“Mədəni irsin davamlı inkişafı” üzrə ustad dərsləri keçirilib

Azərbaycan Milli Xalça Muzeyində “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərsləri keçirilib.Azərtac xəbər verir ki, ustad dərsləri ictimaiyyətin diqqətini həsirçiliyin qorunması, təbliği, dekorativ-tətbiqi sənət nümunəsi kimi əhəmiyyəti və bu irsi yaşadan sənətkarların fəaliyyətinə yönəltmək məqsədi ilə təşkil olunub.Kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçilən dərslərə iştirakçılar böyük maraq göstərib. F.Həşimova bildirib ki, babalarımız, nənələrimiz bu sənəti yaşatdığı kimi, bizim də borcumuz onu nəsildən-nəslə ötürərək yaşatmaqdır. Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə həsirçiliyin Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən olduğunu, onun eneolit dövründən başlayaraq təşəkkül tapdığını deyib.Qeyd edək ki, həsir əsrlərboyu məişət əşyası kimi istifadə olunmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət daşıyıb. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Ətraf mühitin plastik tullantılarla çirklənməsinin ciddi problemlərdən biri kimi müzakirə olunduğu müasir dünyada həsirçiliyin sənət növü kimi unudulmasına nəinki imkan verməməliyik, hətta onun inkişafı üçün əlimizdən gələni etməliyik.xeber100.com  

Dekabr 25, 2019 9:53

İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin XI konfransı işə başlayıb

Dekabrın 17-də Tunisin paytaxtında ölkə Prezidenti Qeys Səidin himayəsi ilə İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin XI konfransı işə başlayıb.Azərtac xəbər verir ki, “İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfransda İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak edir.Tədbiri giriş sözü ilə açan Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin İSESKO ilə ölkəsinin əlaqələrindən, eləcə də “Tunis İslam Mədəniyyətinin paytaxtı” ili ərzində görülmüş işlərdən danışıb.Sonra İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edərək təşkilatın həyata keçirdiyi proqramlardan danışıb, “İslam Mədəniyyəti paytaxtı” proqramının uğurla davam etdiriləcəyini bildirib.Tədbirdə həmçinin əvvəlki konfranslarda qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunacaq, İslam Dünyasının İrs Komitəsinin hesabatının təqdimatı keçiriləcək, rəqəmsal mədəniyyət haqqında sənəd layihəsinə, mədəniyyət layihələrinin maliyyələşdirilməsi mənbələri haqqında təkliflərə baxılacaq. Eləcə də, İslam dünyasında mədəniyyətin inkişafı ilə bağlı Məşvərətçi Şuranın üzvlərinin seçilməsi, növbəti konfransın yeri barədə müzakirələrin aparılması planlaşdırılır. Konfransın sonunda Tunis Bəyannaməsinin qəbul edilməsi gözlənilir.xeber100.com

Dekabr 17, 2019 1:39

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Dekabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “YARAT” rezidentləri - Janna Qladko (Belarus), Gelare Xoşgözaran (İran/ABŞ), Ritz Monet (İtaliya), habelə Diana Hacıyeva və Şəlalə Salamzadənin (hər ikisi Azərbaycan) əsərlərindən ibarət “Emprik zaman” adlı qrup sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgi öz ilhamını ümumi mənada “Zəmanənin hökmü” adlı Azərbaycan nağılından götürüb. Bu nağıl, müdrik ilanın canavarlar, qılınclar və insanlıq kimi müxtəlif dövrlərlə bağlı “öncə görmələrindən” yararlanan kasıb bir kişinin hekayəsindən bəhs edir. Kişi zəmanəyə uyğun olaraq, gah fırıldaqçılıq, gah zorakılıq, gah da alicənablıqla məşğul olur. Bu isə belə bir sual doğurur: görəsən biz zaman (zəmanə) və onun tələblərini özümüz yaradırıq, yaxud, bizim davranışımız, yaşadığımız dövrün (zəmanənin) nəticəsidir? Rəssamlar, bizim bölgəmizin keçmişini, tarixini, mifologiyasını və keçmişin bu günə, yəni, "indiki zaman" adlandırdığımız dövrə təsirini izləməklə, rezidentura ərzində yaşadıqları şəxsi “empirik zamanı” araşdırırlar.Rəssamların əsərləri ambivalentlik (ikilik), dönüş, dəyişiklik və birgə mövcudluq anlarını araşdırmaqla yanaşı, insanın mənəvi və rəqəmsal xüsusiyyətlər vasitəsilə gələcəyi öncədən görməklə bağlı fundamental arzularına nəzər salır.xeber100.com

Dekabr 9, 2019 12:41