“Qafqaz Caz Festivalı”…

Bu günlərdə Gürcüstanda baş tutmuş “Qafqaz Caz Festivalı” artıq yeddinci dönəmini yaşadı. Dünyanın ən müxtəlif qitələrindən təşrif buyuran musiqiçilərin iştirakı ilə keçirilən bu festivalın bu ilki qonaqları Qafqaz ölkələri ilə yanaşı, ABŞ, İran, Türkiyənin gənc caz musiqiçiləri oldu. Festivalda Gürcüstanı “Kanudosi”, “Hulement”, “Stumrebi” qrupları, Azərbaycanı “J.E.F. Experiment” triosu, Türkiyəni bəstəkar və pianoçu Tuluq Tırpanın kvarteti təmsil etdi. İştirakçılar sırasında İranın adını və onu təmsil edən “Arte Music Group” heyətini görmək olduqca xoş və gözlənilməz bir yenilik idi. Festivala müxbir kimi xüsusi dəvət almış caz tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Turan Məmmədəliyeva bu möhtəşəm musiqi bayramı barədə fikrini Azərtac-la bölüşüb. O, deyib: “Qafqaz Caz Festivalı” müxtəlif mədəniyyət ocaqları olan tam fərqli ölkələrin müasir, yenicə yaradıcılıq yoluna qədəm qoyan ifaçıların iştirakını və onların xoşməramlı, yaradıcı bir şəraitdə ünsiyyəti məqsədini daşıyır. Bu, qeyri-kommersiya səciyyəli festivaldır və hər il keçirilmə forması dəyişir. Bu il festival olduqca geniş miqyas alan tədbirləri ilə əlamətdar oldu. Festival konsertlərindən əlavə, cem-seyşn gecələri, qədim Axaltsixe bölgəsində yerləşən Rabat qəsri ətrafında təntənəli konsert keçirildi. Festivala böyük əhəmiyyət verən daha bir müsbət cəhət – ABŞ-dan dəvət almış Ceymi Ebersoldun caz məktəbinin nümayəndələri - caz ifaçıları olan saksofonçu Maykl Treysi və gitaraçı Kreyq Vaqnerin iştirakı ilə keçirilən ustad dərslər oldu”. Onun sözlərinə görə konsertlərdə Azərbaycanı təmsil edən “J.E.F. Experiment” triosu uğurla çıxış edib, xalq mahnılarına və R.Babayevin əsərləri əsasında hazırlanmış kompozisiyalar ifa edib. T.Məmmədəliyeva deyib ki, festival çərçivəsində yazıçı, publisist, caz haqda romanların müəllifi Zurab Karumidzenin ətrafında toplaşan müxtəlif ölkələrin müxbirlərinin iştirakı ilə “dəyirmi masa” da maraqlı olub, Qafqaz və digər ölkələrin caz həyatında üzə çıxan bir sıra məsələlərin işıqlandırılmasına imkan yaradıb.xeber100.com

İyun 22, 2016 11:40

“Azərbaycan evi”nin açılışı olub

Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub. Açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV və ölkə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov mərasimdə çıxış ediblər. Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Bu ənənəvi festivalda “Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə dair daha bir nümunə kimi dəyərləndirilib. Ziyarətçilərə “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı, “İrs-Miras” və “Diplo Atlas” jurnalları, Azərbaycan həqiqətlərini təbliğ edən digər əyani vəsaitlər hədiyyə olunub. Azərbaycan gecəsi ölkəmizi təmsil edən muğam qrupunun ifası ilə davam etdirilib. Gecədə əsl bayram coşqusu yaşanıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər.xeber100.com

