaq səhnədə aktrisa kimi ilk addımlarımı  Azərbaycan Dövlət Gənclər Teatrında atmışam. Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan tamaşalarda maraqlı rollar oynadım. İlk rolum “Tıq tıq xanım” da kiçik həcmli bir rol oldu. Bu roldan sonra Cəlil Məmmədquluzadənin “Ölülər”ində Nazlı rolu mənə həvalə edildi.  Bir sözlə, məni aktrisa kimi kəşf edən, səsimin olmasını ilk dəfə kəşf edən Hüseynağa müəllim oldu. O həqiqətən müəllim idi, bizim sevimli müəllimimiz. Səsim olduğu üçün məni Musiqili Teatr Aktyoru Fakultəsinə istiqamətləndirdi. İncəsənətdə Yaşar Nuri kurs rəhbərimiz oldu, sonralar Şəfiqə Məmmədova kurs rəhbərimiz oldu, daha sonra İlham Namiq Kamal bizim kursa dərs dedi və daha sonra Afaq Bəşirqızından sənətin sirlərini öyrəndik, bir sözlə, bu sənətdə can qoymuş fədailərdən sənəti öyrənməklə onların yolunu tutduq. II kursda oxuduğum zaman Afaq xanım məni Musiqili Komediya Teatrına dəvət etdi. Əvvəlcə bir qədər çəkindim, çünki böyük teatr, canlı orkestr və ən önəmlisi bu teatrda can qoymuş sənətkarlarla birgə o möhtəşəm səhnəni paylaşmaq mənə çox çətin görünürdü... -Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan tamaşalarda dramatik səpgili rolları birdən-birə Musiqili Komediya Teatrının səhnəsindəki musiqili komediya janrında olan tamaşalardakı rollara dəyişmək...Bu qərarı vermək çətin olmadı ki? Bir tərəfdən aktrisalıq imkanlarıma güvənərək məni öz teatrında çalışmağa dəvət edən Afaq Bəşırqızı var idi, digər tərəfdə də məndəki istedadı kəşf edən Hüseynağa Atakişiyev. Çox çətin qərar idi, Hüseynağa müəllimə deyərkən mənə xeyir-dua verdi, öhdəsindən gələcəyimi söylədi. Musiqili Komediya Teatrı da mənə geniş meydan verdi. Mən teatra yeni gələndə teatrda əsas rollarda əsasən rəhmətlik Xanım Qafarova oynayırdı. Rəhmətliklə bir çox tamaşalarda tərəfmüqabili oldum. Hətta Xanımdan sonra ən çox tamaşalarda oynayan aktrisa mən idim. -Bəs komediyanı özünüzə daha çox yaxın bilirsiniz, yoxsa dramatik səpgili rolları? Öncəliklə komediya oynamaq daha çətindir, nəinki dram əsərlərində oynamaq. İnsanı ağlatmaq daha asandır, çünki hər bir insanın bir dərdi var, hər kəs bir cür bədbəxtdir, hər kəsin bir sarı simi mütləq var və o sarı simə çox asanlıqla toxunmaq olur. Ancaq xoşbəxtlik demək olar ki, hamıda eynidir. Bu baxımdam güldürmək çətindir. -18 illik fəaliyyətiniz var, deyəsən çox gərgin keçmiş illərdir. Necə öhdəsindən gəldiniz? Çox gərgin illər idi...Elə olub ki, bur sutkada 18 saat çalışmışam. Təsəsvvür edin ki, tamaşaçıların sevimli serialı olan “Üç bacı”nın çəkilişləri zamanı səhər saat 10.30-da çəkiliş başlayırdı və səhər saatlarına qədər çəkilişlər gedirdi. Hətta başımız elə qarışıq olurdu ki, günün necə gəlib keçdiyindən belə xəbərimiz olmurdu. Yəni, tamaşaçıların rahat evlərində oturub baxdığı bu seriallar əslində yaradıcı kollektivin gərgin əməyinin nəticəsidir. -Heç imtina etdiyiniz rollar olub? Etiraf edim ki, heç bir roldan imtina etməmişəm, mənə həvalə olunan rolu mənimsəyərək oynamışam, onu özümünküləşdirməyə çalışmışam. Ancaq onu da etiraf edim ki, mənə zəif rollar heç təklif olunmayıb, təklif olunan rolların hər birində maraqlı bir xarakterlə qarşılaşmışam. Hətta təklif olunan rollarda nə qədər pul qazanacağımla belə maraqlanmamışam. Allah hər kəsin bərəkətini elə onun işi vasitəsilə göndərir. Bu baxımdan qismətə inanıram. Sənət dünyasında hər