Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür…

Bu gün milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. L.Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.xeber100.com

Yanvar 8, 2020 10:20

“Mədəni irsin davamlı inkişafı” üzrə ustad dərsləri keçirilib

Azərbaycan Milli Xalça Muzeyində “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərsləri keçirilib.Azərtac xəbər verir ki, ustad dərsləri ictimaiyyətin diqqətini həsirçiliyin qorunması, təbliği, dekorativ-tətbiqi sənət nümunəsi kimi əhəmiyyəti və bu irsi yaşadan sənətkarların fəaliyyətinə yönəltmək məqsədi ilə təşkil olunub.Kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçilən dərslərə iştirakçılar böyük maraq göstərib. F.Həşimova bildirib ki, babalarımız, nənələrimiz bu sənəti yaşatdığı kimi, bizim də borcumuz onu nəsildən-nəslə ötürərək yaşatmaqdır. Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə həsirçiliyin Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən olduğunu, onun eneolit dövründən başlayaraq təşəkkül tapdığını deyib.Qeyd edək ki, həsir əsrlərboyu məişət əşyası kimi istifadə olunmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət daşıyıb. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Ətraf mühitin plastik tullantılarla çirklənməsinin ciddi problemlərdən biri kimi müzakirə olunduğu müasir dünyada həsirçiliyin sənət növü kimi unudulmasına nəinki imkan verməməliyik, hətta onun inkişafı üçün əlimizdən gələni etməliyik.xeber100.com  

Dekabr 25, 2019 9:53