“Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu”…

Tbilisidə “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu” keçirilir. Azərtac xəbər verir ki, iki gün davam edəcək tədbirdə Gürcüstan, Türkiyə, Azərbaycan və İrandan, habelə, Dağıstan, Şimali Qaraçay-Çərkəz, Kabardin-Balkar bölgələrindən gələn elm, mədəniyyət xadimləri, türk ozan sənət adamları, TİKA-nın rəhbər heyəti, Tbilisidəki diplomatik korpusun əməkdaşları iştirak edirlər. TİKA-nın Gürcüstan nümayəndəliyinin, Hacı Bektaşi Vəli Mədəniyyət Dərnəyinin və Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə aşıq folkloru, mədəniyyət və xalq yaradıcılığı barədə müzakirələr aparılacaq. Ukrayna-Gürcüstan Beynəlxalq Universitetin rektorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu tədbiri açaraq, ilk dəfə Gürcüstanda Bektaşi Mədəniyyəti və Ozanlara həsr edilən simpoziumun keçirilməsini yüksək qiymətləndirib. Hacı Bektaşi Vəli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan Bektaşi mədəniyyəti və rəhbərlik etdiyi dərnək haqqında və aşıq yaradıcılığında olan ortaq dəyərlərimiz barədə ətraflı məlumat verib. Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektoru Omar Tabusadze çıxışında bildirib ki, aşıq musiqisi Gürcüstanda da geniş inkişaf edib. Gürcüstanda gürcü aşıqlarının gürcü və Azərbaycan dillərində oxuduqlarını və aşıq yaradıcılığı ilə xalqlarımızı birləşdirdiklərini qeyd edib. Digər çıxış edənlər Bektaşi mədəniyyətinə həsr olunan simpoziumun insanlara məhəbbət və sülh aşıladığını, bu mədəniyyətin kökündə saf dəyərlərin olduğunu, ozanların isə bu saflığı və mədəniyyəti öz fəaliyyətləri ilə yaydıqlarını bildiriblər. Tədbir panel iclaslarda işini davam etdirib.xeber100.com

May 31, 2016 2:22

Azərbaycan biznesi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

Fransanın Reyms şəhərində Azərbaycan biznesini və mədəniyyətini bir araya gətirən tədbir keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, “Jazzus Productions”, “CCI International Champagne-Ardenne” şirkətinin və ölkəmizin Fransadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. TEAS-dan Azərtac-a bildirilib ki, tədbir, Reyms və bu regionun 30-dan artıq şirkətinin nümayəndəsinin iştirak etdiyi “dəyirmi masa” arxasında mədəni əməkdaşlığın ölkənin daha da dərindən öyrənilməsindəki rolunun və iqtisadiyyata müsbət təsirinin müzakirəsi ilə başlayıb. Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin bildirib ki, ötən il TEAS “Sunnyside Festival” kimi tanınmış və “Jazzus Productions” tərəfindən təsis edilmiş yeni caz festivalının dəstəkləməsi haqqında razılıq əldə olunub. Bu əməkdaşlığın yaratdığı ruh yüksəkliyi dəyirmi masa arxasında biznes və mədəni müzakirələrin aparılmasına səbəb oldu. M.Gourdin qeyd edib ki, özündə Avropa ilə Şərq dəyərlərini birləşdirən Azərbaycan dünyəvi bir dövlətdir və Avropa İttifaqının yaxın tərəfdaşıdır. O, TEAS-ın Fransa və Azərbaycan şəhərləri arasındakı əməkdaşlığa dəstək verməsindən, Kolmar və Mulhouse şəhərlərində keçirilən “Azerbaijan Through the Lens” foto sərgisindən, Azərbaycan milli koloritini tərənnüm edən məhsulların Parisdəki Milad Bazarında sərgilənməsindən bəhs edib. Məşhur fransız bəstəkar, “Xocalı 613” musiqi əsərinin müəllifi Pyer Tilloy 2001-ci ildə Fransanın Azərbaycandakı səfirliyində mədəniyyət müşaviri kimi fəaliyyətindən, ölkəmizə mütəmadi səfər etməsindən və orada gördüklərindən danışıb. O, qeyd edib ki, Azərbaycan varlığını dərk etməyin ən optimal yolu musiqidir və o azərbaycanlıların daxili aləminin əsas komponentinə çevrilib. Tədbir iştirakçılarına XX əsrin görkəmli Azərbaycan bəstəkarları haqqında məlumat verən Pyer Tilloy deyib ki, mürəkkəb mövzuların müzakirəsində musiqidən əvəzolunmaz alət kimi istifadə oluna bilər. Onun fikirlərini “Jazzus Productions” şirkətinin həmtəsisçisi və “Sunnyside Jazz Festival”ın təşkilatçısı Jean Delestrade də bölüşüb. O, caz ifaçısı Elçin Şirinov “Trio”sunun baş tutacaq konsert proqramı ilə bağlı qeyd edib ki, TEAS-ın təşkil etdiyi “Saint-Germain-des-Prés Paris” caz festivalında üç azərbaycanlı musiqiçisinin iştirak etməsi və “Sunnyside Jazz Festival”ındakı bu ikinci çıxış Azərbaycan cazının Avropada populyarlaşdırılması üçün yeni üfüqlər açır. Əvvəl İsfar Sarabskini və Emil Afrasiyabı caz dünyasına tanıtdıran Paris festivalı indi də Elçin Şirinovu diqqət mərkəzinə gətirəcək. Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev Heydər Əliyev Fondunun Fransada ölkəmizin tanıdılması istiqamətində gördüyü işlərdən söhbət açıb. O, Fondun Strasburq Kafedral Kilsəsində 14-cü əsrin yadigarı olan beş vitrajın, Basse-Normandie əyalətində yerləşən bir neçə kənd kilsəsinin bərpasına verdiyi töhfəsindən və Luvr muzeyində İslam bölməsinin yaradılmasında mühüm rolundan danışıb. Diplomat Fransa şəhər və əyalətlərinin Azərbaycanla əməkdaşlığının vacibliyinə də toxunub. Məlumat verib ki, 2011-ci ildən bu günədək 11 əməkdaşlıq müqaviləsi imzalanıb. Elm sahəsində əməkdaşlıq müqaviləsi isə Gəncə və Reims universitetləri arasında bağlanıb. Sonra Azərbaycanın qeyri-neft sektorunun imkanlarına həsr olunmuş “dəyirmi masa” keçirilib. Vurğulanıb ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirməyə, qeyri-neft sektorundan asılılığını azaltmağa və Fransız şirkətləri ilə əməkdaşlığa çalışır. Yerli istehsalçıların 30-dan artıq nümayəndəsinin qatıldığı bu tədbir Azərbaycanın iqtisadi imkanları, onun işgüzar ab-havası və sərmayə imkanları haqda geniş bilgilər əldə etməyə imkan verib. Tədbirdə iştirak edən “Partner at Dentons” şirkətinin hüquq məsləhətçisi James Hogan Azərbaycanın hüquq və biznes sistemi barədən məlumatlar verib, ölkəmizdəki stabillikdən bəhs edib. O, Azərbaycanın və Fransanın ratifikasiya etdiyi ikiqat verginin və maliyyə fırıldaqlarının aradan qaldırılmasına yönəlmiş qanunu şərh edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Fransadakı nümayəndəsi Sərxan Ələkbərov bu ölkənin sahibkarlarını Azərbaycan bazarına, öz növbəsində Azərbaycan sahibkarlarının Fransa bazarına daxil olması üçün ASK-nın gördüyü işlərdən danışıb. Sonda “CCI International Champagne-Ardenne” şirkətinin direktoru Claude Humbert hazırda Azərbaycanda inkişaf etdirilən iqtisadi sahələrdən söz açıb. O, kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və gələcək əməkdaşlığın mümkünlüyünü qeyd edib. Tədbir “Sunnyside Jazz Festival” çərçivəsində baş tutan caz ifaçısı Elçin Şirinovun konserti ilə başa çatıb.xeber100.com

