Minsk-Bakı videokörpüsü keçirilib

İyunun 10-da “Sputnik Belarus” İnformasiya Agentliyinin multimedia mətbuat mərkəzində Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin Belarus premyerasına həsr olunan Minsk-Bakı videokörpüsü keçirilib. Azərtac xəbər verir ki, belaruslu xoreoqraf Olqa Kostelin quruluş verdiyi bu tamaşa ilə iyunun 11-də Minskdə “Bolşoyda balet yayı” beynəlxalq festivalı açılacaq. “Eşq və Ölüm” baleti təxminən 1300 il əvvəl yaradılmış və UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş qədim türk eposu “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılıb. Bəstəkar bu əsərini həyatının başlıca işi adlandırır. P.Bülbüloğlu bildirib: “Mədəni əlaqələr ölkələr arasında münasibətləri gücləndirir. Minskdə çoxlu dostum var, onları neçə illərdi tanıyıram. Şadam ki, baletimin premyerası məhz burada olacaq”. Videokörpü zamanı Belarus Böyük Opera və Balet Teatrında tamaşanın premyerası və MDB-nin əsas humanitar mükafatı olan “Birlik Ulduzları”nın təqdimetmə mərasimindən söz açılıb. Premyeradan əlavə, Azərbaycanın Rusiyadakı səfiri “Birlik Ulduzları” mükafatını təqdim edəcək. Bu il mərasim ilk dəfə Minskdə keçiriləcək. Azərbaycanlı diplomat və bəstəkar bildirib: “Öz yaradıcılığına, istedadına görə bu mükafata layiq görülən şəxslər ölkələri, insanları və mədəniyyətləri birləşdirir. Heç bir mədəniyyət təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. O başqaları ilə əlaqədə olmalıdır”. P.Bülbüloğlunun sözlərinə görə, mədəniyyət çox işə qabildir. 25 ildir Vitebsk şəhərində keçirilən “Slavyan Bazarı” festivalı buna nümunədir. Səfir deyib: “Məncə, həm MDB məkanında, həm də dünyada ikinci belə festival yoxdur. Bu festivaldakı əhval-ruhiyyə dostluğa, əməkdaşlığa, mehriban münasibətlərə və mədəni əlaqələrə təşviq edir”. Jurnalistlər Azərbaycanın Rusiya Federasiyasındakı səfiri ilə yaradıcılıqla bağlı olmayan mövzularda da danışmaq imkanı qazanıblar. Azərbaycanlı diplomat Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyət haqqında sualları da cavablandırıb. O deyib: “Ümid edirəm ki, sağlam zəka üstün gələcək və regionda sülh bərqərar olacaq”. Minskdəki videokörpüdə həmçinin MDB-nin “Birlik Ulduzları” humanitar mükafatının laureatı, Azərbaycan Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi, “ASAN FM” radiostansiyasının rəhbəri Emin Musəvi, jurnalist, teleaparıcı Nuran Hüseynov iştirak edib. “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin multimedia mətbuat mərkəzində isə pilot layihənin iştirakçıları tanınmış musiqişünas və diplomat Nigar Axundova, Azərbaycan Musiqi Akademiyasının incəsənət və musiqi nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyəti Xadimi Alla Bayramova və başqaları iştirak edib. Tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.xeber100.com

İyun 11, 2016 1:01

Corc Kondonun sərgisinin açılışı olacaq

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından olan Corc Kondonun (George Condo) sərgisinin açılışı olacaq. Mərkəzdən Apa-ya verilən məlumata görə, “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən artıq əsəri - rəsmlər, heykəltəraşlıq nümunələri nümayiş olunacaq. Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord şəhərində anadan olub. 1976-78-ci illərdə Louel şəhərindəki Massaçusets Universitetində təhsil alıb. C. Kondo Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gəlib. O, amerikan karikaturasından, Avropa portret tarixindən və yunan mifologiyasından ilham alaraq portret janrının araşdırması ilə məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş, xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir. C. Kondo öz yaradıcılığını “süni realizm” termini ilə ifadə edir. O, rəssam kimi məşhur olmasına baxmayaraq, həm də heykəltəraşlıqla məşğuldur. C. Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah” adlı əsəri ilə gəlib. C. Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə şəkillər yaratmağa başlayıb. C. Kondonun həm doğulduğu ABŞ-ın, həm də Avropanın bir sıra şəhərlərində - Hyuston, Nyu-York, Buffalo, Salzburq, Paris, Barselona, Bilefeld və Londonda sərgiləri keçirilib. Heydər Əliyev Mərkəzindəki sərgi noyabrın 6-dək davam edəcək.xeber100.com

