Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə…

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada görkəmli qazax şair və mütəfəkkiri “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.Azərtac xəbər verir ki, “TRT Arı” studiyasında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən TÜRKSOY-un Baş katib Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Yeldost Ramazanov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu şair Abayı yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi səciyyələndiriblər. Qeyd edilib ki, onun şeirləri ilə yanaşı, Qazax xalqına nəsiyyətlərinin əks olunduğu əsərlərdə xalqın maariflənməsi, mənəvi dəyərlərin qorunması, həyat tərzi, təhsil, dinə münasibət kimi mövzulara toxunulur. Abayın yaradıcılığı xalqın övladlarının kamil insan kimi yetişməsi amalına xidmət edir.Sonra böyük mütəfəkkirin 175 illiyi münasibətilə konsert proqramı təqdim olunub.Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər çıxış ediblər.Qeyd edək ki, TÜRKSOY 2020-ci ili türkdilli dövlətlərdə “Abay Kunanbayev ili” elan edib. Bu qərar əsasında cari ildə təşkilata üzv ölkələrdə böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək.xeber100.com

Fevral 10, 2020 12:04

4 fevral Polad Bülbüloğlunun 75 yaşı tamam olur

Fevralın 4-də Milli Kitabxanada Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.Qeyd edib ki, Polad Bülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri, “Məhəbbət və ölüm” baleti bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi Petruççi Kitabxanasının saytında yerləşdirilib.Natiq Polad Bülbüloğlunun ictimai xadim kimi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, həm Mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin, diplomatiyasının, ölkələrarası münasibətlərin inkişafında, iki ölkənin mədəniyyətinin inteqrasiyasında çox böyük xidmətlər göstərib.Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “Polad Bülbüloğlu – 75” adlı geniş kitab sərgisi ilə tanış olublar.xeber100.com

Fevral 4, 2020 2:21

“YARAT” Müasir İncəsənət Mərkəzində konsert-tamaşa təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən “YARAT” Müasir İncəsənət Məkanında “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim edilib.İdarədən Azərtac-a bildirilib ki, “Nağıl dolu dünya” adlı konsert-tamaşa dörd musiqili nağıldan ibarətdir.Tariximizlə bağlı olan birinci nağılda rəqs edən şagirdlərin ifasında sanki Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında isə “Qaval daşı” səslənir.Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Q.Qarayev musiqisinə həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssüratlarını bölüşüblər. Onlar “Don Kixot” simfonik qravüralarından, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar ifa edərək bəstəkarın nağıl dolu həyatını canlandırıblar.Özəyi xalq musiqisi olan üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar səslənib.Doğma yurdumuza həsr olunan dördüncü nağılda vətənpərvər şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə təqdim ediblər.Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifovadır. O deyib: “Dünyada nağıllar çoxdur. Hər bir xalqın öz nağılları var. Səhnələşdirdiyimiz nağılımız isə keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz tədbirimizlə şagirdləri ölkəmizin bilikli, bacarıqlı və vətənpərvər övladları olmağa çağırırıq”.Konsert-tamaşa böyük maraqla qarşılanıb.xeber100.com

Fevral 1, 2020 7:16

Bədii və animasiya film müsabiqəsinin nəticələri açıqlanıb

Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Nazirliyin saytında bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə təşkil olunub.Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib: Tammetrajlı bədii “Olimpiya” – Rüstəm Babazadə “Zamandan kənarda” – Yavər Rzayev “Ata” – Fariz Əhmədov, Esmira Əyyub “Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev Qısametrajlı bədii “Borc” – Ülviyyə Heydərova “Snayper” – Əyyub Qiyas “Buludlar” – Behzad Əhmədov “Yonca tarlası” – Bəhruz Mustafayev Animasiya “Tıq-tıq və dostları möcüzələr axtarışında-2” – Sultan Abbasbəyli “Dostum Mimi” – Reyhan Yusifqızı “Sehrli planşet” – Vüqar Haqverdiyev Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.xeber100.com  

Yanvar 31, 2020 2:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni qərar qəbul edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.Nazirlər Kabinetinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qərara əsasən, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm Reyestrinin aparılma Qaydası” zəruridir.Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehtiva edəcək, turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək.Turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək, həmçinin turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcək.xeber100.com

Yanvar 27, 2020 2:56