“Azərsun Holdinq” MMC-nin dəstəyi ilə tədbir keçiriləcək

İyulun 30-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü, IDEA İctimai Birliyi və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə “Ailə günü” adlı tədbir keçiriləcək. Muzeyin “Açıq qapı” günü çərçivəsində təşkil ediləcək tədbirin məqsədi valideyn və uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır. Muzeydən Azərtac-a bildirilib ki, tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar. İştirakçıları tədbirdə muzeyin əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir. Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Muzeyin əməkdaşı Püstə Ağayeva “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə deyəcək və muzeyə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim ediləcək. Məlumat üçün bildirək ki, tədbirdə hemofiliya və talassemiya pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilər. Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində keçirilməsi nəzərdə tutulur.xeber100.com

İyul 28, 2016 10:55

Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-ın nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində ölkəmizin bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib. Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edərək onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb. Azərbaycan musiqisinin ABŞ-da geniş təbliğ olunmasına baş konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat bu səpkidə 2013-cü ildə “Arşın mal alan” operettasının Los-Ancelesdə, 2014-cü ildə isə “Yeddi gözəl” baletinin San-Dieqo şəhərində uğurla keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.xeber100.com

İyul 26, 2016 11:16

Amerika filmlərinin nümayişinə başlanılıb

Nizami Kino Mərkəzində iyulun 21–dən ABŞ-ın “İşıqlar sönür” və “Startrek: sonsuzluq” filmlərinin nümayişinə başlanılıb. Mərkəzin mətbuat xidmətindən bildirilib ki, Erik Hayssererin ssenarisi əsasında rejissor Devid F. Sandberqin çəkdiyi “İşıqlar sönür” filmi dəhşət və qorxu janrındadır. Doğma yuvasını tərk edən Rebbeka bütün uşaqlıq qorxularının geridə qaldığını zənn edir. Balaca olarkən o, işıq söndükdə nəyin real olub-olmadığından əmin ola bilmirdi. İndi onun şüurunu imtahana çəkən anlaşılmayan dəhşətli hadisələr kiçik qardaşı Martinlə baş verir. Anaları Sofi ilə sirli bağlantısı olan, bəlli olmayan hədə yenə ortaya çıxıb. Amma bu dəfə Rebbeka sirri açmaq üzrədir – işıq sönən kimi həyatları təhlükə altında olacağına artıq əmindir. Filmdə rolları Tereza Palmer, Qabriel Beytman, Aleksandr DiPersia, Billi Berk, Mariya Bello, Rolando Boys, Ava Kantrell, Ariel Dupin, Emili Elin Lind, Lotta Losten və başqa aktyorlar canlandırıb. Rejissor Castin Linin Saymon Peqqin ssenarisi əsasında çəkdiyi “Startrek: sonsuzluq” filmi triller, macəra, döyüş və fantastika janrındadır. Hadisələr beşillik missiya başladıqdan iki il sonra cərəyan edir. Kapitan Ceyms T. Kirk başda olmaqla hərəkət edən “Enterprayz” ulduz gəmisinin ekipajı tanınmayan gəlmələrin qüvvətli və təhlükəli hücumuna məruz qalır. Gəmilərini məhv etdikdən sonra gəlmələr ekipaj üzvlərini tanınmayan planetdə daha qorxulu düşmənlə üz üzə qoyurlar. Rollarda Kris Payn, Zakari Kuinto, Saymon Peqq, Karl Urban, Zoi Saldana, Con Ço, Anton Elçin, İdris Elba, Sofiya Butella və Co Taslim çəkiliblər.xeber100.com

İyul 21, 2016 4:15