İyun 10, 2016 2:59

Mədəniyyət və Turizm Naziri vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Samuxda vətəndaşları qəbul edib. Apa-nın məlumatına görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib. Sakinlər tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti, atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi, bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər. Nazir bildirib ki, qəbulda 30-dək vətəndaş iştirak edib: “Tarixi abidələrimizin qorunması, yerlərdə mədəni həyatın daha da canlandırılması ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir. Tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirilməsi haqqında sərəncamına əsasən nazirliyin 15 regional idarəsi yaradılacaq. İslahatlar nəticəsində nazirliyin fəaliyyəti daha da optimallaşdırılacaq, eyni zamanda, bu proses bölgələrimizdə mədəniyyət və turizminin inkişafına öz töhfəsini verəcək".xeber100.com

İyun 10, 2016 12:49

Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçiriləcək

İyunun 9-11-də İtaliyanın Bolonya şəhərində XXII “2 avqust” Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçiriləcək. Müsabiqə 1980-ci il avqustun 2-də Bolonya şəhərinin dəmiryol vağzalında törədilmiş Terror aktının qurbanlarının Qohumları Dərnəyi, Terror aktının qurbanları ilə Həmrəylik Komitəsi, “2 avqust” Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi Assosiasiyası və Bolonya şəhəri Bələdiyyə Teatrının fondu tərəfindən təşkil edilib. Günay Mirzəyevanın Azərtac-a verdiyi məlumata görə, bu müsabiqəyə İtaliya Respublikasının prezidenti himayədarlıq edir. Əvvəlki müsabiqələrdə münsiflər heyətinin tərkibinə dünya şöhrətli musiqiçilər - Ennio Morrikone, Rikkardo Muti, Luço Dalla, El Di Meola, Rişar Qalyano və başqaları daxil edilib. Qeyd etmək lazımdır ki, Günay Mirzəyeva bu müsabiqənin münsiflər heyətinə daxil edilmək şərəfinə layiq görülmüş ilk Azərbaycan bəstəkarıdır. Müsabiqənin mükafatına layiq görülən əsərlər 2016-cı il avqustun 2-də, yəni terror aktının qurbanlarının xatirə günümdə Bolonyanın “Piazza Maggiore” meydanında ifa ediləcək. Günay Mirzəyeva Almaniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının prezident təqaüdçüsü, Ştutqard konservatoriyasının, Roma Santa-Çeçiliya Konservatoriyasının və Karlsrue konservatoriyasının məzunudur (bu sonuncu təhsil müəssisəsində G. Mirzəyeva dünya şöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq üzrə doktor dərəcəsi alıb). Uzun illərdir ki, Günay Mirzəyeva italiyalı bəstəkar və təşkilatçı Françesko Macio ilə birlikdə Avropa ölkələrində Azərbaycan musiqisini və mədəniyyətini uğurla təbliğ edir.xeber100.com

İyun 8, 2016 2:13

“Futurismo Ora” sərgisinin açılışı olub

“Centro İtaliano Baku” sərgi salonunda “Futurismo Ora” sərgisinin açılışı olub. Sərgi İtaliyanın Bakıdakı səfirliyi, Azərbaycan-İtaliya Assosiasiyası və “Centro İtaliano Baku” tərəfindən təşkil edilib. Azərtac xəbər verir ki, tədbirin mədəni işlər üzrə idarəçilərindən olan Paola Casagrande tədbir iştirakçılarını salamlayaraq, bu əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, tədbirin əsas məqsədinin İtaliya mədəniyyətini təşviq etmək, mühüm İtaliya incəsənət cərəyanı olan “Futurizm” haqqında maarifləndirici iş aparmaq, digər tərəfdən isə “Grand Prix Baku-2016” haqqında məlumat vermək olduğunu söyləyib. Bildirilib ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və bir sıra digər universitetlərdə təhsil alan 100-dən artıq istedadlı gəncin gələcəyə dair şəxsi baxışlarını əks etdirən əsərləri nümayiş olunur. Sərgi incəsənətin bütün sahələrini, o cümlədən rəssamlıq, heykəltəraşlıq, musiqi, memarlıq, teatr, kino və qastronomik sahələri əhatə edib. Əsərlər sentyabrda beynəlxalq münsiflər heyəti tərəfindən mükafatlandırılacaq. Vurğulanıb ki, bu layihə XX əsrin əvvəllərində İtaliya və bir sıra digər ölkələri xarakterizə edən və bu ölkələrə təsir edən önəmli incəsənət hərəkatı olan futurizmə əsaslanan çoxistiqamətli layihədir. Tədbirdə “Lamborghini” simfonik orkestrinin ifasında avanqard və fantastik üslubda musiqi nömrələri səsləndirilib. “Centro İtaliano Baku” sərgisi sentyabradək davam edəcək.xeber100.com

