Musiqili Teatrda “Mənim günahım” tamaşası nümayiş etdiriləcək

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mənim günahım” tamaşası nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sevgi haqqında pritçadır. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan tamaşaya İradə Gözəlova quruluş verib.Səhnə əsərinin quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.Tamaşada obrazları Əməkdar artistlər- Nərgiz Kərimova (Nurcahan), İlham Hüseynov (Sahib) və teatrın balet artisti Mələkxanım Səfərova (Ayqız) və başqaları canlandıracaq.Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ərinə yox, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir... Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü gənc balerinaya zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən peşman olub bu günahın mənəvi əzabını çəkir...Biletləri şəhərin bütün kino-teatr kassaları, “ASAN xidmət” mərkəzləri, eləcə də “İTicket.az” saytından əldə etmək olar.xeber100.com

Yanvar 14, 2020 1:55

Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür…

Bu gün milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. L.Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.xeber100.com

Yanvar 8, 2020 10:20