şeyə sənət nöqteyi nəzərindən yanaşmaq çox vacibdir. Hər rejissorla çalışmaq özü bir inkişafdır, bir yenilikdən xəbərdar olmaqdır, fərqli dünyagörüşü ilə qarşılaşmaqdır. Sənətə belə yanaşmaq lazımdır. -Həm teatrda çalışmaq, həm seriallara çəkilmək, eyni zamanda aparıcılıq etmək... ...Bütün bunlar həm vaxt tələb edir, həm elə etməli ki, bir-birinə mane olmasın. Yeri gəlmişkən, teatrımzın direktoru Əliqismət Lalayevə minnətdaram ki, aktyorların sənətlə bağlı başqa işlərdə çalışmasına şərait yaradır. Ancaq nə olur olsun teatr ilk yerdədir. Bildiyiniz kimi bizim teatr bu il bir ilkə imza atdı. Mövsümün bağlanışı zamanı teatrda hər sahə üzrə çalışan gənclərə mükafatlar verildi. Bu əyləncəli-musiqili bir səviyyədə həyata keçirildi. İnanıram ki, davamlı olacaq. Bax, bütün bunlar yaradıcı gənclər üçün yeni imkanlar açır, növbəti mövsümdə daha böyük güclə çalışaraq sanki yaxşı mənada yarışacaqlar. Bildiyiniz kimi teatrımız 106-cı mövsümünü bağladı və mövsümün bağlanışı zamanı belə tamaşaçıların bu isti gündə həvəslə teatra gəlişi bir daha sübut etdi ki, Musiqili Teatrın heç bir vaxt tamaşaçı qıtlığı olmayıb. Bir haşiyə çıxmaq istərdim. Avropa oyunları zamanı güman etmək olardı ki, tamaşaçılar teatra gəlməyəcək. Çünki belə möhtəşəm oyunu izləmək daha maraqlı olardı. Ancaq tamaşaçı həm tamaşalara mütəmadi olaraq gəldi, həm də oyunların tamaşaçısına çevrildi. Bu ən böyük uğurdur. Onu da qeyd edim ki, Avropa oyunları zamanı bizim teatrın üzərinə də böyük məsuliyyət düşmüşdü. Əcnəbilər üçün bir çox tamaşalar ingilis dilinə çevrilmiş və subtitrlər vasitəsilə təqdim olunurdu. Bütün bunlar hamısı mədəniyyətimizin dünya ölkələri tərəfindən daha yaxşı tanınması üçün idi. -Hər aktyorun öz tamaşaçısı olur, sizin də öz pərəstişkarlarınız var. Şəxsən şahid olmuşam ki, tamaşaçı sizin oyunu necə maraqla izləyir. Ancaq bunun məsuliyyəti o qədər də asan deyil? Çox böyük məsuliyyətdir və sənə pərəstiş edən, oynunu daima izləyən tamaşaçını mütləq qane etməlisən. Mən səhnədə olarkən heç kimi görmürəm, sank gözlərimin qarşısnda bir divar hörülür, bir oynadığım obraz olur, bir də mən. Hətta ən yaxın adamlarım-qohumlar, qonşular, dost-tanışlar ilk sırada oturub mənə baxsalar belə onları görmürəm. Televiziya çəkilişlərində tutaq ki, istənilən məqam montaj olunur, ancaq canlı səhnədə tamaşaçı nəfəsini hiss edərək oynamaq məsuliyyətli olduğu qədər də çox qürur verici bir şeydir. Hər kəs sakit oturub səhnəyə hakim kəsilir, aktyorların səhnədəki oyununa alqış səsləri ilə yaxşı mənada reaksiya verilir.Bundan böyük xoşbəxtlik olar?! Mən bu sənəti bütün varlığımla sevirəm. Bir məqamı unutmayaq ki, bizim sənətimiz kənardan asan görünə bilər, bəlkə də çoxlarına asan görünür. Ancaq  asan görünən bu işin arxasında necə gərgin əmək dayandığını bir bilsəniz, bir görsəniz, bunu sözlə ifgadə etmək çox çətindir. Bir var ki, iynə ilə gor qazmaq, bir də var ki,  iynə ilə dağları, qayaları qazaraq keçmək. Mənim 18 ilim məhz belə bir zəhmətin məhsuludur. Bir addım irəli getmişəmsə, 10 addım geriyə getmişəm. -Yəqin ki,  belə çətinliklərin öhdəsindən gəldiyiniz üçün belə güclü xarakterə maliksiniz... İnsanı formalaşdıran çətinliklərdir, təcrübədir. Təcrübə o vaxt qazanılır ki, müxtəlif səpgili tamaşalarda, serialarda müxtəlif səpgili rollar oynayırsınız. Və bu proses illərlə davam edir. Yuxarıda qeyd etdiyim kimi hər rejissorun