Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir. Həmin günün əsas hədəfi ictimaiyyətin diqqətini bu problemə yönəldərək tütünün orqanizmə vurduğu zərər barəsində ictimaiyyəti maarifləndirməkdən ibarətdir.Azərtac xəbər verir ki, dünya ictimaiyyəti qarşısına XXI əsrdə tütünçəkməyə son qoyulmasına nail olmaq vəzifəsi qoyulmuşdu, lakin təəssüf ki, hələ də bu mümkün olmayıb. Tütünlə mübarizə davam edir. Dünya Tütünsüz Günün başlıca hədəflərindən biri indiki və gələcək nəsilləri nəinki fəlakətli nəticələrdən, həmçinin tütündən istifadə və tütün tüstüsünün təsiri ilə əlaqədar sosial, ekoloji və iqtisadi fəlakətlərdən qorumaqdır. Tütündən istifadə edilməsi ölüm hallarının artmasına və Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın yaşlı sakinləri arasında hər on nəfərdən birinin ölümünə səbəb olur. Yenə də həmin mənbənin məlumatına əsasən, tütün çəkilməsi 25-dən artıq xəstəliyi, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Hər il “tütün epidemiyası”ndan altı milyona yaxın, tütün tüstüsündən isə 600 min insan vəfat edir. Hesablamalara görə belə davam etsə, 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və ötən ilin axırlarında Milli Məclisdə tütündən istifadə edilməsini məhdudlaşdıran qanun qəbul olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərli təsirindən xəbərsizdir. Hazırda həmin asılılıqdan xilas olmağın müxtəlif üsullarla müalicəsi var və istənilən yaşda ondan imtina etmək mümkündür.xeber100.com

May 31, 2018 3:16

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Mayın 3-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə iki məsələ daxildir.İclasda əvvəlcə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verib. Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə görə, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar təhsil müəssisələrində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər.Sonra deputatlar “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıblar. Qeyd olunub ki, dəyişikliyə əsasən dərman vasitələrinin istifadəsinə dair təlimatlarda istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar, habelə dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və bu Qanunun müvafiq maddəsində nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə ölkədə tətbiqini qadağan etmək hüququna malikdir. Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilmiş miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər. Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir. Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

May 3, 2018 2:44

Tibb Universitetinin məlumatına görə…

Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında elmi-praktik konfrans keçirilib.Universitetdən Azərtac-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov bu, ali tibb müəssisəsində uzun illərdir ki, tələbə elmi cəmiyyətinin fəaliyyət göstərdiyini qeyd edib. O, son bir il ərzində kafedrada təxminən 50-dən çox tələbənin elmi işlər gördüyünü və nəticələrinin cəmiyyətə təqdim olunduğunu deyib. Tədqiqata cəlb edilən tələbələrin müxtəlif mükafatlar, sertifikatlar aldığını xatırladan kafedra müdiri bugünkü konfransda da maraqlı məruzələrin səslənəcəyinə əminliyini bildirib.Sonra tədqiqatçı tələbələrin “Tibb Universitetinin tələbələri arasında emosional-stress təzahürlərinin yayılması səviyyəsinin qiymətləndirilməsi”, “Ali təhsil müəssisə tələbələrinin kontraseptiv vasitələr barədə məlumatlılıq səviyyəsinin təhlili”, “+1 xromosoma”, “Uşaq travmatizmin bəzi sosial-gigiyenik aspektləri” mövzularında məruzələri dinlənilib.Konfransda iştirak edən professor-müəllim heyəti ayrı-ayrı müəssisələrdə, müxtəlif regionlarda aparılın araşdırmalar əsasında hazırlanan məruzələri qənaətbəxş qiymətləndirərək gənc tədqiqatçılara öz tövsiyələrini veriblər.xeber100.com

Aprel 25, 2018 1:50

IV Beynəlxalq Cərrahiyyə Konfransı öz işinə başlayıb

Aprelin 20-də Bakıda Azərbaycan-Türkiyə IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı öz işinə başlayıb. Tədbir Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilir. İki gün davam edəcək konfrans Türkiyə Bariatrik Cərrahlar Dərnəyi və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutub.Azərtac xəbər verir ki, tədbirdə dünyanın yeddi ölkəsindən olan 14 alimin məruzələri dinləniləcək.Konfransda çıxış edən klinikanın direktoru Surxay Hadıyev tədbirin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda cəmiyyətdə ən aktual problemlərdən biri də piylənmədir. Bu problemin ölkəmizdə yayılmasınının qarşısını almaq, o cümlədən sağlam qidalanma, piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir.Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov konfrans barəsində jurnalistlərə məlumat verib: “Konfrans artıq beşinci ildir ki, Azərbaycanda keçirilir. Birinci il milli konfransımız olub, bu isə keçirdiyimiz dördüncü bariatrik-metabolik konfrasdır. Tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir protokollarla həkim və tələbələrimizi tanış etməkdir".xeber100.com  

Aprel 20, 2018 9:46

IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək

Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək.Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq davamlı tibb təhsil üzrə 34 davamlı tibb təhsili balı ilə qiymətləndirilib.Onu da qeyd edək ki, konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr ediləcək.Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçiriləcək. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli təlim təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.xeber100.com

Aprel 18, 2018 1:44

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

Hər il aprelin 17-si Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü keçirilir. Həmin tarixin seçilməsi heç də təsadüfü deyil. Bu, Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır.Azərtac xəbər verir ki, həmin günün təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.anın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliya X xromosomunda cəmi bir genin konfiqurasiyasının dəyişməsi nəticəsində yaranır. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Bəzi məlumatlara görə, hazırda dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür.Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələri normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola və öz ölkəsinə xeyir verə bilərlər. Lakin xəstəlik əleyhinə preparatların yetərli qədər olmaması ilk növbədə hemofiliyadan əzab çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur.xeber100.com  

Aprel 17, 2018 1:08