Bu gün Azərbaycan Kinosu Günüdür

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub. 1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino” “Azərkino”, “Azərfilm” “Azdövlətkinosənaye”, “Azərfilm” “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. Son bir neçə il də kino sənayemiz üçün uğurlu olub. 2015-ci ildə “4.1 Şəhər motivləri” və Finlandiya, Gürcüstan, Azərbaycan istehsalı olan “Qatil” tammetrajlı bədii filmləri tamaşaçılara təqdim olunub. 2016-cı ildə isə “İçəri şəhər”, “Qırmızı bağ” və “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii, Almaniya və Azərbaycanın birgə işi olan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərinin istehsalı tamamlanıb və təqdimatları olub. “Postskriptum”, “Onun atası”, “Hədiyyə”, “Qara bağ” qısametrajlı filmlərindən ibarət “40-cı paraleldə” kinoalmanaxı isə bu gün – Azərbaycan Kinosu Günündə təqdim ediləcək. Bunlarla yanaşı, hazırlıq və çəkiliş dövründə olan filmlər də var. Belə ki, “Köşk” tammetrajlı bədii filmi çəkiliş, “Üç gün və bir ömür” tammetrajlı bədii filmi postprodakşn, “Natiq Qasımov” sənədli filmi istehsal, “Nar bağı” tammetrajlı bədii filmi hazırlıq dövründədir. “Həddən artıq uyğunluq” tammetrajlı bədii filmi isə tamamlanmaq üzrədir. Bu il bir sıra filmlərimiz beynəlxalq festival və müsabiqələrdə iştirak edib. “Azərbaycanfilm” Kann kino bazarına cari ildə 10-dan artıq film təqdim edib. Bunlar “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “40-cı paraleldə”, “Həddən artıq uyğunluq”, “Xeyirlə Şərin rəqsi”, “Nar bağı”, “Köşk”, “Üç gün və bir ömür”, “Sarılar – Qarabağ atının izi ilə” və digər filmlərdir. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Bizim Kino Günləri – audiovizual məkanda peşəkarlıq” layihəsi həyata keçirilib. Layihə çərçivəsində “Audiovizual məkanda ailə dəyərləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik” və “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası” mövzuları müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” və “Nabat” filmlərinə baxış keçirilib. Bu filmlər şəhərimizin bütün kinoteatrlarında mütəmadi nümayiş etdirilib. “Azərbaycanfilm” kinostudiyası şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis edib. Təşəbbüsün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır. Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür. Prezident İlham Əliyev cari il iyulun 29-da Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 1 nəfər “Xalq Artisti”, 5 nəfər “Əməkdar İncəsənət Xadimi”, 2 nəfər “Əməkdar Artist”, bir nəfər “Əməkdar Rəssam”, 10 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına, 3 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Bu il 118-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.xeber100.com

Avqust 2, 2016 10:20

“Qarabağın həsrət salnaməsi”…

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə keçiriləcək tədbirdə Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsinin təqdimatı olacaq. Azərtac xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Qarabağın həsrət salnaməsi” internet-layihənin məqsədi internet vasitəsilə həmvətənlərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir. Hər bir Azərbaycan vətəndaşı özünün Qarabağ problemi haqqında hesab etdiyi ən vacib bir neçə cümləni kameraya deyir. Bu sözlərdən ibarət iki dəqiqəlik video çarxlar internetdə yerləşdiriləcək. Bu video çarxlar vasitəsilə xalqımızın Qarabağa necə dəyər verdiyi, heç bir zaman onun itkisi ilə barışmayacağı və işğal altında olan torpaqlarımızı son qarışınadək qaytarmayanadək rahat olmayacağı bəyan edilir. Layihə həm yerli, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulub. Sosial şəbəkələrlə yanaşı, bu video çarxların seansdan əvvəl kinoteatrlarda, televiziya kanallarında və digər yerlərdə nümayişi planlaşdırılır. Xatırladaq ki, Milli Kino Günündə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “40-cı paraleldə” gənclər kinoalmanaxının təqdimatı keçiriləcək. Almanaxa rejissor Amil Məmiyevin “Qara bağ”, Zamin Məmmədovun “Onun atası”, Emin Mirabdullayevin “Postskriptum”, Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı filmləri daxildir.xeber100.com

İyul 30, 2016 1:33

Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb

Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb. Sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilir. Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edirlər.“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.xeber100.com

İyul 29, 2016 12:42

“Azərsun Holdinq” MMC-nin dəstəyi ilə tədbir keçiriləcək

İyulun 30-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü, IDEA İctimai Birliyi və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə “Ailə günü” adlı tədbir keçiriləcək. Muzeyin “Açıq qapı” günü çərçivəsində təşkil ediləcək tədbirin məqsədi valideyn və uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır. Muzeydən Azərtac-a bildirilib ki, tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar. İştirakçıları tədbirdə muzeyin əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir. Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Muzeyin əməkdaşı Püstə Ağayeva “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə deyəcək və muzeyə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim ediləcək. Məlumat üçün bildirək ki, tədbirdə hemofiliya və talassemiya pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilər. Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində keçirilməsi nəzərdə tutulur.xeber100.com

İyul 28, 2016 10:55