fərqli yozumu olur, fərqli dünyagörüşü olur. Ayrı-ayrı rejissorlarla çalışmaq elə ən böyük təcrübədir. -Ən maraqlı səhnə əsərlərində saysız-hesabsız rollar oynamısınız. Oynadığınız rollardan hansı sizin daxili dünyanıza birbaşa sirayət edə bilib? Desəm ki, oynadığım rolların sayını-hesabını unutmuşam, yəqin ki, inanarsınız. Ancaq hər bir rola böyük əmək vermişəm. Buna baxmayaraq “Arşın mal alan”da oynadığım Telli obrazı mənim daxili dünyama daha çox sirayət edib. Bildiyiniz kimi Səfurə İbrahimovanın kinoda oynadığı Telli obrazı əvəzsiz olaraq qalır...Məhz onu ifasına bütün tamaşaçı sevdiyi üçün bu rol mənə həvalə olunduğu zaman məsuliyyətini anlayırdım. Tellini elə oynamalı idim ki, tamaşaçının əzbər bildiyi ifanın yanında heç olmasa qəbul olunsun.  Yaxşı ki, tamaşa, elə Telli rolu maraqlı alındı, tamaşaçı qəbul etdi. Yeri gəlmişkən, il yarım tamaşanın məşqləri oldu. Elvin Mirzəyev tamaşanı elə qurmuşdu ki, səhnə boyunca sadəcə hərəkət var idi, bir saniyə belə boş dayanmaq yox idi. Təsəvvür edin ki, tamaşa vaxtı milli geyimləri yarım dəqiqə ərzində dəyişirdik. Məşq prosesində nə filmə baxdım, nə də “Arşın mal alan”la bağlı hər hansı bir tamaşaya. Bütün diqqətimi tamaşaya verdim və ürəklə Tellini oynadım. Doğrudur tamaşa artıq repertuarda yoxdur, ancaq nə olur olsun Telli obrazı mənə hər zaman yaxın olaraq qalacaq. Bu tamaşanı, bu obrazı hər an gözüyumulu oynamağa hazıram, yəni o qədər beynimə, yaddaşıma, varlığıma həkk olunub. -Yeri gəlmişkən, bir müddət teatrdan ayrı qaldınız və yenidən teatra olan dönüşünüz möhtəşəm oldu. Əgər sirr deyilsə, teatrdan uzaqlaşmağınızın səbəbi nə idi? Əslində bir müddət teatrdan ayrı qalmağımın elə də ciddi bir səbəbi olmadı. Sadəcə olaraq çəkilişlərə o qədər başım qarışırdı ki, bu da vax məhdudiyyətinə səbəb olurdu. Mən istəməzdim mənə görə teatrın işi ləngisin. Həftənin 7 gününü çəkilişdə olmaq və teatra zaman ayırmamaq haqsızlıq olardı. Baxmayaraq Əliqismət müəllim bütün şəraiti yaradırdı, hətta məhz bu səbəbdən teatrdan ayrılmağıma icazə vermək istəmirdi, ancaq bu yaxşılıqdan sui-istifadə edə bilməzdim, bu mənim təbiətimdə heç yoxdur. Ona görə də bir müddət uzaqlaşdım...xeber100.com  

Oktyabr 12, 2016 2:19

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə…

Oktyabrın 14-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində sərgi açılacaq. Baş İdarədən Azərtac-a bildirilib ki, sərgi Azərbaycanın Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr olunacaq. Qeyd edək ki, Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirərək, onun elmi əsasını qoyan L.Kərimov olub. O, Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbi müəyyən edib - Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz. Bu məktəblərin səciyyəvi xüsusiyyətlərini göstərib. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin yenidən həyata qaytarılıb zənginləşməsinə öz töhfəsini verib. Tədqiq etdiyi xalçaları o, 1961-ci ildə kitab halında çap etdirib. "Azərbaycan xalçası” adlanan bu kitabla o, milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları, çeşniləri, 1300-dən artıq elementin açmasını, əyani təcrübələri bir yerə toplayıb. Kitab xarici tədqiqatçılar üçün mühüm mənbə rolunu oynamaqla yanaşı, dünyada Azərbaycan xalçasının "Şərq”, "İran”, "Qafqaz” adı altında təqdimatının səhv yanaşma olduğunu sübut edib.xeber100.com

Oktyabr 12, 2016 11:02