May 29, 2016 11:16

“İpək və ədviyyatlar” adlı 15-ci beynəlxalq festival və konfrans keçirilib

Qədim Buxara şəhərində “İpək və ədviyyatlar” adlı 15-ci beynəlxalq festival və konfrans keçirilib. Ənənəvi keçirilən bu festivala hər il dünyanın müxtəlif ölkələrindən minlərlə turist gəlir, alış-veriş edir, Buxaranın zəngin keçmişindən və təkrarolunmaz mədəni irsindən xəbər verən 400-dən artıq təkrarsız tarixi abidəyə maraqla baxır, heyranlıqlarını gizlətmirlər. Satış sərgidə Buxaranın mis üzərində döymə, dulusçuluq və zərgərlik məmulatları, güləbatın geyimlər, qobelenlər, atlas parçalar, araxçınlar, çini qablar, yun və ipəkdən hazırlanan milli geyimlər, Daşkənd ustalarının ağac üzərində oyma işləri, muncuq işləmələri, müxtəlif ədviyyatlar, müalicəvi otlardan hazırlanan dərmanlar nümayiş etdirilib. Konfransda isə beynəlxalq təşkilatların dünya dövlətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycandan konfransda Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova və kəlağayı istehsalı ilə məşğul olan “Cahangir-T” firmasının rəhbəri Cəlil Tarıverdiyev təmsil edib. R.İbrahimbəyova çıxışında Azərbaycanda ipəkçilik sənətinin dirçəldilməsi və kəlağayı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Basqal qəsəbəsində ta qədimdən ipək parçalar o cümlədən kəlağayı istehsal olunub və indi də bu iş davam etdirilir. Qeyd olunub ki, Qəbələ rayonunda isə barama istehsalı qaydaya salınıb. Bildirilib ki, 2014-cü ildə Azərbaycan kəlağayısı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Cəlil Tarıverdiyev Böyük İpək yolu üzrə xüsusi turizm marşrutlarının yaradılmasını təklif edib. Deyib ki, bu işə Buxara və Basqal əlaqələrinin inkişaf etdirilməsindən başlamaq mümkündür.xeber100.com

May 29, 2016 10:56

“Fitnə” filminin təqdimatı olub

Nizami Kino Mərkəzində dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin təqdimatı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Maarifləndirici səciyyə daşıyan film milli mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar. Dünyada İslam və digər dinlərdən öz siyasi məqsədləri, radikal qruplardan isə geosiyasi maraqları naminə istifadə edən qüvvələr az deyil. Təsadüfi deyil ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Biz İslam dünyasının bir hissəsiyik və İslam ölkələrində baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz bizə təsir edir. Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikallığa və ekstremizmə qarşı məqsədyönlü mübarizə aparır. Bu məqsədlə regional konfranslar, seminarlar, görüşlər keçirilir, habelə kitab və digər materiallar nəşr edilir. Filmdə dini radikalizmin qurbanları, habelə bu cinayətlərə görə məsuliyyətə cəlb olunanlar göstərilir. Ssenari müəllifi Nadir Bədəlov, məsləhətçilər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Siyavuş Heydərov və Gündüz İsmayılov, ekspert Milli Məclisin deputatı Elman Nəsirovdur.xeber100.com

May 26, 2016 3:00