Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışı olub

Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub.Azərtac xəbər verir ki, tədbirdə Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Muzeyimizin ziyarətçiləri öz evlərindən bizi izləyə bilərlər”.Mərasimdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev çıxış edərək Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, muzeydə milli mədəniyyətimizin qiymətli nümunələri nümayiş olunur. Tədbirdə, həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.Qeyd edək ki, sərgi martın 26-dək davam edəcək.xeber100.com

Mart 5, 2020 3:01