Milli Dram Teatrı 144-cü teatr mövsümünü açdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açıb. Azərtac xəbər verir ki, teatrın baş rejissoru və direktoru Xalq Artisti Azərpaşa Nemət yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib. A.Nemət deyib ki, görkəmli dramaturqumuz İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası Azərbaycan tarixinin böyük bir mərhələsini təsvir edir. Aktyorlarımız tamaşada məharətlə çıxış edirlər. Qeyd olunub ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir. Sonra səhnə əsərində çıxış edən aktyorlar səhnəyə dəvət olunub. Tamaşaçılar aktyorları alqışlarla qarşılayıb. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir. Səhnə əsərində əsas rolları Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov və başqaları ifa ediblər. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.xeber100.com

Sentyabr 18, 2016 9:11

Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Azərtac xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik edib, onlara yaradıcılıqlarında yeni uğurlar arzulayıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu bayram Azərbaycan musiqi ictimaiyyətinə böyük töhfədir. Ə.Qarayev vurğulayıb ki, Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq. Bildirib ki, eyni zamanda, sentyabrın 18-i Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin də ad günüdür. Əbülfəs Qarayev hazırda II Şəki Beynəlxalq Teatr Festivalının keçirildiyini diqqətə çatdıraraq bu festivalda dünyanın müxtəlif sənət ocaqlarının tanınmış kollektivlərinin iştirak etdiyini bildirib. Festival günlərində Üzeyir bəyin də əsərlərinin nümayiş olunacağını söyləyib. Nazir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəylinin adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalı bütün musiqisevərlərə gözəl bir hədiyyə olacaq. Belə ki, sentyabrın 18-dən start götürəcək Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək. Milli Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.xeber100.com

Sentyabr 17, 2016 5:30

“Bərpa olunmuş eksponatlar” adlı sərgi açılacaq

Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi açılacaq. Muzeydən Azərtac-a bildirilib ki, Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının birgə səyi nəticəsində muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatı üzərində zəruri işlər görülüb. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd müvafiq sənət incilərini nümayiş etdirmək, milli sərvətimiz olan bu eksponatların daim nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir. Sərgidə 49 eksponat yer alacaq. Bunlar xalça məmulatları, xovsuz və xovlu xalçalar, geyimlər, tikmələr, bədii metal sənətinə aid nümunələr, çini, şüşə və ağac əşyalardan ibarətdir. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus füsunkar sənət inciləridir. “Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimi ilə kifayətlənmir. Sərgi çərçivəsində eksponatların konservasiya prosesini canlı izləmək üçün muzeyin bərpaçıları tərəfindən ustad dərsləri keçiriləcək. Tamaşaçılar videoçarx və slayd-şou vasitəsilə eksponatların bərpa sirləri və bərpaçıların bacarıqları barədə geniş məlumat almaq imkanı əldə edəcəklər.xeber100.com

Sentyabr 15, 2016 11:01