Tibb Universitetində tibbi müayinə aksiyası keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris terapevtik Klinikasında uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib.Universitetdən Azərtac-a bildiriblər ki, klinikanın, eləcə də “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən aksiyanın əsas məqsədi uşaqların erkən tibbi müayinələrə cəlb edilməsini təbliğ etmək və valideynləri maarifləndirməkdir.Aksiyada iştirak edən professor, pediatr-kardioloq İbrahim İsayev son illər Azərbaycanda səhiyyə sahəsindəki inkişafdan və tibbi sığortanın ölkəmizdə tətbiq olunmasının əhəmiyyətindən danışıb. Həkim uşaqlar arasında kardioloji problemlərin artdığını bildirib: “Uşaqlar arasında bu kimi problemlərin artması və valideynlərin uşaqları vaxtında müayinə etdirmələri istiqamətində maariflənməsi baxımından bu cür aksiyalar çox vacibdir. Bundan əlavə bu aksiyalar çox gözəl nəticələr verir. Bəzi hallarda hətta valideynlərin özlərinin bilmədiyi və şübhələnmədiyi problemlər də müayinə zamanı ortaya çıxır”.Yeni yaranmış “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin sədri, pediatr Sveta Rəfiyeva bildirib ki, bütün dünyada uşaqlar arasında ürək və qeyri infeksion xəstəliklər getdikcə artır: “Məqsədimiz valideynlərin vaxtında övladlarını həkimə gətirməkdən çəkinməməsini təmin etmək və onlar arasında maarifləndirmə işlərini genişləndirməkdir”.Pediatr-endokrinoloq Ləman Sultanova valideynlərə övladlarının düzgün qidalanması, fiziki aktivlik və gün rejiminin düzgün bölünməsi ilə bağlı məsləhətlər verdiyini qeyd edib. Həkim müraciət edənlərin əsasən boy qısalığı və artıq çəki kimi endokrin patologiyalardan şikayət etdiklərini bildirib.Aprelin 21 və 28-də növbəti aksiyanın keçirilməsi nəzərdə tutulur.xeber100.com

Aprel 16, 2018 3:09

“Mövsümi allergiyalar” mövzusunda tədbir keçirilib

Aprelin 13-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Mövsümi allergiyalar" mövzusunda tədbir keçirilib.Azərtac xəbər verir ki, klinikanın elm və tədris işləri üzrə direktor müavini, dosent Adil Nuriyev bildirib ki, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov yazda meydana çıxan allergik problemlər haqqında danışıb. Bildirilib ki, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir.Baş allerqoloq bu problemlərlə əlaqədar meydana çıxan bir sıra xəstəliklər barəsində də danışıb. Bildirilib ki, bu problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır ki, buna əhalinin təxminən 5-8 faizində rast gəlinir. Baş allerqoloq bu problemin əsasən irsi olduğunu və ya yüksək rütubətlik şəraitində yaşayanlarda daha çox meydana çıxdığını deyib. Bildirilib ki, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.Bildirilib ki, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında, yəni kiçik yaşlarda alınması mütləqdir.Allergiyanın əmələ gəlmə səbəbləri haqqında danışan A.Əyyubova burada irsiliyin də vacib rol oynadığını qeyd edib. Bildirilib ki, valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır: “Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur.xeber100.com

Aprel 13, 2018 1:35

İnsan üzərində aparılan tədqiqatların nəticəsinə əsasən…

20 yaşında baş vermiş kəllə-beyin zədəsi özünü 50-60 yaşlarında demensiyanın inkişafı riskinin artması ilə göstərir. Üç milyona yaxın insan üzərində aparılan tədqiqatların nəticəsi bunu sübut edir. Müəyyən olunub ki, baş beyin zədəsi alan kişilər qadınlara nisbətdə (30 faiz 19 faizə qarşı) demensiya ilə daha tez qarşılaşır.“Meddaily” saytı xəbər verir ki, kəllə-beyin zədələri gənclər arasında daha geniş yayılıb və zədə alan insanlarda demensiyaya tutulma riski digərlərinə nisbətdə 24 faiz daha çoxdur. Bir dəfə ağır zədə almaqla demensiya riski 35 faiz, orta zədə və ya adi silkələnmə nəticəsində isə 17 faiz artır. 2 və 3 dəfə baş beyin zədəsi almış insanlarda demensiya riski 33 faiz, 4 zədə alanlarda isə 61 faiz yüksəkdir. Əgər baş beynin 5 və daha çox sayda zədəsi qeydə alınıbsa, o zaman risk 183 faiz artır.Bununla yanaşı, zədədən sonra demensiyanın qaçılmaz olduğunu düşünmək lazım deyil. Əgər spirtli içki və tütünün istifadəsini azaltsanız, mütəmadi olaraq məşq və çəkinizə nəzarət etsəniz, hipertoniya, diabet, depressiya ilə mübarizə aparsanız, demensiyanın əmələ gəlmə riskini aşağı sala bilərsiniz. Yeri gəlmişkən, hazırda dünyada 47 milyon insanda demensiya müşahidə olunub və yaxın 20 il ərzində bu rəqəmin iki dəfə artacağı gözlənilir.xeber100.com

Aprel 13, 2018 1:32

Bu gün Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür

Qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərindən biridir və təəssüf ki, praktik olaraq heç kəs ondan sığortalanmayıb. Beynəlxalq miqyasda Qlaukomayla Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.Azərtac xəbər verir ki, qlaukoma gözdaxili təzyiqin artması ilə səciyyələnən xəstəlikdir. Əvvəlcə simptomsuz başlasa da, xəstəliyin vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur.Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin xəstəlik 40 yaşdan sonra daha çox yayılır. Statistikaya görə, dünyada 100 milyon qlaukoma xəstəsi var və onlardan hər beşindən biri göz nurunu tamamilə itirir.Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Ümumdünya Qlaukomayla Mübarizə Gününün qeyd olunması həm də xəstəliyinin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.Qlaukomanın vaxtında başlanılmış müalicəsi yalnız gözdaxili təzyiqi aşağı salan damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşını nəzərə alınaraq aparır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir. Hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.xeber100.com

Mart 6, 2018 2:14