“YARAT” Müasir İncəsənət Mərkəzində konsert-tamaşa təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən “YARAT” Müasir İncəsənət Məkanında “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim edilib.İdarədən Azərtac-a bildirilib ki, “Nağıl dolu dünya” adlı konsert-tamaşa dörd musiqili nağıldan ibarətdir.Tariximizlə bağlı olan birinci nağılda rəqs edən şagirdlərin ifasında sanki Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında isə “Qaval daşı” səslənir.Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Q.Qarayev musiqisinə həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssüratlarını bölüşüblər. Onlar “Don Kixot” simfonik qravüralarından, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar ifa edərək bəstəkarın nağıl dolu həyatını canlandırıblar.Özəyi xalq musiqisi olan üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar səslənib.Doğma yurdumuza həsr olunan dördüncü nağılda vətənpərvər şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə təqdim ediblər.Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifovadır. O deyib: “Dünyada nağıllar çoxdur. Hər bir xalqın öz nağılları var. Səhnələşdirdiyimiz nağılımız isə keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz tədbirimizlə şagirdləri ölkəmizin bilikli, bacarıqlı və vətənpərvər övladları olmağa çağırırıq”.Konsert-tamaşa böyük maraqla qarşılanıb.xeber100.com

Fevral 1, 2020 7:16

Bədii və animasiya film müsabiqəsinin nəticələri açıqlanıb

Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Nazirliyin saytında bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə təşkil olunub.Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib: Tammetrajlı bədii “Olimpiya” – Rüstəm Babazadə “Zamandan kənarda” – Yavər Rzayev “Ata” – Fariz Əhmədov, Esmira Əyyub “Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev Qısametrajlı bədii “Borc” – Ülviyyə Heydərova “Snayper” – Əyyub Qiyas “Buludlar” – Behzad Əhmədov “Yonca tarlası” – Bəhruz Mustafayev Animasiya “Tıq-tıq və dostları möcüzələr axtarışında-2” – Sultan Abbasbəyli “Dostum Mimi” – Reyhan Yusifqızı “Sehrli planşet” – Vüqar Haqverdiyev Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.xeber100.com  

Yanvar 31, 2020 2:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni qərar qəbul edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.Nazirlər Kabinetinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qərara əsasən, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm Reyestrinin aparılma Qaydası” zəruridir.Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehtiva edəcək, turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək.Turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək, həmçinin turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcək.xeber100.com

Yanvar 27, 2020 2:56

Dövlət Turizm Agentliyinin məlumatı əsasında…

Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri keçiriləcək.Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində reallaşacaq tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq.Tədbirə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin mövcud olduğu ölkələr də daxil olmaqla, dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub.Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.Həmçinin “Travel Business Azerbaijan 2020” tədbiri ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaqdır.Tədbir çərçivəsində Azərbaycana gələn xarici nümayəndələr üçün paytaxtın və regionların turizm məkanlarına səfərlər təşkil olunacaq.xeber100.com

Yanvar 23, 2020 10:46

Milli Dram Teatrında “Qarabağnamə” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edib.Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Yanvar 21, 2020 1:39