Brestdə MDB-nin 25 illiyinə həsr edilmiş “Belaya Veja” XXI Beynəlxalq Teatr Festivalı (BTF) keçirilir. Bu barədə Azərtac-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib. Bu ənənəvi festival MDB-nin mədəni həyatında əlamətdar hadisədir. Yaxın və uzaq xarici ölkələrdən olan yaradıcı kollektivlər burada ən yüksək teatr ustalığı nümayiş etdirirlər. Ekspert Şurası peşəkar seçim yolu ilə geniş repertuar formalaşdırır. Festivalda dünyanın 17 ölkəsindən – Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Polşa, Rusiya, Ukrayna, Fransa, Çexiya və başqa ölkələrdən dramatik, meydan, musiqili və plastik teatrlar iştirak edir. Budəfəki festivalda 26 teatr kollektivi 26 tamaşa göstərəcək. Forumun proqramında müxtəlif janrlar: forma teatrı, qotik triller oyunu, dram, həqiqətə oxşamayan rəvayət, məktəb kvesti, fantasmaqoriya, rok-opera, müzikl və komediya janrları təmsil olunub. “Belaya Veja” BTF tamaşaçılarının diqqətinə monotamaşalar, küçə tamaşaları və xoreoqrafik səhnələr də təqdim olunacaq.xeber100.com