İyun 8, 2016 2:10

Gənc Tamaşaçılar Teatrı beynəlxalq tədbirlərdə uğurla qazanıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki ayrı-ayrı heyəti beynəlxalq tədbirlərdən uğurla geri dönüb. Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş “Qostinıy dvor” VIII Beynəlxalq Teatr Festivalında kollektiv L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə müvəffəqiyyətlə çıxış edib. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrında nümayiş etdirilən tamaşadan sonra festivalın münsiflər heyətinin müzakirəsi keçirilib. Müzakirədə hər bir münsiflər heyətinin üzvü tamaşa haqqında yüksək fikirlər səsləndirib. M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçirilmiş festivalda bir sıra ölkələrin teatr kollektivlərinin dram və komediya janrlarında olan 10 tamaşa nümayiş etdirilib. Festivalın münsiflər heyətinə sənətşünaslıq doktoru, professor, Rusiyanın Əməkdar Elm Xadimi, Rusiya Teatr İncəsənəti İnstitutunun xarici teatr tarixi fakültəsinin rəhbəri Aleksey Bartoşeviç rəhbərlik edib. Münsiflər heyətinin üzvləri isə Rusiyanın Əməkdar İncəsənət Xadimləri, nüfuzlu teatr mükafatlarının laureatları, məşhur teatr tənqidçiləri Konstantin Şerbakov, Nina Karpova, Andrey Yastrebov, Marina Korçak və başqaları olublar. K.Şerbakov çıxışında qeyd edib ki, XXI əsr Azərbaycan teatrı dedikdə ilk növbədə göz önünə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və onun zəngin repertuarı gəlir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Londona səfər edən ikinci heyət də Vətənə dönüb. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov başda olmaqla kollektiv Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşasını nümayiş etdirib. Tamaşa Londonun mədəniyyət mərkəzlərindən biri olan “Logan Hall”da göstərilib. Tamaşanın nümayişindən əvvəl çıxış edən teatrın direktoru Mübariz Həmidov Azərbaycan mədəniyyətinin artıq bütün dünyada tanındığını və bu sahədə ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edib. M.F.Axundzadənin yaradıcılığı haqqında ətraflı məlumat verən direktor dramaturqun əsərlərinin insanı güldürərək düşündürdüyünü söyləyib. Bütün bu uğurlarla yanaşı, Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” Beynəlxalq Teatr Festivalında teatrın Əməkdar Artisti Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. İstedadlı aktyor “Festivalda iştiraka görə” diplomu ilə yanaşı, “Ən yaxşı mono-tamaşa” və Azərbaycan teatr mədəniyyətinin rus klassikası ilə parlaq əlaqələri” nominasiyaları üzrə diplomlara və mükafata layiq görülüb.xeber100.com

İyun 7, 2016 3:12

“Ənənələr və müasirlik”…

Moskvanın “Manej” mərkəzi sərgi zalında Beynəlxalq “Ənənələr və müasirlik” X Təsviri İncəsənət Festivalı keçirilib.buro247.az saytı xəbər verir ki, festivalda dünyanın müxtəlif ölkələrindən olan 350 rəssamın sənət əsəri sərgilənib. Belə ki, sərgidə ölkəmizi Xalq Rəssamı Tahir Salahov, Əməkdar Rəssam Sakit Məmmədov və gənc rəssam Deləfruz Bağırovanın sənət əsərləri təmsil edib. Sərgidə D.Bağırovanın “Mənim Azərbaycanım” triptixi məxsusi nümayiş olunub. Burada gənc rəssam köhnə Bakının ruhu və koloritini müasir dövrün urbanistik novasiyaları ilə tam əlaqələndirə bilib. Gənc fırça ustasının əl işləri Moskva Müasir İncəsənətin İnkişafı və Mədəniyyəti İctimai Fondu tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, 2007-ci ildən etibarən keçirilən ”Ənənələr və müasirlik” festivalı dünyanın müxtəlif ölkələrindən rəssamları bir araya gətirir, gənc istedadlara tanınmış pedaqoqlar və mədəniyyət xadimləri ilə təcrübə mübadiləsi etmək imkanı verir. Festival çərçivəsində təsviri incəsənət sahəsində yaradıcılıq, sevgi və uğura inamı simvolizə edən bürünc heykəlcik - beynəlxalq “VERA” mükafatı təqdim olunacaq. Mükafat rəssamlıq, qrafika, tətbiqi incəsənət, fotoqrafiya, heykəltəraşlıq, installyasiya və muzey işi üzrə qaliblərə veriləcək.xeber100.com

İyun 5, 2016 4:39