İyun 18, 2016 4:59

“Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda”…

İyunun 17-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərgi açılıb. Azərtac xəbər verir ki, multikulturalizm ili çərçivəsində baş tutan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov çıxış edərək bu günlərdə Bakıda keçirilən beynəlxalq səviyyəli tədbir - Formula-1 Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, sərginin belə bir ərəfədə təşkil olunması sevindirici haldır. Rəssamlar İttifaqı ölkəmizdə reallaşan beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində hər zaman müxtəlif mövzulu sərgilərlə öz lazımi dəstəyini göstərir. Bu ənənənin davam etdiyini bildirən A.İbrahimov “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərginin xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Bildirilib ki, sərgidə nümayiş olunan 100-dək sənət əsərinin əsas mövzusunu təbiət mənzərələri, humanizm, tolerantlıq, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular əhatə edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır. Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev çıxış edərək sərgidə yer alan fırça ustalarının əsərlərinin bənzərsizliyindən danışıb. Qeyd olunub ki, sözügedən sərgi fırça ustalarının tolerant bir ölkənin vətəndaşı kimi humanizm və sülh tərəfdaşı olduqlarını bir daha nəzərə çatdırır. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır. Layihənin rəhbəri Elnurə İsgəndərova çıxış edərək təqdim etdiyi layihəsinin məqsədindən söz açıb. Bildirib ki, layihənin əsas məqsədi Bakıda baş tutan Formula-1 Avropa Qran-prisinə dəstək olmaqdır. Sonra sərgidə fərqlənən bir qrup rəssama müxtəlif hədiyə və diplomlar verilib. Qeyd edək ki, mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Aişə Axundova da var. O, “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təsis etdiyi “İlin maarifçi müxbiri” diplomu ilə təltif olunub. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi iki gün davam edəcək.xeber100.com

İyun 18, 2016 4:41

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi

İyunun 16–dan Nizami Kino Mərkəzində ABŞ-ın “Cadu 2”, ABŞ və Böyük Britaniyanın “Səviyyəli oğlanlar” və Türkiyənin “Ali Kundilli 2” filmlərinin nümayişinə başlanılıb. Kino Mərkəzindən Azərtac-a bildirilib ki, komediya janrında çəkilmiş “Ali Kundilli 2” filminin rejissoru Faruk Aksoydu. Böyük eşqlə evlənən Ali və İlknur həyəcanla övlad gözləyirlər. Səkkiz aylıq hamilə olan İlknur əcayib istəkləri ilə Alini canından bezdirir. Yuxu görən hamilə qadın uşağı Alinin nənəsinin yaşadığı Ayvalık, Küçükköydə dünyaya gətirmək istəyir. Yola çıxan dəstə yeni macəralara doğru irəliləyir...Filmdə rolları Cem Gelinoğlu, Zeynep Aktuğ, Sami Aksu və digər aktyorlar canlandırıblar. Keri Heyesin ssenarisi əsasında rejissor Ceyms Vanın ekranlaşdırdığı “Cadu 2” filmi dəhşət, triller və detektiv janrındadır. Ailə cütlüyü Ənfeld şəhərinə gəlib çıxır. Bu dəfə ekstrasenslər burada hökmranlıq etmək istəyən qüvvətli iblislə qarşılaşırlar. İnamı itən şəhər sakinləri biri-birilərindən hansısa törədilən hadisələrə görə şübhələnməyə başlayırlar. Ürəklərində kin və nifrət var. Rollarda Patrik Uilson, Vera Farmiqa, Medison Vulf, Frensis Okonnor, Loren Espozito, Benjamin Hey, Patrik MakOli, Saymon MakBerni, Mariya Doyl Kennedi, Saymon Delani və digər aktyorlar çəkilib. “Səviyyəli oğlanlar” kriminal komediyasının rejissoru və ssenari müəllifi Şeyn Blekdir. Brutal yekəpərlə nərmə-nazik sərsərinin iş birliyi necə olar ? Muzdlu mühafizəçi Cekson Hil və özəl detektiv Holland Març ilk baxışdan asan görünən və sonradan əsrin cinayətinə çevrilən itkin düşmüş qızın axtarışı üçün bu iş birliyinə məcburdurlar. Hərəsinin özünəməxsus metodları olan oğlanlar bu qarışıq rebusu çözə biləcəklərmi... Baş rollarda Rayan Qoslinq, Kim Beysinger, Rassel Krou, Enqauri Rays, Mett Bomer, Marqaret Kuelli, Yaya DaKosta, Kit Devid, Bo Napp və Lois Smitt çəkiliblər.  

İyun 17, 2016 12:04