“Valideynləri dinləyək, əməkdaşlığı gücləndirək” layihəsinə başlanılıb

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin (AVMA İB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən, qeyri-formal şəraitdə valideyn dinləmələri, məktəb iştirakçılarının təhsil müzakirələri və yay təlim-istirahətinin təşkilinə həsr olunan “Valideynləri dinləyək, əməkdaşlığı gücləndirək” layihəsinə başlanılıb. AVMA İB-dən Azərtac-a bildiriblər ki, layihənin məqsədi qeyri-formal şəraitdə valideynlərin pedaqoji maariflənməsinə, valideyn dinləmələri keçirməklə onların problemlərinin öyrənilməsinə şərait yaratmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün məktəb-valideyn əməkdaşlığının təkmilləşdirlməsi modellərini ortaya qoymaqdır. Layihə çərçivəsində may-iyun aylarında Şəmkir, İmişli, Astara və Bakıda valideyn, şagird və müəllimlərin iştirakı ilə valideyn dinləmələri və sorğular keçiriləcək, qeyri-formal şəraitdə təlimlər və istirahətlər təşkil ediləcək. Həmçinin Astarada təhsil mütəxəssisləri və məktəb kollektivinin iştirakı ilə təhsilin aktual problemlərinə dair əlaqələndirmə şurasının iclası keçiriləcək, iştirakçıların istirahəti və ekskursiyaları təşkil ediləcək. Ekskursiyalar zamanı layihə iştirakçılar mədəniyyət abidələri və qeyri-formal təhsil yaradıcı mərkəzlərlə tanış olacaqlar. Media və təhsil nümayəndələrinin iştirakı ilə layihənin yekununa dair mətbuat konfransının keçirilməsi də nəzərdə tutulur.xeber100.com  

May 16, 2016 2:24

“Ödənişli yay təcrübəsi” proqramı üzrə sənəd qəbulu başlayıb

SOCAR 2016-cı il üzrə “Ödənişli yay təcrübəsi” proqramına sənəd qəbulu elan edib. SOCAR neft ixtisasları üzrə təhsil alan tələbələrin yay tətillərinin səmərəli təşkilini, onların neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılmasını, habelə şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmalarını diqqət mərkəzində saxlayır və bu məqsədlə 2010-cu ildən etibarən hər il Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz mühəndisliyi, qazma, geofizika, geologiya, istehsalatın avtomatlaşdırılması, kompyuter, inşaat, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, proqramçı və digər ixtisaslar üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün “Ödənişli yay təcrübəsi” proqramını həyata keçirir. SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, proqramda bakalavr pilləsinin əyani şöbəsinin 3 və 4-cü, magistraturanın 1 və 2-ci kurslarında təhsil alan tələbələrin iştirak etməsi üçün imkanlar yaradılır. Proqramın şərtlərinə əsasən, avqust və sentyabr aylarını əhatə edən təcrübə müddətində tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlanılır və onlar minimal dərəcə ilə mütəxəssis vəzifəsinə işə qəbul olunurlar. Təcrübəçilərə işlədikləri müddətə və vəzifələrinə uyğun əməkhaqqı ödənilir. Proqrama müraciət etmək istəyənlər mayın 30-dək www.socar.az/tehsil veb-səhifəsindən “Ödənişli yay təcrübəsi” proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.xeber100.com

May 15, 2016 1:25

“Cavid gecəsi” mövzusunda açıq dərs keçirilib

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Cavid gecəsi” mövzusunda açıq dərs keçirilib.Liseyin rus dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səmayə Kərimova böyük şair, dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında önəmli yerindən və rolundan bəhs edib. BDU-nun jurnalistika fakültəsinin radio və televiziya kafedrasının dosenti, cavidşünas Sevil Həsənova Cavid ədəbi məktəbinin Azərbaycan publisistikasındakı əhəmiyyətli rolundan danışıb, ədibin şeirlərini səsləndirib. Sonra liseyin 11-ci sinif şagirdlərinin böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib, “İblis”, “Qız məktəbində”, “Hüseyn Cavid” simfoniyası, “Cavid ömrü” filminin treyleri” əsərlərindən ibarət videoçarx təqdim olunub. Sonda BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva çıxış edərək tədbirin təşkilini yüksək dəyərləndirib. O, bu cür tədbirlərin keçirilməsinin, rus bölmələrində Azərbaycan ədəbiyyatının tədris edilməsinin vacibliyini vurğulayıb.Tədbirdə BDU-nun təbiət elmləri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, rus dilçiliyi kafedrasının baş müəllimi Firavan Məmmədbəyli, Bakı Slavyan Universitetinin dosenti Sevinc Məmmədova, akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Boquş Darya iştirak ediblər.xeber100.com

May 12, 2016 2:18

“Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb

Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb. Mayın 5-də “Gülüstan” Sarayında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Azərtac xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir təhsil sahəsində həyata keçirilən proqram və layihələrdən, bu sahədə qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıb. Eyni zamanda, məlumat verilib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və digər çıxış edənlər müsabiqənin əhəmiyyətini diqqətə çatdırıblar. Sonra müsabiqənin nəticələri barədə məlumat verilib, qaliblərə diplom və mükafatlar təqdim olunub.xeber100.com  

May 5, 2016 2:17