“Azərbaycan teatrı 2009-2019-cu illərdə”…

Noyabrın 6-dan 10-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və “Multikulturalizm ili” çərçivəsində təşkil olunacaq. Konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Tədbir çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlərin keçirilməsi də nəzərdə tutulur. Konfransda 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi iştirak edəcək. Azərtac xəbər verir ki, bu məlumatı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq konfransa hazırlıqla bağlı keçirilən toplantıda bildirib. Nazir müavini deyib: “Dünyanın məşhur teatr, incəsənət xadimləri – rejissorlar, aktyorlar, dramaturqlar, kossenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq mövzular, treninqlərdə dinləniləcək məruzələr, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq”. Ədalət Vəliyev IV Bakı Beynəlxalq Teatr Konfransının yüksək səviyyədə təşkil olunması üçün bir sıra tapşırıqlar da verib. Həmçinin, tədbirin açılış və bağlanış mərasimlərinin təşkili, tərcüməçilərlə təminat, könüllülərin iştirakı, müxtəlif mədəni tədbirlərin keçirilməsi və konfransın mətbuatda geniş işıqlandırılması üçün görülməli olan işləri diqqətə çatdırıb.xeber100.com

Sentyabr 7, 2016 3:21